Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:38

İş adamları aksiyalarının dağılmasından danışdılar


Sumqayıtda aksiya keçirən sahibkarlar aclıq edən zaman. 16 mart 2018
Sumqayıtda aksiya keçirən sahibkarlar aclıq edən zaman. 16 mart 2018

Martın 17-də Binəqədi rayonunda polisə aparılan iş adamları qarşıdakı günlərdə müxtəlif formalarda aksiyalarına davam edəcəklərini bildiriblər.

Bu barədə AzadliqRadiosu-na aksiyaçılardan Rəşad Abbasov danışıb.

Rəşad Abbasov deyib ki, ola bilsin mənzildə, qapalı yerdə alınmasın, açıq havada olsa da, aclıq aksiyası keçirmək niyyətindədirlər. Onun deməsinə görə, bu barədə jurnalistləri məlumatlandıracaqlar.

Rəşad Abbasov deyib ki, martın 17-də aclıq aksiyası keçirdikləri zaman Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının zorakılıqları ilə üzləşiblər:

“Bizi bölməyə aparmadılar. Onsuz da biz aksiyanı hökumət orqanlarından gizlətməmişdik, Səhiyyə Nazirliyi və hüquq-mühafizə orqanları məlumatlandırılmışdı. Martın 17-də polislər çox sakit içəri daxil oldular, bizi idarəyə aparmaq istədilər, ancaq birdən onlara zəng gəldi, bundan sonra hər şey dəyişdi, çox kobud və zorakı davrandılar, bu cür gözləmirdik...”

Buna da bax: Aksiya keçirən sahibkarların polisə aparıldığı deyilir

Rəşad Abbasov vurğulayıb ki, Binəqədi rayonunda aksiya keçirdikləri mənzildən çıxarıldıqdan sonra polis rəisi onlarla yumşaq davranıb:

“Bizə dedi ki, sizi başa düşürəm. Sumqayıt şəhər İcra Hakimiyyəti ilə telefon əlaqəsi saxlayıb və bizim pulumuzun tam veriləcəyi vəd olunub”.

Ancaq bu deyilənləri, hələlik, Binəqədi Rayon Polis İdarəsindən və Sumqayıt şəhər İcra Hakimiyyətindən dəqiqləşdirmək mümkün olmayıb.

Sumqayıtda yeni dənizkənarı bulvarın tikintisində iştirak etdiklərini deyən bu sahibkarlar martın 15-dən Bakının Binəqədi rayonunda aclıq aksiyasına başladıqlarını açıqlamışdılar.

Onlar bulvar tikintisinə görə, pullarının bir hissəsini ala bilmədiklərini iddia edirlər.

Sahibkarlar martın 16-da Azadlıq Radiosuna demişdilər ki, onları abadlaşdırma işlərinə Sumqayıt Şəhər İcra Hakimiyyətinin (İH) seçdiyi podratçı şirkətin rəhbərliyi və İH-in memarlıq və tikinti şöbəsinin müdiri cəlb edib.

Buna da bax: İcra hakimiyyətinin qarşısındakı fəhlələr: 'Hamballıq eləmişik, pulunu verin'

Sumqayıt Şəhər İcra Hakimiyyətindən sahibkarların aksiya keçirməsinə də münasibət almaq, mümkün olmayıb.

Ancaq “Turan” agentliyinin xəbərinə görə, bir neçə həftə əvvəl İcra Hakimiyyətindən bildirmişdilər ki, sahibkarların şikayətindən xəbərdardırlar. Bununla belə icra hakimiyyətinin mətbuat xidmətindən vurğulamışdılar ki, nə şəhər hakimiyyətinin başçısı Zakir Fərəcov, nə də onların digər rəsmi nümayəndəsi borclara görə, maliyyə məsuliyyəti daşıyır.

«Sumqayıt Şəhər İcra Hakimiyyəti borclarını tələb edən şəxslər ilə müqavilə və ya digər saziş üzrə tərəf deyil. Həmin borclara məsul şəxs vəsaitləri mənimsədiyinə görə həbs edilib», - Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirmişdi.

Sumqayıt Dənizkənarı Bulvarının 2016-cı il sentyabrın 27-də açılışı olub. Açılış mərasimində prezident İlham Əliyev də iştirak edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG