Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:05

Cahangir Hacıyevin bacısı yenidən prezidentə üz tutub


Əminə Hacıyeva

«15 il azadlıqdan məhrum edilən, hazırda 13 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanan qardaşımla ötən ilin sentyabrından görüşümə icazə verilmir. Bununla əlaqədar Ədliyyə Nazirliyinə yazdığım müraciətlərə cavab verilmir».

Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyevanın prezident İlham Əliyevə ünvanladığı müraciətdə belə yazılır.

Ə.Hacıyeva qardaşına görə artıq ikinci dəfədir ki, prezidentə müraciət edir. O, müraciətində yazır ki, «Haşimito sindromu»ndan (qalxanvari vəzi iltihabı) əziyyət çəkən qardaşının səhhəti pisləşib və müalicə imkanından məhrum edilib.

«Ona qarşı irəli sürülən ittihamlar məhkəmədə öz təsdiqini tapmadı. O, dövlətin heç bir vəsaitini mənimsəməyib. Buna baxmayaraq, mətbuatda sifarişli olaraq onun haqqında ittihamedici məqalələr dərc edilməkdədir. Uzun müddətdir onun vəkilləri ilə görüşünə maneələr yaradılır», - deyə Hacıyeva bildirir.

«Vərəsəlik sənədlərini rəsmiləşdirə bilmirəm»

Ə.Hacıyeva daha sonra yazır: «Mənim ölkədən çıxışıma məhdudiyyət qoyulub. Halbuki, mənim kreditim olmayıb və eləcədə heç bir şirkətin üzvü, təsisçisi olmamışam. Bununla əlaqədar olaraq prokurorluq və daxili işlər orqanlarına etdiyim müraciətlərə cavab belə verilmir. Hətta, mənimlə əlaqədar hər hansı notariat əməliyyatlarının aparılması, icra edilməsi mümkün deyil. İki ildir ki, anam vəfat edib, lakin vərəsəlik sənədlərini rəsmiləşdirə bilmirəm. Bununla bağlı Ədliyyə Nazirliyinə etdiyim müraciətlər də nəticəsiz qalıb».

Ə.Hacıyeva prezidentdən bu məsələlərlə bağlı onlara köməklik göstərməsini xahiş edib.

Ə.Hacıyevin bu müraciətinə hələlik nə Ədliyyə Nazirliyindən, nə də sözügedən başqa rəsmi qurumlardan münasibət almaq mümkün olub.

Xatırlatma

C.Hacıyev 2015-ci ilin dekabrında həbs olunub. Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunan keçmiş bankir 15 il azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi də hökmü qüvvədə saxlayıb.

C.Hacıyev özünü təqsirli bilmir və ittihamları qəbul etmir.

Ötən ilin sonlarından vəkilləri və yaxınları onun hüquqi, tibbi yardımdan məhrum olunduğunu bildirirlər. Onların bununla bağlı məhkəməyə şikayəti də olub. Ancaq həmin şikayət əsaslı hesab edilməyib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti C.Hacıyev ilə vəkillərinin görüşə bilməməsinə də münasibət bildirməyib. Ancaq bir qədər əvvəl Xidmətdən C.Hacıyevin müvəqqəti cərimə kamerasına salınması ilə bağlı açıqlama olmuşdu. Onda xidmət bildirmişdi ki, C.Hacıyev daxili əsasnaməni pozaraq başqa məhkumun telefonla danışmaq hüququndan yararlnmağa cəhd göstərdiyindən cəzalanıb. Müdafiə tərəfi isə iddia edirdi ki, bütün bunlar keçmiş bankirin mətbuata bəzi açıqlamasından sonra baş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG