Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:41

Trump-ın keçmiş strateqi konqresmenlərə danışmaqdan imtina edir


Steve Bannon, arxiv fotosu
Steve Bannon, arxiv fotosu

ABŞ prezidenti Donald Trump-ın keçmiş baş strateqi Steve Bannon rəsmi çağırışa əməl etməyib, Konqres komitəsində Rusiyanın ötən il ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsiylə bağlı sualları cavablandırmayıb.

Bundan öncə, yanvarın 16-da Bannon ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsində saatlarla çəkən qapalı görüşdə sualları cavablandırmaqdan imtina edib. Konqresmenlərin deməsinə görə, bundan sonra komitə sədri Devin Nunes Bannon-u cavab verməyə məcbur etməkdən ötrü rəsmi çağırış çıxarıb.

VƏKİLİ AĞ EVLƏ MƏSLƏHƏTLƏŞİB

Ancaq bundan sonra belə Bannon suallara cavab verməyib. Belə ki, vəkili Ağ evlə məsləhətləşib və ona Trump-ın 2016-cı ilin noyabrında prezident seçiləndən 2017-ci ilin yanvarında prezident postuna keçənədək olan keçid müddəti, eləcə də özünün Ağ evdə keçirdiyi dövrlə bağlı sualları cavablandırmaqdan imtina etmək tapşırılıb. Bunu Nümayəndələr Palatasının üzvü, komitənin aparıcı demokratı Adam Schiff deyib.

*** Buna da bax: Trump-ın keçmiş baş strateqi ‘Rusiya məsələsinə’ görə dindirilir

Bu, Ağ evdən informasiyanın verilməməsinə dair göstəriş idi”, – Schiff deyib. Bannon-un sözçüsü də şərhlərə cavab verməyib.

“The New York Times” qəzetinin yanvarın 16-da yazdığına görə, Bannon böyük jüri qarşısında ifadə verməyə dəvət edilib. Məsələ barədə birbaşa məlumatı olan mənbə qəzetə deyib ki, Bannon-a çağırış ötən həftə xüsusi prokuror Robert Mueller tərəfindən göndərilib. Mueller Rusiyanın 2016-cı il seçkisinə iddia olunan müdaxiləsi və Trump-ın yaxın çevrəsinin Rusiya ilə mümkün sövdələşməsini araşdırır. O, ilk dəfədir ki, Trump-ın yaxın çevrəsindən kiməsə çağırış göndərir.

Ağ evin mətbuat katibi Sarah Huckabee Sanders deyib ki, Bannon-un komitədə suallara cavab verməməyə “heç kim” həvəsləndirməyib.

Konqresdə Ağ evə dəxli olan bütün araşdırmalarda olduğu kimi, Konqres konfidensial material almamışdan öncə Ağ evlə məsləhətləşməlidir. Bu, on illərdir davam edən, hüquqi baxımdan təsdiqlənmiş prosesdir”, – Sanders deyib.

BANNON TRUMP-LA SÖHBƏTLƏRİ HAQDA HEÇ NƏ DEMƏYİB

Ağ ev rəsmisinin “AP” informasiya agentliyinə bildirməsinə görə, prezident Bannon-a rəsmi təzyiq göstərməyə çalışmayıb, bu halda keçmiş strateq bəzi suallara cavab verməməliydi.

*** Buna da bax: Trump haqqında kitab bestseller siyahısında birincidir

Bannon Trump-ın ən yaxın müşavirlərindən olub, 2016-cı il seçki kampaniyası dövründə onun “Öncə Amerika” strategiyasını formalaşdırıb, prezidentin vəzifədə olduğu ilk aylarda baş müşaviri kimi çalışıb.

Amma Michael Wolff-un bu yaxınlarda çap olunmuş “Atəş və qəzəb: Trump-ın Ağ evində” kitabında Bannon-un sitatları yayılandan sonra prezidentlə o, ictimai şəkildə mübahisə edib.

Kitabda Bannon 2016-cı ilin iyununda rusiyalılarla Trump-ın oğlu, keçmiş kampaniya sədri və kürəkəni arasında görüşü “xəyanətkar” və “qeyri-patriotik” adlandırıb.

Prezident bu sözləri pisləyib, Bannon-un ola bilsin, “ağlını itirdiyini” deyib.

Bannon Ağ evdən işdən avqustda çıxarılıb, ancaq yenə də Trump-la əlaqəni saxlayıb, aralarındakı son mübahisəyədək onun siyasətini dəstəkləyib.

Schiff-in deməsinə görə, Bannon təkcə Ağ evdəki işi barədə danışmaqdan imtina etməyib. Administrasiyadan gedəndən sonra Trump-la danışıqları barədə də bilgi verməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG