Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:12

'Ölkənin sabahı oğurlanır'-Media icmalı


Dilənçi-bank. Karikatura
Dilənçi-bank. Karikatura

2018-ci ilin «Azərbaycan Xalq Cümhuriyyəti İli» elan edilməsi, sığorta bazarındakı durum və ölkədən «beyin axını» bugünkü medianın aparıcı mövzularındandır...

«Əgər banklar böhrandan tez çıxmasa...»

«Exo» qəzetində «Əgər banklar batsalar, sığorta şirkətlərini də batıracaqlar» sərlövhəli yazı oxumaq olar.

Yazıda ekspert Adil Aslanov ölkənin sığorta bazarındakı durumu qəzetə belə anladıb:

«Azərbaycan bank sektorunun dərin böhran içində olması heç kəsə sirr deyil. Bankların problemləri sığorta şirkətlərinin fəaliyyətində özünü birbaşa əks etdirir. Əgər banklar tez bir zamanda böhrandan çıxmasalar, xüsusilə, kreditləşməni bərpa etməsələr, bu, sığorta bazarına çox pis təsir edərək. Bu, sığorta şirkətlərinin ləğvinə gətirib çıxaracaq».

Ekspert deyib ki, 2011-ci ilə kimi Azərbaycan bankları sığorta şirkətlərini kreditləşmə yolu ilə 70 faiz həcmində maliyyələşdirib. Amma 2011-ci ildən sığorta bazarının kreditləşdirilməsi 2 dəfəyə qədər azalıb.

A.Aslanov vurğulayıb ki, 2015-ci ildə manatın devalvasiyalarından sonra kreditləşmə məsələsi daha da sərtləşib. Onun fikrincə, indi vəziyyət daha mürəkkəbdir:

«Sığorta şirkətləri banklarsız bütün güclə işləyə bilmirlər. Öz növbəsində kredit təşkilatları da məlum səbəblərə görə sığortaçılarla əməkdaşlıq etmək istəmirlər. Banklara aşağı məbləğli, amma yüksək faizli istehlak kreditləri vermək aşağı faizlərlə uzunmüddətli kredit verməkdən daha sərfəli görünür».

Bununla belə, müəllif xatırladıb ki, 2017-ci ildə Azərbaycanda sığorta qurumlarının məcmu gəliri 556 milyon 866 manat olub. Bu da 2016-cı il ilə müqayisədə 14.5 faiz çoxdur.

Beyin axını. Karikatura
Beyin axını. Karikatura

Ölkədən «beyin axını»...

Azadliq.info saytında «Canlı sərvətin talan edilməsi» sərlövhəli yazı diqqət çəkir.

Yazıda bildirilir ki, indi ölkəyə və xalqa təkcə maddi zərbə vurulmur. Müəllifin fikrincə, mənəvi zərbələr də öz işini görməkdədir:

«Təbii ki, ən böyük mənəvi zərbə dəyərlərin aşağılanması, dəyərsizliyin yuxarı başa keçməsidir. Ləyaqətlə əldə edilə bilməyənin yaltaqlıqla əldə edilməsidir. Yaxud, xeyir işlə həll olunmayan problemi kimisə şərləməklə həll etməkdir. Yəni, bütün fəaliyyət insanların qürur hissini öldürməyə, təfəkkürü xəstələndirməyə yönəlib».

Müəllif hesab edir ki, bu sırada ən böyük problem ölkədən «beyin axını»dır.

Yazıda bəzi ekspertlərin araşdırmalarına istinadən iddia olunur ki, son 10 ildə ölkəni 120 min alitəhsilli insan tərk edib:

«Bəlkə də, ilk baxışda bu xəbər o qədər də faciəli görünmür. Amma dərindən təhlil etdikdə görürük ki, ölkədən 150 milyard dolların oğurlanmasından daha çox 120 min alitəhsilli insanın qaçması dəhşətlidir. Çünki bu adamlar ölkənin gələcəyidir, bu insanlar ixtisaslı kadrlardır».

Müəllif hesab edir ki, hansı səbəbdənsə ölkədən gedən bu insanlar öz potensiallarını yad ölkələrdə xərcləyəcəklər. Yazıda bildirilir ki, 25-34 yaş arasında olanlar arasında ölkəni tərk edənlər daha çoxdur.

Müəllif bütün bunları ciddi və təhlükəli itkilər sayır:

«Faktiki ölkənin sabahı oğurlanır. Bu isə o deməkdir ki, ölkənin təhlükəsizliyi şübhə altındadır. Ən dəhşətlisi budur ki, proses davam edir. Birmənalı şəkildə demək olar ki, insanların ölkədən qaçmasının səbəbi mövcud idarəçilikdir».

Yazıda vurğulanır ki, əməkhaqqının aşağı olması, işsizlik, əməyə qiymət verilməməsi, bütün sahələrdə eyni adamların hökmran olması, elmsiz adamların alim , qaranlıq adamların isə ziyalı kimi təqdim olunması bu vəziyyəti doğuran əsas səbəblər sırasındadır.

Azərbaycan parlamenti. 1918
Azərbaycan parlamenti. 1918

Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti

AZƏRTAC agentliyində «2018-ci ilin «Azərbaycan Xalq Cümhuriyyəti İli» elan edilməsi ölkə tarixçiləri tərəfindən məmnuniyyətlə qarşılanıb» sərlövhəli yazı dərc olunub.

Yazıda bildirilir ki, Azərbaycan prezidenti İlham Əliyevin 2018-ci ilin «Azərbaycan Xalq Cümhuriyyəti İli» elan edilməsi ilə bağlı sərəncamını ölkə tarixçiləri, xüsusən cümhuriyyət tarixi ilə məşğul olan alimlər böyük məmnuniyyətlə qarşılayıblar.

Agentlik Tarix İnstitutunun Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılovun fikirlərinə yer verib.

K.İsmayılov vurğulayıb ki, sənəddə cümhuriyyətin yaradılması XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi səciyyələndirilib. O deyib:

«Hesab edirəm ki, sənəd həm cümhuriyyət tarixinin araşdırılması, həm də onun dəyərlərinin təbliği baxımından tarixçilərin qarşısında çox ciddi vəzifələr qoyur».

K.İsmayılov bildirib ki, AXC az yaşasa da, xalqın azadlıq və müstəqillik fikirlərini daha da gücləndirmiş oldu:

«Cümhuriyyətin qısa mövcudluğu müddətində həyata keçirilmiş tədbirlər müstəqil dövlətçiliyin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Azadlıqların bərqərar olması, bütün vətəndaşlara bərabər hüquqların tanınması, qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, milli silahlı qüvvələrin, təhlükəsizlik orqanlarının yaradılması AXC hökumətinin həyata keçirdiyi strateji kursun miqyası və mahiyyəti haqqında aydın təsəvvür yaradır».

XS
SM
MD
LG