Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 14:49

Daşkəsəndəki kombinata xaricdən maraq var


Daşkəsən Filizsaflaşdırma Kombinatı

«Yerli şirkətlərlə yanaşı, ABŞ, Avropa, Birləşmiş Ərəb Əmirlikləri və Hindistandan olan potensial investorlar Daşkəsən Filizsaflaşdırma Kombinatına maraq göstərir. Həmin şirkətlərdən bəziləri ilə memorandumlar imzalanıb».

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) fevralın 8-də yaydığı məlumatda belə yazılır.

Komitə bildirir ki, müsabiqənin dövlətin strateji maraqlarına uyğun və daha səmərəli keçirilməsi məqsədilə KPMG şirkəti açıq tender əsasında məsləhətçi qismində cəlb edilib.

«Beynəlxalq səviyyəli ekspert, mühəndis və geoloqlardan ibarət nümayəndə heyətləri müəssisəyə səfər edərək çox sayda texniki, geoloji hesabatları yerində incələyib. Hazırda müəssisənin özəlləşdirilməsi istiqamətində həmin investorlar təhlillərini davam etdirirlər», - Komitə bildirir.

«Daşkəsən Filizsaflaşdırma» Açıq Səhmdar Cəmiyyəti (ASC) ötən il beş dəfə investisiya müsabiqəsinə çıxarılıb. Ancaq alıcı tapılmayıb.

ƏMDK bu il yanvarın 16-da «Daşkəsən Filizsaflaşdırma»nın 99.22 faiz səhmlərinin satışı üzrə yeni, altıncı investisiya tenderini elan edib.

İddiaçılara şərtlər dəyişməyib: istehsalın modernləşdirilməsinə qoyulan investisiyaların həcmi və yeni istehsal zəncirinin yaradılması xərcləri minimum 600 milyon ABŞ dolları təşkil etməlidir. Dövlət büdcəsinə ən azı 100 milyon manat köçürməlidir.

Müəssisənin öhdəlikləri 18.5 milyon manat səviyyəsində qiymətləndirilir.

Xatırlatma

Azərbaycan Dağ-Mədən Filizsaflaşdırma Kombinatının tikintisinə 1948-ci ildə başlanıb. 1954-cü ildən isə müəssissə fəaliyyət göstərməyə başlayıb.

Metallurgiya Dövlət Şirkəti ləğv olunduqdan sonra, 2001-ci ildə Azərbaycan Dağ-Mədən Filizsaflaşdırma Kombinatının bazasında «Daşkəsən Filizsaflaşdırma» ASC yaradılıb.

Azərbaycan prezidentinin 2016-cı il iyulun 13-də imzaladığı sərəncam ilə «Daşkəsən Filizsaflaşdırma» ASC özəlləşdirilmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG