Keçid linkləri

Təcili xəbərlər
2021, 20 İyun, bazar, Bakı vaxtı 12:00

Elgiz Sadıqlının vəziyyətinin yaxşı olmadığı deyilir


Əlövsət Sadıqlının Almaniyada mühacirətdə olan oğlu Tural Sadıqlı

30 sutka inzibatı həbs alan Elgiz Sadıqlının atası Əlövsət Sadıqlı dünən fevralın 27-də oğlu ilə görüşüb.

Ə.Sadıqlı deyir ki, oğlu ilə Binəqədidəki müvəqqəti saxlama təcridxanasında görüşüb.

O vurğulayıb ki, E.Sadıqlı fevralın 23-də saxlanıb, 4 gün ərzində dəfələrlə cəhd etsə də, övladı ilə görüşə bilməyib:

«Gah dedilər ki, Sabunçu Rayon Polis İdarəsində saxlayırlar, gah dedilər ki, Binəqədiyə aparıblar. Bu iki idarənin hansına getdiksə dedilər ki, burada saxlanmır. Ancaq Sabunçu Rayon Məhkəməsi oğlum barədə polisə müqavimət və üstündən narkotik tapılması iddiası ilə 30 sutka inzibati həbs qərarı verib».

Ə.Sadıqlı bildirib ki, oğlu ilə görüşə bilməkdən ötrü Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət edib. Onun deməsinə görə, yalnız bundan sonra 4 gün Sabunçu Rayon Polis İdarəsində saxlanan oğlu Binəqədidəki təcridxanaya göndərilib.

«Vəziyyəti yaxşı deyil... Bu inzibati həbslə bağlı apellyasiya şikayəti vermişik. Fevralın 27-də apellyasiya şikayətinə baxılmalı idi, amma Sabunçu Rayon Məhkəməsi inzibati həbslə bağlı qərarı vermədiyi üçün proses fevralın 28-nə keçirildi. Görək baş tutacaqmı».

Ə.Sadıqlı oğluna verilən ittihamı qurama sayır. O vurğulayıb baş verənlərlə bağlı yaxın günlərdə daha detallı məlumatlar verəcək.

Ancaq Ə.Sadıqlının bu açıqlamasına hələlik nə Sabunçu Rayon Məhkəməsindən, nə də Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olub.

E.Sadıqlı 1978-ci ildə doğulub. Jurnalistika fakültəsini bitirsə də, başqa sahədə çalışıb. O, bundan öncə, 2015-ci ildə də saxlanmışdı. Haqqında Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi ilə narkotik vasitələrin saxlanması və dövriyyəsi) maddəsi ilə cinayət işi açılaraq barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilmişdi. Ancaq sonradan Apellyasiya Məhkəməsi E.Sadıqlı haqda 2 il şərti cəza qərarı çıxartmaqla onu məhkəmə zalından azad etmişdi.

Xatırlatma

Tək E.Sadıqlı yox, onun bir çox yaxınlarının da son günlər polisə aparıldığı bildirilir.

Bu il fevralın 20-də onun Ağdam rayonunda yaşayan əmisi Zahir Sadıqovun da polisə aparıldığı və daha sonra buraxıldığı deyilirdi.

E.Sadıqlının atasının özü də polisə aparıldığını bildirib. Ə.Sadıqlının deməsinə görə, onu fevralın 18-də Bakıda 12 saylı polis bölməsinə aparıb, fevralın 19-i saat 12 radələrində sərbəst buraxmışdılar. O, AzadlıqRadiosuna həmçinin demişdi ki, polis bölməsində aparılan söhbətlərdə Almaniyada mühacirətdə olan oğlu Tural Sadıqlının yazılarını, Avropada keçirilən aksiyalardakı fotolarını göstərərək bunu dövlətə qarşı çıxmaq kimi dəyərləndiriblər.

Ə.Sadıqlının polisə aparılması, orada sorğu sual edilərək buraxılması ilə bağlı ötən ilin yanvarında da məlumat yayılmışdı. Onda T.Sadıqlı açıqlamasında bunları bildirmişdi: «Yanvarın 18-də Berlində keçirdiyimiz aksiya Azərbaycan hakimiyyətinin qəzəbinə səbəb olub».

Bu açıqlamalara da onda rəsmi qurumlardan münasibət almaq mümkün olmamışdı. Amma Azərbaycanın hüquq-mühafizə orqanları qohumluq əlaqələrinə görə vətəndaşlara basqı edilməsi ilə bağlı iddiaları ümumilikdə təkzib edir. Azərbaycan rəsmiləri deyirlər ki, ölkədə bütün fundamental azadlıqlar qorunur.

XS
SM
MD
LG