Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 16:25

'5 bankın kapitalı 50 milyon manatdan aşağıdır'-Media icmalı


Işsizlərə nə qədər müavinət verilsin? [Bakıda sorğu]
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

Işsizlərə nə qədər müavinət verilsin? [Bakıda sorğu]

Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyalar, 2018-ci ildə bank sektorunda gözləntilər və statistikadan kənar bağlanan iş yerləri medianın aparıcı mövzularındandır...

Bağlanan iş yerləri

Azadliq.info saytında «417 min saxta iş yeri» sərlövhəli yazı oxumaq olar.

Yazıda iqtisadçı-ekspert Nemət Əliyevin düşüncələrinə yer verilib. O bildirib ki, ölkədə işsizliyə dair açıqlanan rəsmi rəqəmlər gerçəkliklə üst-üstə düşmür:

«İşsizlərin sayı 11 ayda 53.7 min nəfər artıb… Hökumət isə hələ də «5 faiz – 250 min işsiz» deyir və öz iddiasından bir addım da geri durmur…».

Yazıda vurğulanır ki, rəsmi məlumatlara görə, ölkədə iqtisadi fəal əhalinin sayı 2017-ci il yanvarın 1-də 5 milyon 12.700 min nəfər, 2017-ci il dekabrın 1-də isə 5 milyon 73.2 min nəfər olub. Bu rəqəmlərin müqayisəsinə görə ötən 11 ayda əməkqabiliyyətli insanların sırasına daha 60.5 min nəfər qoşulub.

Ekspert vurğulayır ki, 2017-ci ilin yanvarında muzdla çalışanların sayı 1 milyon 514.4 min nəfər olubsa, 2017-ci ilin dekabrında bu rəqəm 1 milyon 521.2 min nəfər təşkil edib. Bu da 6.8 min nəfər artım deməkdir:

«Doğrusu, investisiya və kredit qoyuluşlarının azaldığı bir şəraitdə daimi iş yerlərinin sayının artması şübhəlidir».

İqtisadçıya görə, hətta şübhə bir kənara qoyulsa belə, rəqəmlərin müqayisəsi işsizlərin sayının artmasından xəbər verir.O vurğulayıb ki, ötən ilin 11 ayında iqtisadi fəal əhalinin sıralarına 60.5 min nəfər qoşulub, daimi işləyənlərin sayı isə vur-tut 6.8 min nəfər artıb:

«Buradan da o nəticə çıxır ki, qalan 53.7 min nəfər işsizlər ordusunun sıralarına qoşulub».

İqtisadçının bildirməsinə görə, rəsmi məlumatlarda iddia olunur ki, son 3 ildə ölkədə üst-üstə 422 min 972 daimi iş yeri yaradılıb. Amma onun vurğulamasına görə, bu dövrdə daimi işləyənlərin sayı vur-tut 5 min 100 nəfər artıb. Bu rəqəmləri xatırladan iqtisadçı iddia edir ki, qeyd olunan dövrdə 417 min 872 daimi iş yeri bağlanıb.

Adamlar kredit borcunu niyə ödəmirlər? (Sorğu)
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

«Problemli kreditlər məsələsinin həllində əhaliyə dəstək verilsəydi...»

«Yeni Müsavat» qəzetində «Bankların bağlanması çıxış yolu deyil» sərlövhəli yazı yer alıb.

Müəllif 2018-ci ildə ölkədə bank sisteminin durumunu ekspert və deputatla müzakirə edib.

Yazıda bildirilir ki, 2016-cı ildən bu yana ölkədə 13 bank bağlanıb.

İqtisadçı Qubad İbadoğlu deyib ki, 13 bankın bağlanması bu sektora inamı sarsıdıb:

«Bankların şəffaflıq problemi var. Xüsusilə bank məlumatlarına çıxış imkanları məhduddur. Bankların əsas problemlərindən biri də problemli kreditlərin artmasıdır. Son bir ildə problemli kreditlər təxminən 500 milyon manat artaraq 2 milyard manata çatmaq üzrədir. Problemli kreditlərin ümumi kredit portfelindəki payı 15 faizi keçib».

Ekspert deyib ki, kredit qoyuluşlarının azalması da ciddi problemlərdəndir:

«Kredit qoyuluşları azalırsa, bu, bankların gəlirlərinin, xalis mənfəətinin azalması deməkdir».

Q.İbadoğlu vurğulayıb ki, 5-ə yaxın bankın kapitalı 50 milyon manatdan aşağıdır. Bu da onun fikrincə, həmin bankların bağlanacağı təhlükəsindən xəbər verir.

Deputat Vahid Əhmədov da hesab edir ki, bankların bağlanması yanlış siyasətdir, ən yaxşı yol onların birləşməsidir. Bununla belə, V.Əhmədov bu il bir-iki bankın da bağlanacağını istisna etmir. Deputat deyib ki, problemli kreditlər məsələsinin həllində əhaliyə dəstək verilməməsi indi bankları çətin duruma salıb.

SOCAR
SOCAR

Sərmayə yatırımçısı

«Azərbaycan» qəzetində isə «İndi Azərbaycan dünyada həm də investor ölkə kimi tanınır» sərlövhəli yazı dərc edilib.

Müəllif yazır ki, 1994-cü ildə bağlanmış neft müqavilələri ilə Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya kursu götürüb:

«Bundan irəli gələrək Azərbaycan dünyada alternativ karbohidrogen mənbəyi, etibarlı tərəfdaş, qlobal enerji təhlükəsizliyi sistemində əvəzolunmaz yeri olan ölkə kimi tanınır».

Yazıda dövlət başçısı İlham Əliyevdən belə bir sitat da gətirilir:

«Bu regional və daha sonra beynəlxalq əməkdaşlığın yaranmasında iki mühüm mərhələ oldu. Biz ilk olaraq Gürcüstanın Qara dəniz sahillərinədək uzanan Bakı-Supsa neft kəmərini inşa etdik. Daha sonra Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas neft kəməri və nəhayət, Bakı-Tbilisi-Ərzurum qaz kəməri inşa edildi».

Yazıda bildirilir ki, cəmi 20-23 il öncə iqtisadiyyatı inkişaf etdirməkdən ötrü investisiya cəlb etmək istəyən Azərbaycan indi özü xarici ölkələrə investisiya yatırır. Müəllif fikirlərinin təsdiqi kimi SOCAR-ın Türkiyədəki yatırımlarını göstərir:

«Azərbaycan iqtisadiyyatının investisiya proqramlarının həyata keçirilməsi və xarici ölkələrlə məhsuldar iqtisadi əlaqələrin qurulmasında neft-qaz sektoru mühüm rol oynayır. Dövlət Neft Şirkətinin son illərdə dünya enerji bazarına inamla daxil olması bunun təsdiqidir».

Günün bütün mövzuları

XS
SM
MD
LG