Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyun, Bazar ertəsi, Bakı vaxtı 11:56

'İqtisadiyyatın dirçəlməsindən ötrü neçə il lazımdır'-Media icmalı


Biznes

Ölkə iqtisadiyyatının durumu, bölgələrdə yeni sənaye mərkəzlərinin yaradılması, bank investisiyalarının azalmasının ziyanları və başqa məsələlər medianın mövzularındandır...

Ekspert: «Ölkə iqtisadiyyatı hələ böhrandan çıxmayıb»

«Exo» qəzetində «Azərbaycanın mövcud iqtisadiyyatı: sabit, amma dayanıqsız» sərlövhəli yazı oxumaq olar.

Müəllif ölkə iqtisadiyyatının durumunu ekspertlərlə müzakirə edib.

«Azərbaycan iqtisadiyyatının bərpası və sabitləşməsi üçün azı beş il vaxt lazımdır. Çünki ölkə iqtisadiyyatı hələ böhrandan çıxmayıb. Makroiqtisadi göstəricilərin əksəriyyətinin aşağı olması bunun sübutudur. Ölkə əhalisinin həyat səviyyəsi 2015-ci ildən, yəni, böhran başlayandan bir neçə dəfə aşağı düşüb. Yerli istehsal əvvəlki kimi minimal həddədir», - deyə ekspertlər qəzetə bildiriblər.

Ekspertlərə görə, ölkə iqtisadiyyatının hazırda ən böyük problemi inflyasiyanın yüksək olmasıdır. Onların fikrincə, hələlik neftin əlverişli qiyməti kiçik addımlarla iqtisadiyyatı irəli aparır.

Mütəxəssislər vurğulayıblar ki, neftin qiyməti yenidən düşərsə, bunun mənfi nəticələri ola bilər.

Ekspertlərə görə, bəzi qonşularla müqayisədə Azərbaycan iqtisadiyyatı kifayət qədər açıq, rəqabətqabiliyyətli deyil, xammaldan daha çox asılıdır:

«Bir neçə ildən sonra böhrandan çıxa bilməyimiz indi hansı səviyyədə olmağımızdan asılıdır. Sual sadədir, amma dəqiq cavab yoxdur, çünki iqtisadiyyat faktiki olaraq tədqiq edilmir. Bütünlükdə isə Azərbaycan iqtisadiyyatının liberallaşması, rəqabətqabiliyyətli və yaxşı biznes mühitin yaradılması üçün müəyyən zaman tələb edilir. Amma beş il müddətinə real qısamüddətli nəticələr əldə etmək olar».

Bəzi mütəxəssislərin fikrincə isə, ölkə iqtisadiyyatındakı indiki durumu «sabit, amma dayanıqsız» adlandırmaq olar. Onlar da hesab edirlər ki, neftin qiyməti düşən kimi iqtisadi sabitlik aradan qalxa bilər.

Manat
Manat

Yatırımların azaldılmasının ziyanı

«Novoye Vremya» qəzetində «İnvestisiya-ciddi işdir» sərlövhəli yazı yer alır.

Müəllif ölkə iqtisadiyyatına investisiya yatırımlarını qiymətləndirib.

Yazıda bildirilir ki, neftin qiymətinin düşməsi ilə ölkədə infrastruktur layihələrinə sərmayə qoyulması da azalıb.

Müəllif vurğulayır ki, ölkəyə böyük neft pulları gələn zaman maliyyə vəsaitləri əhaliyə bir elə da aydın olmayan layihələrə qoyulub. Üstəlik, həmin vəsaitin bir hissəsinin korrupsiya sxemi daxilində «buxarlandığı» güman edilir.

Yazıda qeyd edilir ki, maliyyə böhranı bank sahəsindəki sərmayə qoyuluşu ilə bağlı problemləri də aşkara çıxarıb. Müəllifin fikrincə, bu isə təkcə paytaxtda yox, elə regionlarda da özünü göstərib:

«Keçən ay bankların bu sahədə payı 63.9 milyon manat təşkil edib. Bu, bütün mənbələrdən əsas kapitala yönəldilən vəsaitin 6.7 faizinə bərabərdir. İllik 23.7 faiz azalma var».

Müəllif hesab edir ki, son dönəmlərdə regionlarda əhalinin dolanışığı çətinləşib. Bu isə onun fikrincə, bölgələrdə investisiya qoyuluşunun azalmasından irəli gəlir.

Yazıda vurğulanır ki, aqrar sektor, fermerlər öz fəaliyyətlərini bank kreditləri olmadan gücləndirə bilmirlər. Müəllif hesab edir ki, kredit olmadığı halda bu təsərrüfatlar müflis hala düşəcəklər:

«İnvestisiya strukturunda bank kreditlərinin payının azalması çoxdan müşahidə edilir. Hələ bank böhranı başlanmazdan da öncə bu özünü göstərirdi. Bu, təkcə bankların iqtisadiyyata investisiya qoymaq istəməməsi ilə bağlı deyildi. Sadəcə olaraq, dövlət və ya özəl banklardan kredit almaq şərtləri əlçatmaz idi. Yüksək kredit faizləri bir çox sahibkarları ehtiyatlandırırdı».

Yazıda vurğulanır ki, buna da səbəb bankların az vaxta varlanmaq istəyi idi. Müəllifə görə, bu «acgözlükdən» isə ilk növbədə ölkə iqtisadiyyatı itirirdi.

Yazıda bildirilir ki, investisiya qoyuluşunun azalması hökumətin qeyri neft sektorunu inkişaf etdirmək məqsədi ilə üst-üstə düşmür.

İ.Əliyev «Mingəçevir Tekstil» MMC-nin müəssisəsinin açılışında
İ.Əliyev «Mingəçevir Tekstil» MMC-nin müəssisəsinin açılışında

«Mingəçevir ölkənin güclü sənaye mərkəzlərindən birinə çevrilməlidir»

President.az dövlət başçısının Mingəçevir şəhərinə səfərinə geniş yer ayırıb.

Sayt prezidentin bu şəhərin Sənaye Parkında «Mingəçevir Tekstil» MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin açılışındakı nitqini də yayıb.

Dövlət başçısı deyib ki, 2016-cı ilin sentyabrında bu ərazidə Mingəçevir Sənaye Parkının təməli qoyulub. O vaxt bu ərazidə heç nə olmayıb:

«Hazırda Mingəçevir Sənaye Parkının ilk iki fabriki açılır. Bu, dövlət-özəl sektor tərəfdaşlığının gözəl təzahürüdür. Çünki dövlət özəl sektorun inkişafı üçün əlindən gələni əsirgəmir, sahibkarlara güzəştli şərtlərlə kreditlər, metodik tövsiyələr verilir. İş yerlərinin yaradılması istiqamətində böyük işlər aparılır. Eyni zamanda, dövlət sənaye parklarının yaradılması ilə özəl sektora şərait yaradır. Əgər dövlət bu funksiyanı öz üzərinə götürməsəydi, əlbəttə özəl sektor, sahibkarlar üçün belə nəhəng fabrikləri yaratmaq o qədər də asan olmayacaqdı».

Prezident deyib ki, Mingəçevir ölkənin güclü sənaye mərkəzlərindən birinə çevrilməlidir:

«Ölkəmizdə bir neçə şəhərdə sənaye məhəllələri, zonaları vardır. Onların ən böyüyü Sumqayıt Kimya Sənaye Parkıdır. Oraya yatırılan investisiyaların həcmi 2.7 milyard dollardır. Neftçala, Hacıqabul, Sabirabad, Masallı və digər şəhərlərdə sənaye zonaları yaradılacaq və yaradılır, o cümlədən Mingəçevirdə».

Prezident vurğulayıb ki, Mingəçevirdə fəaliyyətə başlayan bu fabriklərdə 700-750 insan işlə təmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG