Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:08

'E.Rüstəmovun vədləri bir qara quruşa da dəymir'-Media icmalı


Elman Rüstəmov
Elman Rüstəmov

Ölkədə pambıqçılığın inkişafı, iqtisadiyyatda neftə arxayınlıq, «sosial evlər»in qiymətlərindən narazılıq və başqa məsələlər medianın aparıcı mövzularıdır...

«Yaddan çıxmaz neft»

«Novoye Vremya» qəzetində «Elman Rüstəmov nefti unutmadı» sərlövhəli yazı oxumaq olar.

Müəllif hesab edir ki, son vaxtlar nisbətən sabitləşən neft qiymətləri ölkə iqtisadiyyatına yeni təhlükə yarada bilər: «Görünür, indiki neft qiymətləri ölkə iqtisadiyyatına cavabdeh olan bəzi məmurların çoxunda baş gicəllənməsi əmələ gətirib. Ən azı onlardan bəziləri bu əsasda planlar qurmağa başlayıblar. Belə informasiya yayıldı ki, büdcədə (hazırda neftin bareli 70 dollar civarında dəyişir. Büdcədə 45 dollar götürülüb) neftin qiymətinə yenidən baxıla bilər».

Yazıda bildirilir ki, Mərkəzi Bankın (MB) rəhbəri Elman Rüstəmov ölkənin valyuta ehtiyatlarının artmasını birbaşa «qara qızıl»ın qiymətinə bağlayıb.

Müəllifin iddialarına görə, bəzi beynəlxalq reytinq təşkilatları manatın məzənnəsinin süni saxladığını düşünərək bunu MB-a irad tuturlar. Yazıda vurğulanır ki, MB belə yanaşmanı inkar edərək, ölkədə «üzən məzənnə» rejiminə keçildiyini bildirir: «Amma MB rəhbərinin bu çıxışından sonra aydın olur ki, reytinq agentliklərinin ehtimalları gerçəklikdən uzaq deyil. Ölkə əhalisinin MB-a etimadsızlığını da nəzərə alsaq, belə nəticəyə gəlmək olur ki, E.Rüstəmovun vədləri bir qara quruşa da dəymir. Bu şəxs inadla və israrla deyir ki, manatın yenidən ucuzlaşa bilməsi üçün fundamental əsaslar yoxdur».

Müəllif isə hesab edir ki, neftin indiki qiymətlərinə əsaslanaraq gələcəyə plan qurmaq olmaz.

Yazıda iddia edilir ki, MB 2015-ci ildə baş verən devalvasiyalardan nəticə çıxarmayıb.

İndi maaşınızla neçə ilə ev ala bilərsiz?
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

Bunun harası sosial evdir?

Marja.az saytında «Bunun nəyi «sosial ev» oldu?!» sualı gündəmə daşınır.

Müəllif Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) yeni satışa çıxardığı sosial evləri müzakirə müstəvisinə gətirir.

Yazıda vurğulanır ki, Agentlik «Yasamal» Yaşayış Kompleksində mənzillərin ilkin güzəştli satışına mayın 7-dən start verəcəyini açıqlayıb.

Müəllifin fikrincə, amma cəmiyyətdə «sosial ev» adlandırılan mənzillərin güzəştli satış layihəsi vətəndaşların bir çoxunu məyus edib: «Satışa 260 mənzil çıxarılır, bütün mənzillər tam təmirli təklif olunur. 1-otaqlı mənzillər 31-33 kv.m, 2-otaqlı mənzillə 54-57 kv.m, 3-otaqlı mənzillər isə 69-70 kv.m təşkil edir. 1-otaqlı mənzillərin qiyməti 29 min 925 manatdan, 2-otaqlı mənzillərin qiyməti 47 min 282 manatdan, 3-otaqlı mənzillərin qiyməti isə 65 min 626 manatdan başlayır».

Müəllif vurğulayır ki, mənzillər 3-30 illik ipoteka ilə təklif olunur, ilkin ödəniş 10 faizdir. Mənzil 30 il müddətinə ipoteka ilə alındıqda 1-otaqlı mənzilə aylıq ödəniş 129-136 manat, 2-otaqlıya 203-236 manat, 3-otaqlıya isə 282-288 manat təşkil edir. Üstəlik, mənzili nağd alanlara 10 faiz endirim edilməlidir.

Qiyməti sahələr üzrə bölən müəllif yazıb ki, Agentlik təmirli mənzilin 1 kv.metrini təxminən 950 manatdan satır. Onun fikrincə, bu qiymət isə sosial mənzil prinsiplərinə uyğun deyil.

Yazıda bildirilir ki, indi metronun «Neftçilər» və «Qara Qarayev» stansiyalarının yaxınlığında 1 kv.m-i 1250-1350 manatdan təmirli mənzil almaq mümkündür.

Müəllif habelə vurğulayır ki, MİDA-nın tikdiyi kompleksə bir qədər yaxın Lökbatanda özəl tikinti şirkətlərindən biri təmirsiz mənzilin 1 kv.m-ni 600 manatdan təklif edir. Bunun üzərinə 250 manat təmir xərcini əlavə edəndə qiymət 850 manata çatır: «Bunun nəyi sosial mənzil oldu. 300-500 manat maaş alıb, bunun 200-300 manatını evə ödəsək, bəs ailə nə yeyib-içəcək?!».

Pambıq
Pambıq

Strateji sahə-pambıqçılıq

«Azərbaycan» qəzetində ««Ağ qızıl» ümidləri doğruldur» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, 2016-cı ildən ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı icra edilən islahatlar Azərbaycanı dünyada təkcə neftlə yox, həm də aqrar istehsal ilə tanıdır: «Azərbaycanda kənd təsərrüfatının ənənəvi və valyuta gətirəcək sahələrindən biri də pambıqçılıqdır. İndi «qara qızıl» adlandırdığımız neftimiz necə məşhurdursa, bir vaxtlar «ağ qızıl»ımız - pambığımız da o qədər şöhrət tapmışdı və böyük sahədə becərilirdi. Məsələn, ötən əsrin 70-ci illərində Azərbaycanda pambıq istehsalı ildə 1 milyonu ötmüş, 1981-ci ildə isə hətta 1 milyon 15 min tona çatmışdı».

Yazıda daha sonra pambığın əhəmiyyətindən bəhs edilir: «Pambıq dünyada strateji əhəmiyyətli məhsuldur, təkcə yüngül sənayedə tətbiq edilmir. Belə ki, lifdən həmçinin avtomobil təkəri, torlar, kəmərlər üçün kordlar və sair istehsalında istifadə edilir...».

Müəllif vurğulayır ki, pambıq becərilməsinə ayrılan diqqətin nəticəsi olaraq 2016-cı ildə 90 min tona yaxın pambıq yığılıb. 2017-ci ildə isə 2015-ci illə müqayisədə 7.5 dəfə, 2016-il illə müqayisədə isə 2.6 dəfə çox məhsul toplanıb: «Pambığa dünya bazarında həmişə tələbat olub və bu gün də böyük ehtiyac var. Pambıq məhsulunu xarici bazarlara çıxarmaq üçün isə heç bir problem yoxdur. Dövlət artıq bu məhsulun istehsalının artırılmasına dəstək verilməsini, hər mərhələdə torpaq sahiblərinə kömək göstərilməsini öz üzərinə götürüb. Real mənzərə də ondan ibarətdir ki, Azərbaycan növbəti illərdə pambıq istehsalına görə qarşıya qoyulan hədəfləri uğurla dəf edəcək».

XS
SM
MD
LG