Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:44

İşadamının oğluna 6 il həbs tələb olundu


Bakı Ağır Cinayətlər Məhkəməsi

«Xırdalan Xəz» ASC-nin rəhbəri Akif Rəhimovun oğlu Rəhim Rəhimova 6 il həbs cəzası istənildi. Martın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror çıxışında bunu təklif edib.

BDU-nun birinci kurs tələbəsi olan 18 yaşlı R.Rəhimov 43 yaşlı Könül Əkbərovanın ölümünə səbəb olmuş yol qəzası törədib, hadisə yerindən qaçmaqda suçlanır. Bu hadisəyə görə Rəhimdən öncə onların ailəsinin sürücüsü Əmrulla Şahbazov cinayət məsuliyyətinə cəlb olunmuşdu. Şahbazovun özü etiraf xarakterli ifadə vermişdi, Rəhim də qəzanı onun törətdiyini demişdi.

Hadisə «Bayraq Meydanı» yaxınlığında baş verib. K.Əkbərova yolu keçmək istəyəndə «Jeep Grand Cherokee» markalı, 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə vurulub.

Hadisədən sonra K.Əkbərovanın anası Bəsti Qədimova prezident də daxil, müxtəlif dövlət orqanlarına məktub yazıb iddia edirdi ki, sükan arxasında R.Rəhimov olub, atası A.Rəhimov imkan və əlaqələrindən istifadə edib sürücünün törətmədiyi əməli öz üzərinə götürməsinə nail olub.

Bu şikayətlərdən sonra R.Rəhimov həbs olundu.

«Narahat olma, min taksiyə, get, biz hər şeyi qaydasına qoyacağıq»

Amma məhkəmədə zərərçəkmiş qismində çıxışında B.Qədimova R.Rəhimovdan şikayətçi olmadığını söylədi: «Mənim bunun yaşında nəvəm var. Ona baxanda nəvəmi xatırlayıram. Qızım artıq geri qayıtmayacaq. İstəmərəm ki, onun həyatı qaralsın...».

R.Rəhimova CM-nin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma- ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham verilib.

Cinayət işinin materiallarında yazılıb ki, o, atasının maşınını sürücülük vəsiqəsi olmadan idarə edib.

R.Rəhimov qəzanı törətdiyini təsdiqləsə də, hadisə yerindən qaçması haqda ittihamla razılaşmır. Deyir ki, polislər də gəlib onu hadisə yerində görüblər, elə özləri ona çıxıb getməyi məsləhət görüblər: «Polislər dedilər ki, «səni tanıyırıq». Yəni, valideynlərimi nəzərdə tuturdu. Qolumdan tutub aşağı gətirdilər. Dedilər ki, «narahat olma, min taksiyə, get, biz hər şeyi qaydasına qoyacağıq». Mən sürücüyə zəng elədim».

Martın 16-da Rəhimovun vəkili çıxış edəcək, özü son sözünü deyəcək, ardınca da hökm oxunacaq.

R.Rəhimov atası A.Rəhimov həm də deputatlığa namizəd olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG