Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:57

«Şərq»: «Mətyu Brayzanın regiona gəlməməsi səbəbsiz deyil»


«Bakı-Xəbər» qəzetindəki «Azərbaycan Gürcüstana təbii qaz verəcəkmi?» başlıqlı məqalədə son dövrlərin gündəmində olan əsas məsələlərdən biri - Rusiyanın xarici ölkələrə satdığı təbii qazdan effektiv siyasi təsir vasitəsi kimi istifadə cəhdlərinin Qərbdə ciddi narahatlıqla qarşılanması şərh olunub. Müəllif yazır ki, Moskvanın Avropada və postsovet məkanında enerji hegemonluğuna son qoymaq üçün Qərb diplomatları indidən ciddi tədbirlərin görülməsinin vacibliyini bildirirlər. ABŞ Dövlət katibinin yardımçısı Mətyu Brayza bununla əlaqədar bildirir ki, Avropa Birliyi üçün prioritet təşkil edən əsas məsələlərdən biri indi alternativ enerji mənbələrinin tapılmasıdır. Belə mənbələrdən birinə misal olaraq, amerikalı diplomat Xəzər hövzəsini göstərib. Ancaq o da faktdır ki, Xəzər hövzəsinə, xüsusən də Azərbaycana təsir imkanlarından maksimal dərəcədə istifadə etməyə çalışan Rusiya sözügedən regionun Avropa üçün alternativ enerji mənbəyinə çevrilməsinə icazə vermək niyyətində deyil. Bu vəziyyət Rusiya və Qərb arasında rəqabətin indi özünün keyfiyyətcə yeni mərhələsinə qədəm qoymasına şərait yaradıb. Məsələnin ciddiliyini yaxşı başa düşən Qərb ölkələri hadisələrin inkişaf istiqamətlərini, ilkin olaraq, noyabrın 28-də NATO-nun Brüsseldə keçiriləcək toplantısında müzakirəyə çıxarmağı düşünürlər.


«Yeni Azərbaycan» qəzeti yazır ki, əhalinin sovet dövründə banklarda «batmış» əmanətlərinin geri qaytarılması üçün mexanizmin hələ müəyyən olunmaması gələn il əmanətçilərin öz pullarını ala bilməyəcəyini deməyə əsas verir. Milli Məclisin İqtisadi Siyasət Daimi Komissiyasının üzvü Vahid Əhmədov əmanətlərin qaytarılması üçün ilkin mərhələdə başqa bir mexanizmin - qiymətli kağızların buraxılışını təklif etsə də, Maliyyə Nazirliyi bu ideyanı qəbul etməyib. Cənab Əhmədovun dediyinə görə, əmanətlərin qaytarılması üçün hazırda ən optimal variant qiymətli kağızların və səhmlərin buraxılışıdır. O, əmanətlərin qaytarılmasında mexanizmlərin hazır olmaması barədə «Kapitalbank»ın və Maliyyə Nazirliyinin arqumentlərinə münasibət bildirərək, komissiyanın öz işini sürətləndirməsini vacib sayır. «Kapitalbank»ın İdarə Heyətinin sədri Rauf Rzayev isə əmanətlərin qaytarılması üçün bir sıra çətinliklərin olduğunu və hazırda bu istiqamətdə təhlillərin davam etdiyini bəyan edib.


«Yeni Müsavat» qəzetindəki «Demokratik qüvvələrin birgə addımlar atması ciddi siyasi hadisədir» başlıqlı məqalədə bildirilir ki, azad sözə, müstəqil mətbuata qarşı hakimiyyətin təzyiqləri demokratik düşərgəni bir araya gətirdi. Uzun zamandan bəri aralarında olan soyuq münasibəti, qarşılıqlı ittihamları nəzərə almayan demokratik düşərgə liderləri Redaktorlar Birliyinin təşəbbüsüylə srağagün bir araya gələrək, mövcud durumu dəyərləndirdilər və yaxın perspektivdə mətbuata qarşı təzyiqlərlə bağlı birgə atacaqları addımları müəyyənləşdirdilər. Srağagün atılan addımlar, Koordinasiya Şurasının yaradılması prosesin iştirakçısı olan ölkə siyasiləri tərəfindən müsbət dəyərləndirilir. Müəlliflə söhbətində Müsavat başqanı İsa Qəmbər bildirib ki, Redaktorlar Birliyi indiki mərhələdə birgə mövqelərin bildirilməsi təşəbbüsüylə çıxış etməklə doğru mövqe sərgiləyib. KAXCP sədri Mirmahmud Mirəlioğlu da ölkədə baş verənlərə münasibətdə demokratik düşərgə rəhbərlərinin yaranmış vəziyyəti birgə müzakirə etmələrini normal hal sayır. O, hesab edir ki, srağagün baş verənlər müxalifətin yaxın perspektivdə birgə mübarizəsinin təşkil olunmasıyla bağlı aparılan danışıqların sürətlənməsinə təkan verir.


«Şərq» qəzetindəki «Mət­yu Bray­za­nın re­gio­na gəl­mə­mə­si sə­bəb­siz de­yil» başlıqlı məqalədə bildirilir ki, ame­ri­ka­lı həm­sədrin ATƏT-in Minsk Qru­pu həm­sədr­lə­ri­nin re­gi­on sə­fə­ri­nə qa­tıl­ma­ma­sı tə­əc­cüb­lə qar­şı­la­nıb. ABŞ-ın Azər­bay­can­da­kı sə­fir­li­yi­nin İc­ti­ma­iy­yət­lə Əla­qə­lər De­par­ta­men­ti­nin rəh­bə­ri Co­na­ton He­nik bu­nu dip­lo­ma­tın iş qra­fi­ki­nin gər­gin ol­ma­sı və çox va­cib bay­ram təd­bi­ri­nə qa­tıl­ma­sı ilə izah et­di. Mü­na­qi­şə­nin ni­zam­lan­ma­sı ət­ra­fın­da pro­ses­lə­rin ak­tual­laş­dı­ğı bir dö­nəm­də ame­ri­ka­lı həm­sədrin o qə­dər də cid­di gö­rün­mə­yən hər han­sı sə­bəb­dən re­gio­na gəl­mə­mə­si­ni inan­dı­rı­cı say­ma­yan eks­pert­lər isə baş­qa ver­si­ya üzə­rin­də dü­şü­nür­lər. Onların fik­rin­cə, ha­zır­da tə­rəf­lər ara­sın­da mü­za­ki­rə olu­nan son va­ri­ant rəs­mi Va­şinq­to­nun ma­raq­la­rı­na uy­ğun de­yil. Bu­na gö­rə də cənab Bray­za həm­sədr­lə­rin mis­si­ya­sı­na qo­şul­ma­maq­la bir növ bey­nəl­xalq ic­ti­ma­iy­yət qar­şı­sın­da rəs­mi Va­şinq­to­nun ha­zır­kı da­nı­şıq­lar­la ra­zı­laş­ma­dı­ğı­nı nü­ma­yiş et­di­rir.


XS
SM
MD
LG