Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 07:58

Həbsdəki jurnalistə bəraət verilməsi istənilir


Z.Əsədli

«Azadlıq» qəzetinin həbsdəki bölgə müxbiri Ziya Əsədlinin azadlığa buraxılması istənilir. Onun vəkilləri Ali Məhkəməyə müraciət ediblər.

Bu haqda AzadlıqRadiosuna jurnalistin vəkili Elçin Sadıqov bildirib.

Vəkilin deməsinə görə, kassasiya şikayətlərində jurnalist barəsində bəraət hökmünün çıxarılması istənilib.

«İndiyə qədər Ziya Əsədli barəsində çıxarılmış məhkəmə qərarları ilə razı deyilik. O, bütün ittihamların qurama olduğunu, şərləndiyini bildirib. Biz şikayətimizdə bu əsaslandırmalardan, aşağı məhkəmə qərarlarının qanunsuz və əsassız olmasından çıxış edərək ona bəraət verilməsini tələb etmişik», - vəkil deyib.

Z.Əsədli barəsində sonuncu məhkəmə qərarını bu il yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi çıxarıb. Orada rayon məhkəməsinin jurnalistin 3 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərarı qüvvədə saxlanıb.

«Azadlıq» qəzeti iki ildir çap edilmir. Qəzetin saytına da ötən ildən məhkəmə qərarı ilə ölkədən daxil olmaq yasaqlanıb. Buna səbəb kimi saytda dövlət əleyhinə bəzi yazıların dərc edilməsi göstərilib. Ancaq qəzet rəhbərliyi və vəkilləri bununla razılaşmır.

Xatırlatma

«Azadlıq» qəzetinin bölgə müxbiri Z.Əsədli ötən il sentyabrın 5-də Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə 3 il həbs edilib.

Bu həbs olayı ilə bağlı ilk dəfə Z.Əsədlinin həmyerlisi, ictimai fəal Yusif Mehdixanlı məlumat yayıb. Onun deməsinə görə, həbs jurnalistin Biləsuvardakı çayxanalardan birində üzləşdiyi insidentlə bağlı olub.

«Çayçı onun yanına gəlib deyib ki, çıx get burdan. O isə etiraz edib. Bildirib ki, bura çayxanadır, ictimai yerdir, çay içməyə gəlib. Telefonla danışırmış. Çayçı telefonu əlindən alıb yerə çırpıb. Ancaq çayçı məhkəmədə fərqli ifadə verdi. O dedi ki, Ziya Əsədli guya telefonu onun başına vurub», – o, demişdi.

Məhkəmədə jurnalistin yox, qarşı tərəfin dedikləri əsas götürülüb.

Z.Əsədli CM-sinin 221.3 (silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıq) maddəsi ilə ittiham olunub.

Bütün bu açıqlamalara Biləsuvar rayonunun hüquq-mühafizə orqanlarından və jurnalistdən şikayət edən şəxsdən münasibət almaq mümkün olmayıb.

Multimedia

XS
SM
MD
LG