Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:52

ABŞ-ın İran sazişini dəyişmək cəhdlərini pisləyirlər


Sergei Lavrov çinli həmkarıyla mətbuat konfransında, 5 aprel, 2018-ci il

Rusiya və Çinin xarici işlər nazirləri Birləşmiş Ştatların bir neçə beynəlxalq sazişi “dəyişdirməyə çalışmasını” pisləyiblər. Onların fikrincə, bu sənədlər İranın nüvə sazişi, qlobal istiləşmə paktı və ümumdünya ticarət qaydalarıdır.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov aprelin 5-də Moskvada çinli həmkarıyla danışıqlardan sonra danışıb. Deyib ki, ABŞ prezidenti Donald Trump bir çox ölkələrə dəxli olan məsələlərdə təkbaşına qərar verməyə çalışır.

O, Birləşmiş Ştatların İranla 2015-ci il nüvə sazişinə yenidən baxmaq çağırışını, 166 ölkənin imzaladığı qlobal istiləşmə sazişini dəyişdirmək tələblərini misal çəkib.

*** Buna da bax: Trump Çini yeni idxal rüsumuyla hədələyir

Bunun diplomatiyayla heç bir əlaqəsi yoxdur. Bu, başqalarının maraqlarını tamamilə gözardı edərək öz maraqlarını qüvvəyə mindirməkdir”, – Lavrov deyib.

Birtərəflillik həmişə pisdir, özəlliklə də əsas xarici siyasət alətinə çevrilirsə. Çinlə Rusiya həmişə bütün maraqlı tərəflərin maraqlarını nəzərə alaraq məntiqli kompromislərə hazır olduqlarını göstəriblər”, – Lavrov deyib.

“BİRGƏ ETİRAZ EDƏK”

Trump İran sazişiylə bağlı onu imzalamış Avropa ölkələrindən – Britaniya, Fransa və Almaniyadan tələb edib ki, sənəddəki “fəlakətli qüsurları” yoluna qoyacaq əlavə sənəd hazırlasınlar.

Trump özəlliklə, nüvə sazişinin İranın ballistik raket hazırlamaq fəaliyyətini məhdudlaşdırmasını istəyir. Daha bir tələb Tehranın uran zənginləşdirmə fəaliyyətinə qadağanın 10 ildən sonra aradan qalxmasını nəzərdə tutan maddənin ləğviylə bağlıdır.

ABŞ prezidenti deyib ki, tələbləri yerinə yetirilməsə, sazişdən çıxacaq.

*** Buna da bax: Trump Çin geyimləri, ayaqqabılarına da tarif qoya bilər

İran isə nüvə sazişində hər hansı dəyişikliyə qarşı çıxır.

Lavrov ABŞ administrasiyasını həm də Ümumdünya Ticarət Təşkilatının qaydalarını, eləcə də 2015-ci il Minsk razılaşmasını birtərəfli şəkildə dəyişməyə çalışmaqda suçlayıb. Minsk razılaşması Ukraynanın şərqində sülhün bərqərar olmasını nəzərdə tutur.

Çinin xarici işlər naziri Wang Yi aprelin 5-də Lavrov-un tənqidinə qoşulub, ancaq o, daha çox ABŞ-ın Çindən alüminium və polad idxalına yeni tariflər qoymaq planlarını tənqid edib. Həmin tariflər Rusiyaya da aiddir. Trump həmçinin 150 milyard dollarlıq Çin malına əlavə tarif qoymaqla hədələyib.

Beynəlxalq ictimaiyyət bu cür birtərəfliliyə və qaydaların pozulmasına birgə etiraz etməlidir”, – Wang deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG