Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 03:52

Bricit Brink İsa Qəmbərlə görüşüb


Bricit Brink

ABŞ Dövlət katibi müavininin müşaviri Bricet Brink bu gün, fevralın 7-si Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının prezidentliyə namizədi İsa Qəmbərlə görüşüb.

Bu haqda Müsavat Partiyasının mətbuat xidmətinin məlumatında bildirilir.

Görüşdə Azərbaycan-ABŞ əlaqələri, bir sıra regional proseslərin müzakirə edildiyi vurğulanır.

İ.Qəmbər Azərbaycanın qarşılaşdığı daxili və xarici problemlər haqda danışıb.

Partiyanın açıqlamasına görə, o, Qarabağın işğalı, demokratiya, siyasi, iqtisadi azadlıqların boğulması, siyasi məhbus məsələsi və həlli yolları barədə fikirlərini bildirib.

Açıqlamada qeyd edildiyinə görə, B.Brink öz növbəsində ABŞ-ın Azərbaycanla münasibətlərə hərtərəfli yanaşdığını, o cümlədən demokratiya və insan haqları məsələsinə ciddi önəm verdiyini söyləyib.

Görüş zamanı əsas müzakirə edilən mövzulardan birinin də Azərbaycanda 2018-ci il oktyabr ayında keçirilməsi nəzərdə tutulan prezident seçkisinin 6 ay irəli çəkilməsinin səbəbləri və mümkün nəticələrinin olduğu vurğulanır.

Görüşdə səfir Robert Sekuta da iştirak edib.

Xatırlatma

Azərbaycana səfər edən ABŞ Dövlət katibi müavininin müşaviri Bricet Brink fevralın 6-da prezident İlham Əliyevin qəbulunda olub. Həmin görüşdə enerji layihələri, Azərbaycan ilə ABŞ arasında iqtisadi əməkdaşlıq, ticarət dövriyyəsinin və ixrac imkanlarının genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsi, demokratik inkişaf, qanunun aliliyinin təmin edilməsi və insan haqlarının qorunması məsələləri ətrafında da müzakirələr aparıldığı bildirilir.

ABŞ rəsmisi xarici işlər naziri ilə də müzakirələr aparıb.

Fevralın 5-də dövlət başçısı İ.Əliyev növbədənkənar prezident seçkisinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama görə, Mərkəzi Seçki Komissiyası növbədənkənar prezident seçkisinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

Fevralın 6-da isə MSK növbədənkənar prezident seçkisinin aprelin 11-də keçirilməsi ilə bağlı qərar verib.

Azərbaycanda bu sərəncama qədər prezident seçkisinin, qanunvericiliyə uyğun olaraq, bu ilin oktyabrında keçirilməsi nəzərdə tutulurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG