Rekord sayda rusiyalı öz həmvətənlərini silahlı qüvvələrin tərkibində görmək istəyir. Bunu Ümumrusiya İctimai Fikrin Öyrənilməsi Mərkəzinin (ВЦИОМ) bu günlərdə keçirdiyi sorğu üzə çıxarıb. Keçmiş SSRİ dövründə Silahlı Qüvvələr Günü kimi qeyd olunan bu tarix hazırda Rusiyada Vətənin Müdafiəçisi Günü kimi bayram edilir.
Sorğu 23 fevral bayramının rusiyalılar üçün də anlamının tədricən dəyişdiyini vurğulayır. Bu gün daha çox (39%) adam onu hərbçilər günü kimi görür, 34 faizsə kişilərin bayramı sayır. Amma 2005-2006-cı illərdə 46% və 42% 23 fevralı kişilərin, 32 və 31 faizsə hərbçilərin bayramı hesab edirdi.
*** Buna da bax: Suriyada ölən rus muzdluların yaxınları danışır. Maaş 3900 dollar...
ORDUYA İNAM ARTIR
Həmin gün Qızıl Ordunun yaranmasıyla bağlı dekret imzalandığını 12 il öncə də, indi də hər beş nəfərdən biri – 19% xatırlayır.
Rəyi soruşulan rusiyalıların 39%-dən ötrü ordu müdafiə funksiyasını yerinə yetirir və müəyyən dərəcədə cəmiyyət və iqtisadiyyata təsirini göstərir. 28% düşünür ki, ordu ölkənin bütün sferalarında vacib rol oynayır. Sorğuda iştirak edənlərin dörddə biri (24%) hesab edir ki, ordu – hər şeydən öncə dövlətin xarici təhdidlərdən qorunma alətidir, cəmiyyətə təsir göstərmir. Amma son 3 ildə bu cür düşünənlər azalıb, 2015-ci ildə 34% idi.
Rusiya Federasiyası Silahlı qüvvələrinə inam son 30 ildə yüksəlməkdədir: 1990-cı ildə 23 faiz buna inanırdısa, 2018-ci ildə bu göstərici maksimuma – 73 faizə çatıb.
Bu gün rusiyalıların 31%-i Rusiya ordusunu dünyanın ən yaxşısı, 52% ən yaxşılardan biri sayır. Orduda xidmət edənlər arasında bu göstəricilər uyğun olaraq 31 və 56%-dir.
YANAŞMA DƏYİŞİR
Rəyi soruşulanların 71 kişi cinsindən olan yaxın qohumunun silahlı qüvvələrin tərkibində görmək istərdi. Əks fikirdə olanlar 21%-dir.
*** Buna da bax: Poroşenko Rusiyanı ‘dünya hibrid müharibəsi’ aparmaqda ittiham edib
ВЦИОМ rəhbəri Konstantin Abramov-un fikrincə, 23 fevral tədricən rusiyalıların təsəvvüründə kişilər bayramından çox, öz mənasına yaxın anlam daşımağa başlayıb: “Son vaxtlar rusiyalıların yanaşmasında vətənə borcunu vermək, vətənə xidmət trendlərinin yarandığını görürük. Mürəkkəb geosiyasi mühitdə Vətənin müdafiəsi peşəsinin nüfuzu da artır”.
Rəy sorğusu 17-18 fevral tarixlərində keçirilib.
Vaxtilə SSRİ tərkibində olmuş Azərbaycanda da 23 fevral “Silahlı qüvvələr” – “Kişilər günü” kimi qeyd olunurdu. Müstəqillik əldə edəndən sonra Silahlı Qüvvələr günü iyunun 26-da bayram edilir. Azərbaycan Milli Ordusunun yaradılmasına 1918-ci il iyunun 26-da başlanıb.