Keçid linkləri

Təcili xəbərlər
2018, 23 May, çərşənbə, Bakı vaxtı 17:00

Ali Məhkəmə həbsdəki ilahiyyatçı Sərdar Babayevin kasasiya şikayətini rədd edib. Şikayətə bu gün, fevralın 13-də baxılıb.

Məhkəmə prosesi ilə bağlı ilahiyyatçının vəkili Cavad Cavadov məlumat verib. Vəkilin bildirdiyinə görə, məhkəmə iclasında vəsatət qaldırıb. Vəsatətdə ilahiyyatçının günahlandırıldığı 168.1 maddənin Konstitusiyanın 48-ci (Vicdan azadlığı) maddəsinə və Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu (Fikir, vicdan və din azadlığı) maddəsinə uyğunluğunun şərhini istəyib. Bundan ötrü isə Konstitusiya Məhkəməsinə sorğu verilməsini vəsatətində xahiş edib. Ancaq vəkilin deməsinə görə, məhkəmə vəsatəti təmin etməyib.

C.Cavadovun vurğulamasına görə, həm o, həm də S.Babayev kasasiya şikayətinin dəlillərinə toxunublar. Çıxışlar zamanı S.Babayevə bəraət və cinayət işinə xitam verilməsi istənilib.

«İttiham Konstitusiyaya uyğun deyil. Çünki S.Babayev Azərbaycanda da dini təhsil alıb», - vəkil qeyd edib.

Ancaq hakim Gülzar Rzayevanın sədrlik etdiyi məhkəmə kollegiyası şikayəti təmin etməyib.

Vəkil məhkəmədən sonra Ali Məhkəmənin qərarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəklərini bildirib.

Xatırlatma

S.Babayev 2017-ci il fevralın 22-də həbs edilib. Ona CM-nin 168-1.1.3 (İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan vətəndaşı tərəfindən aparılması -təkrar törədildikdə) maddəsi ilə ittiham verilib.

S.Babayev xaricdə dini təhsil alıb. Azərbaycan qanunvericiliyinə dəyişikliklərdən sonra xaricdə dini təhsil almış şəxsin kütləvi dini mərasimlər, ayinlər icra etməsi qadağan olunub.

Yerli rəsmilər iddia edirlər ki, S.Babayevə dəfələrlə Masallı rayonundakı məscidə gedib xütbə oxumaması haqqında xəbərdarlıq edilib. Ancaq o, bu xəbərdarlığı eşitməyib.

Müdafiə tərəfi isə bildirir ki, S.Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb: «Sərdar Babayev xaricdə ali məktəbi 2000-ci ildə bitirib, bu məhdudiyyət isə 2015-ci ildə tətbiq edilib. Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxslər də xaricidə dini təhsil alıb».

S.Babayev ötən il məhkəmənin qərarı ilə 3 il həbs cəzası alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG