Keçid linkləri

Təcili xəbərlər
2021, 12 Aprel, Bazar ertəsi, Bakı vaxtı 16:21

Venesuelada təcridxana yanğınında 68 nəfər həlak olub


Venesuela, arxiv fotosu

Martın 28-də Venesuelada polis təcridxanasında yanğın baş verib, 68 nəfər həlak olub. Məlumatı Venesuelanın baş prokuroru açıqlayıb. “The Associated Press” agentliyinin yazmasına görə, şəhər əhalisi yanğının kamerada saxlanan məhkumlar arasında iğtişaşdan sonra baş verdiyini xəbərləyir.

Baş prokuror Tarek William Saab rəsmi Twitter hesabında yazıb ki, ölənlərin, demək olar, hamısı məhbuslar olub. O, gecə polisdə qalan iki qadının da həlak olduğunu deyib, ancaq detalları açıqlamayıb.

POLİS KÜTLƏNİ DAĞIDIB

Valensiya şəhərində polis qərargahında nə baş verdiyini müəyyənləşdirməyə dörd müstəntiq təyin olunub. Bu şəhər paytaxt Karakasdan 160 kilometr qərbdədir.

*** Buna da bax: Yoxsul venesuelalılar bir qutu yeməyə Maduro-ya səs verə bilər

Bu, Venesuelada ən böyük həbsxana faciələrindən sayılır. İnsan haqları qrupları ölkə həbsxanalarında durumun pis olmasından şikayətlənirlər. 1994-cü ildə qərbi Zulia ştatında həbsxanada yanğında 100-dən çox məhbus həlak olmuşdu.

Valensiya rəsmiləri “ailələrə sayqı səbəbindən” hər hansı dəyərləndirmə vermədiklərini deyiblər.

Təcridxana qarşısına yığışmış qəzəbli qohumlar deyiblər ki, içəridə onlarla adam bərbad vəziyyətdə saxlanır, onlar yaxınları haqda məlumat tələb ediblər.

Ancaq buraya toplaşmış onlarla kişi və qadın polislə toqquşmalı olub. Polis kütləni dağıtmaqdan ötrü gözyaşardıcı qaza əl atıb.

Oğlumun öldü-qaldısından xəbərim yoxdur! Mənə heç nə demirlər”, – ağlayan Aida Parra oğlunu bir gün öncə ona yemək apararkən gördüyünü deyib.

QİYAM NECƏ BAŞLADI

“Azadlıq Pəncərəsi” (Window to Freedom) adlı qeyri-hökumət təşkilatı Venesuela həbsxanalarından durumu monitorinq edir. Təşkilat ilkin, amma təsdiqlənməmiş informasiyaya əsasən bildirir ki, içəridə qiyam bir silahlı məhkumun polisə atəş açmasıyla başlanıb. Bundan az sonra yanğın alovlanıb və kameralardakı döşəklərlə sürətlə yayılıb. Xilasedicilər içəridəki məhbuslarndan bəzilərini qurtarmaq üçün divarlardan birini deşməli olub.

Təşkilatın yaydığı fotolarda içəridən xərəkdə çıxarılan məhbuslar görünür.

Qurumun direktoru Carlos Nieto Palma deyib ki, təcridxanalardakı bərbad duruma görə rəsmilər cavab verməlidirlər. Saxlanma yerlərində məhkum sayının da normadan artıq olduğu bildirilir. Belə ki, məhkumlar məhkəmə qarşısına çıxarılanadək uzun müddətə burada saxlanır.

*** Buna da bax: Rusiya Venesuelanın 3 milyard dollarlıq borcu qaytarmasını asanlaşdırır

Müxalifətdən olan deputat Juan Miguel Matheus Karabobo ştatının hökumətyönlü liderini məhkum yaxınlarına informasiya verməyə çağırıb.

Qohumların ümidsizliyi ilə oynamaq olmaz”, – o deyib.

Agentlik Venesuelada məhkumlarla nəzarətçilər arasında toqquşmaların qeyri-adi olmadığını yazır. Məhbuslar korrupsioner nəzarətçilərin köməyilə silah, narkotik maddə əldə edirlər, həbsxana korpusları isə silahlı qruplaşmaların nəzarəti altındadır.

XS
SM
MD
LG