Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 10:31

Jurnalistin müalicə müəssisəsinə köçürülməsi istənəcək


Əziz Orucov

«Kanal 13» internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun səhhətində problemlərin qaldığı bildirilir.

Bu haqda AzadlıqRadiosuna jurnalistin həyat yoldaşı Lamiyə Orucova məlumat verib. O, bu gün, aprelin 3-də 14 Sayılı Cəza Çəkmə Müəssisəsində Ə.Orucovla görüşüb.

«Ötən aydan Əzizin səhhətində yaranmış ciddi problemlər qalır. Ürəyində ağrıları var. Öskürək içində boğulur. Deyir ki, hərarəti də düşmür, sərbəst hərəkət etməyə çətinlik çəkir. Müalicə alır, ancaq yaxşılaşma müşahidə olunmur», - L.Orucova bildirib.

L.Orucova jurnalistin müalicə müəssisəsinə köçürülməsini vacib saydıqlarını deyib.

«Əziz Orucovun müalicə müəssisəsinə köçürülməsi üçün Penitensiar Xidmətin rəhbərliyinə müraciət edəcəyik», - o, bildirib.

L.Orucovanın bu dediklərinə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən münasibət almaq mümkün olmayıb. Ancaq ötən həftə, martın 30-da Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna demişdi ki, Ə.Orucov saxlandığı müəssisənin tibb-sanitariya hissəsindəki həkimə müraciət edib: «Ürəyindən narahat olduğunu deyib və kardioqrama çıxarılmasını istəyib. Ürəyinin kardioqraması çıxarılıb və heç bir problem aşkarlanmayıb».

Xatırlatma

Ə.Orucov 2017-ci il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi başlanıb. Ona CM-nin 192 (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb.

Ə.Orucov ittihamların saxta, özünün də təqsirsiz olduğunu deyir. Jurnalistin Almaniyada mühacir həyatı yaşayan qardaşı Anar Orucov deyir ki, onun tənqidçi fəaliyyətinə görə Ə.Orucovu cəzalandırıblar.

Ancaq rəsmilər ölkədə insanların qohumlarına və ya peşə fəaliyyətinə görə cəzalandırılmadığını, bütün fundamental azadlıqların qorunduğunu iddia edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG