Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 15:45

Mueller Trump-ın baş prokuroru işdən çıxarmaq cəhdlərini araşdırır


Donald Trump (soldan sağa), Jeff Sessions və FTB direktoru Christopher Wray

ABŞ-da xüsusi müşavir Robert Mueller prezident Donald Trump-ın baş prokuroru istefaya məcbur etmək cəhdlərini araşdırır. Bu haqda “The Washington Post” qəzeti yazıb. Söhbət baş prokuror Jeff Sessions-dan, prezidentin Rusiyanın seçki kampaniyasına müdaxiləsi üzrə istintaqı mümkün əngəlləmə cəhdlərindən gedir.

Qəzet fevralın 28-də axşam məsələylə tanış şəxslərə istinadla yazıb ki, Mueller Trump-ın iyulun sonu- avqustun əvvəlində söylədiklərinin şahidlərini sorğu-sual edib. O vaxtlar prezident Sessions-u aşağılayan tvitlər yazırdı.

PREZDENTİN NİYYƏTİ NƏ OLUB

“The Post” yazıb ki, yayda prezident Sessions-u işdən çıxarmağı, yaxud onu istefaya məcbur etməyi qapalı şəkildə müzakirə edibmiş. Hətta iddia olunur ki, Trump bir məqamda Ağ ev heyətinə Sessions-dan istefa məktubu almaq göstərişi verib. Ağ ev müşavirinin deməsinə görə, Trump baş prokurorun hələ də istefa verməməsindən “karıxıbmış”.

Robert Mueller
Robert Mueller

Qəzet yazıb, bütün bu məlumatlarla bir arada Mueller Trump-ın tvitlərinin məqsədini müəyyənləşdirməyə çalışır – yəni prezident doğrudan da baş prokuroru istefaya məcbur etməkdən ötrü onu ictimai şəkildə utandırmağa çalışıbmı, onun yerinə istintaqa nəzarət edəcək birini seçmək istəyibmi. Mueller 2016-cı ildə Rusiyayla Trump-ın seçki kampaniyasının mümkün əlaqələrini araşdırır.

“The New York Times” daha öncə xəbər vermişdi ki, Mueller 2017-ci ilin yazında Trump-ın Sessions-u işdən çıxarmaq cəhdlərini araşdırır.

Trump “Rusiya istintaqı”na müdaxilə cəhdlərini inkar edir, seçki kampaniyası zamanı Rusiyayla heç bir əməkdaşlığa gedilmədiyini bildirir. Rusiya da seçkiyə müdaxilə cəhdlərini danır.

Ağ ev, Ədliyyə Departamentindən qəzetin yazdıqlarına, hələlik, şərh verilməyib.

Trump-la Sessions-un münasibətləri bir ildir ziddiyyətlidir. Belə ki, bir il öncə baş prokuror özünü Rusiya istintaqından kənarlaşdırıb. Bundan sonra Mueller xüsusi müşavir təyin olunub və Trump-ın keçmiş seçki kampaniyasının bir sıra əməkdaşlarına ittihamlar irəli sürüb.

XS
SM
MD
LG