Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 16:05

'4-nəfərlik ailəyə Novruz süfrəsi hazırlamağa 200 manat lazımdır'-Media icmalı


Bakıda Novruz yarmarkası

«Cənub qaz dəhlizi» layihəsinin əhəmiyyəti, mebel idxalının artmasının səbəbləri, bayram bazarlığında qiymətlər, qida təhlükəsizliyi və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Bahalıq və saxtalıq...»

«Exo» qəzetində «Azərbaycanda Novruz bayramı, süni toyuq yumurtaları və düyü» sərlövhəli yazı oxumaq olar.

Müəllif qida təhlükəsizliyi məsələsini Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovla gündəmə daşıyır.

Yazıda bildirilir ki, son zamanlar Azərbaycanda bir videoçarx sosial şəbəkələrdə geniş yayılıb. Həmin videoçarxda vətəndaşlar düyüdən hansısa yemək hazırlamaq istəyir. Amma düyü qəfil əriyir. Videoda yaxud bişmiş yumurta anlaşılmaz plastik məmulata çevrilir.

Qəzetə danışan Azad İstehlakçılar Birliyinin sədri E.Hüseynov videoda olan bu halın Azərbaycanda real həyatda da baş verdiyini söyləyir: «Təəssüf ki, yerli bazarda saxta məhsullar çoxdur və onlar ölkənin aparıcı supermarketlərində satılır».

Onun fikrincə, saxta məhsullar aşkar olunduqda Qida Təhlükəsizliyi Agentliyi prosesə media mənsublarını da cəlb etməlidir.

E.Hüseynov Novruz bayramı ərəfəsində təşkil olunan yarmarkaların fəaliyyətini də dəyərləndirib. Onun fikrincə, yarmarkalarda da qiymətlər heç də ucuz deyil.

AİB sədri deyib ki, əslində, heç dövlət fermerə yetişdirdiyi kartofu hansı qiymətə satmasını diktə edə bilməz.

E.Hüseynova görə, əsas problemlərdən biri də yarmarkalarda satılan məhsulların keyfiyyətidir.

E.Hüseynov deyib ki, Azərbaycanda 4 nəfərdən ibarət ailənin ortabab Novruz süfrəsi hazırlaya bilməsindən ötrü azı 200 manat lazımdır.

Mebel dükanı
Mebel dükanı

Yerli mebel istehsalının problemləri

«Yeni Müsavat» qəzetində «Ölkəmizə mebel idxalı artıb: yerli istehsalın problemi nədir?» sərlövhəli yazı yer alır.

Yazıda bildirilir ki, mebel istehsalı dövlət başçısının prioritet elan etdiyi sahələrdən biridir: «Prezident İlham Əliyev hətta müşavirələrdən birində məmurları yerli mebellərdən istifadə etməyə çağırmışdı. Lakin qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi işlərin görüldüyü son iki il ərzində ölkəmizin mebel sahəsində idxaldan asılılığı nəinki azalıb, əksinə, artıb».

Yazıda rəsmi statistikaya istinadən vurğulanır ki, Azərbaycana mebel idxalı 16 faiz artıb: «Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 13.447 milyon ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib».

Müəllif bunun səbəblərini təhlil etməyə çalışıb. Satıcılar qəzetə deyiblər ki, idxalın rəsmən artması son vaxtlar gömrükdə şəffaflığın artması ilə bağlıdır. Üstəlik, mebellərin bir çox hissələri xaricdən gətirilir.

«Azərbaycanda mebel istehsal olunur, ancaq bir çox hissələri xaricdən gətirilir. Xarici materiallar keyfiyyət baxımından üstün olur, çünki onlarda texnika daha güclü inkişaf edib və mütəxəssisləri çoxdur. Mebellərin digər hissələri, güzgü, parçalar, bəzək elementləri isə birmənalı olaraq idxal olunur və ölkəmizdə bunların istehsalı yoxdur», - deyə satıcılar qəzetə deyiblər.

Satıcılar həmçinin vurğulayıblar ki, əslində alıcılar daha çox yerli mallara üstünlük verirlər. Onlarin fikrincə, çoxlarının maddi imkanları xarici mebel almağa imkan vermir.

Yazıda bildirilir ki, yerli mebellər xarici mebellərdən təqribən iki dəfə ucuz olur.

TANAP-TAP kəmərləri
TANAP-TAP kəmərləri

Makroiqtisadi sabitliyə xidmət edən layihə

«Azərbaycan» qəzetində «Azərbaycanın uzunmüddətli makroiqtisadi sabitliyi üçün böyük əhəmiyyət daşıyan qlobal layihə - «Cənub qaz dəhlizi»» sərlövhəli yazı dərc edilib.

Müəllifin yazmasına görə, «Fitch» beynəlxalq reytinq agentliyi bildirib ki, «Cənub qaz dəhlizi» çərçivəsində icra edilən layihələr Azərbaycanın uzunmüddətli makroiqtisadi sabitliyi baxımından strateji əhəmiyyət daşıyır: «2018-ci il «Cənub qaz dəhlizi» layihəsi üçün önəmli il olacaq. Belə ki, layihənin ehtiyat mənbəyi olan «Şahdəniz» yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasilata başlanacaq. Azərbaycan qazını Türkiyənin ərazisi boyu Avropayadək daşıyan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) istifadəyə veriləcək. Hazırda Azərbaycandan və Gürcüstandan keçərək qazı TANAP-a çatdıran CQBK-nın (Cənubi Qafqaz Boru Kəməri) genişləndirilməsi demək olar ki, sona çatıb. Dəhlizin sonuncu seqmenti olan TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) çəkilişi isə müvəffəqiyyətlə davam edir».

Yazıda vurğulanır ki, «Cənub qaz dəhlizi» Avropayadək uzanan 3500 kilometrlik bir boru xətti olacaq. Müəllifin fikrincə, üç mühüm kəmərin birləşməsindən gerçəkləşən bu layihə tək Azərbaycana yox, ərazisindən keçdiyi və qazla təchiz edəcəyi ölkələrdən ötrü də önəmlidir.

Yazıda bildirilir ki, layihənin dəyəri 40 milyard dollardır və buraya Azərbaycanın təbii qazının hasilatı, nəqli və ixracı daxildir: ««Cənub qaz dəhlizi»nin işə düşməsi regionun və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə olacaq. Enerji təhlükəsizliyi isə bir çox dövlətlərin milli təhlükəsizliyinin tərkib hissəsidir. «Cənub qaz dəhlizi» ilə yaxın gələcəkdə nəql olunacaq Azərbaycan qazı Avropa ölkələrinin enerji təhlükəsizliyini gücləndirəcək, ölkəmizə maddi gəlir və daha böyük nüfuz gətirəcək».

Günün bütün mövzuları

XS
SM
MD
LG