Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:22

MKİ direktoru: Fevralda ABŞ hücumunda ‘bir-iki yüz’ rusiyalı öldürülüb


Dövlət katibi vəzifəsinə nominasiya edilmiş MKİ direktoru Mike Pompeo Senatda ifadə verib
Dövlət katibi vəzifəsinə nominasiya edilmiş MKİ direktoru Mike Pompeo Senatda ifadə verib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mike Pompeo deyib ki, ötən fevralın əvvəllərində şərqi Suriyada ABŞ artilleriyası və hava zərbələri nəticəsində “bir-iki yüz rus” öldürülüb. Bu hücum indiyədək müəmmalı olaraq qalır.

Buna baxmayaraq Pompeo-nun aprelin 12-də Senat komitəsi qarşısında verdiyi bu ifadə həmin insident barədə yüksək vəzifəli ABŞ rəsmisinin ilk etirafıdır.

Onun ABŞ-ın növbəti dövlət katibi vəzifəsinə nominasiyasını müzakirə edən dinləmədə Pompeo habelə deyib ki, o, Rusiyaya qarşı daha sərt mövqe tutacaq.

O deyib ki, prezident Donald Trump-ın administrasiyası Moskvaya münasibətdə sərt siyasətlər yürüdüb, beləki ABŞ Maliyyə Nazirliyi bu yaxınlarda Rusiyanın nüfuzlu biznes və siyasət fiqurlarına sanksiyalar qoyub, onlarca Rusiya diplomatı ölkədən qovulub.

Bununla yanaşı o deyib ki, Rusiya prezidenti “bu mesajları hələlik əsaslı şəkildə dərk etməyib və biz bu istiqamətdə hələ işləməliyik”.

Pompeo deyib: “Suriyada bir neçə həftə bundan əvvəl Rusiya öz payını alıb. Bir-iki yüz rus öldürülüb. Bu adminsitrasiyanın gördüyü tədbirlərin siyahısı uzundur və mən onları sadalamaqdan məmnun olardım, lakin bundan artıq vaxt almaq istəməzdim”.

Bundan əvvəl ABŞ-ın hərbi komandanları şərqi Suriyadakı Deyr əz-Zor qəzasında fevralın 7-dəbir dəstə döyüşçüyə və silahlara qarşı ağır yer və hava hücumu edildiyini bildirmişdilər.

Bu hücum ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) və ABŞ müşavirlərinin bazasına həmlədən dərhal sonra həyata keçirilmişdi.

Bundan əvvəl ABŞ rəsmiləri demişdilər ki, 100-dək hökumətyönlü Suriya döyüşçüsü məhv edilib və bu hücumda AC-130 və Apache döyüş helikopterlərindən, F-15 və F-22 qırıcılarından, habelə ABŞ Dəniz Piyadaları Korpusunun artilleriya birliklərindən istifadə olunub.

Bu hücumda heç bir Amerika hərbçisi xəsarət almayıb.

Hücumdam bir neçə gün sonra ABŞ rəsmiləri bildirmişdilər ki, bu həmlədən əvvəl, onun əsnasında və sonra rusiyalı həmkarlarla birbaşa kommunikasiya qurulmuşdu.

Daha sonralar ABŞ müdafiə naziri Jim Mattis bu hücumu “qəliz” adlandırmışdı.

Moskva bildirmişdi ki, Rusiyanın nizami əsgərləri bu döyüşdə iştirak etməyiblər.

Rusiya və Qərb mediası, o cümlədən AzadlıqRadiosu bu hücum zamanı həlak olmuş rusiyalıların qohumlarını və ölənlərin sayını aşkar etməyə çalışmışdılar.

***

Bu gün – aprelin 12-də Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Mike Pompeo-nun dövlət katibi postuna təsdiqlənməsiylə bağlı dinləmə keçiriləcəyi gözlənir. Onun nitqinin öncədən yayılmış hissələrinə əsasən söyləmək olar ki, Pompeo Rusiyaya qarşı sərt siyasət tutmaq niyyətindən söz açacaq.

Rusiya, təcavüzünə qarşı illərdir yürüdülən yumşaq siyasət nəticəsində aqressiv davranışı davam etdirir. Ancaq artıq bitdi”, – Pompeo deyir.

Yazılı ifadədə Pompeo-nun Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsinə toxunmayacağı görünür. Ancaq bu məsələni konqresmenlər qaldıra bilər. Onlardan bəziləri prezident Donald Trump-ı həmin məsələdə Rusiyaya sərt davranmamaqda suçlayır.

Trump martın 13-də Rex Tillerson-u dövlət katibliyindən uzaqlaşdırıb, keçmiş respublikaçı konqresmen Pompeo-nu bu postda görmək istədiyini açıqlayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG