Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:43

REAL liderinə yenə sənədlərin çatdırılmadığı deyilir


İlqar Məmmədov, REAL hərəkatının lideri

Bu gün, fevralın 12-də 2 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanan REAL Hərəkatinin lideri İlqar Məmmədova vəkilinin göndərdiyi sənədlərin çatdırılmadığı bildirilir.

Bu haqda onun vəkili Fuad Ağayev məlumat verib.

Vəkilin bildirdiyinə görə, İlqar Məmmədova poçt vasitəsilə göndərdiyi sənədləri qəbul etməyiblər. Ona bununla bağlı hər hansı izahat verilməyib.

F.Ağayev deyir ki, ötən həftə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbərliyinə müraciət göndərib. Ancaq müraciətinə də cavab yoxdur.

“Bəlkə də, reaksiya məktubun qaytarılmasıdır”, – vəkil qeyd edib.

Buna da bax: İlqar Məmmədovdan seçki ismarışı

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən və cəzaçəkmə müəssisəsinin rəhbərliyindən, hələlik, vəkilin söylədiklərinə münasibət almaq mümkün olmayıb.

İ.Məmmədova göndərilən sənədlərin ona verilməməsi ilə bağlı bu, vəkilinin ilk şikayəti deyil. Bir müddət əvvəl Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) və Avropa Şurası Nazirlər Komitəsinin (AŞNK) məktublarının da İ.Məmmədova çatdırılmasına imkan verilmədiyi açıqlanmışdı.

Sonradan məsələnin həll edildiyi bildirilirdi.

Xatırlatma

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) artıq onun iki şikayətini təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulduğunu təsdiq edib. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kasasiya şikayəti də təmin edilməyib.

Nəhayət, ötən il dekabrın 5-də Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) AİHM-in REAL Hərəkatının lideri İ.Məmmədovla bağlı qərarını icra etmədiyinə görə Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

Bunun ardınca AİHM-dən, AŞNK-ya Azərbaycan hökumətinə və həbsdə olan REAL Hərəkatının lideri İ.Məmmədova məktub göndərilib. Tərəflər martın 1-nə kimi məhkəməyə yekun rəylərini verəcəklər.

Multimedia

XS
SM
MD
LG