Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 13:38

İcra başçısının həbsdəki jurnalistlə məhkəməsi başlayır


Əfqan Sadıqov

Həbsdə olan azel.tv saytının təsisçisi və redaktoru Əfqan Sadıqovun yeni məhkəmə prosesi başlayır. Xuliqanlıq ittihamı ilə həbs olunan jurnalisti bu dəfə böhtanda ittiham edirlər.

Jurnalistin vəkili Elçin Sadıqov AzadlıqRadiosu-na açıqlamasında deyib ki, Ə.Sadıqovu Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov məhkəməyə verib.

“Şikayət xüsusi ittiham qaydasında verilib. Ə.Sadıqov böhtan atmaqda ittiham olunur”, – vəkil deyib.

Xüsusi ittiham qaydasında şikayət Cəlilabad Rayon Məhkəməsinin icraatına götürülüb. Şikayətə sabah , yanvarın 16-sı hakim Qalib Paşayevin sədrliyi ilə baxılacaq.

Buna da bax: Baş redaktora əlavə ittiham verildiyi deyilir

Ə.Sadıqov artıq cəzaçəkmə müəssisəsindən Kürdəxanı İstintaq Təcridxanasına köçürülüb. Onu sabah məhkəməyə - Cəlilabad rayonuna aparacaqlar.

Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Ə.Sadıqovun Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə məsuliyyətə cəlb olunmasını istəyir. Məhkəmə ittihamı təsdiqləsə, jurnalistə əlavə 3 ilədək həbs cəzası verilə bilər.

Xatırlatma

Azel.tv saytının təsisçisi və redaktoru Əfqan Sadıqov 2016-cı il noyabrın 22-də saxlanılıb. O, icra hakimiyyətinin binasında bir qadını vurmaqda ittiham olunub. Sadıqov bunu təxribat adlandırıb.

2017-ci il yanvarın 12-də 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır xəsarət yetirmə) maddə ilə mühakimə olunub. Ona 2 il 6 ay həbs cəzası verilib.

Amma noyabrın 7-də Ali Məhkəmə ittihamı 127.1-ci (sağlamlığa həyat üçün təhlükəli olmayan az ağır xəsarət yetirmə) maddəyə tövsif edib və həbs cəzasını 1 il yarıma endirib.

İndi, cəza müddətinin başa çatmasına üç ay qalmış onun həbs müddəti uzadıla bilər.

Hüquq müdafiə təşkilatları Əfqan Sadıqovu siyasi məhbuslar siyahısına daxil ediblər. Yerli hüquq müdafiəçiləri jurnalistin rayonda hüquq pozuntuları barəsində tənqidi məqalələrinə görə, həbs edildiyini hesab edirlər.

Ancaq bu deyilənlərə, hələlik, Cəlilabad rayon İcra Hakimiyyətinin başçısının münasibətini almaq mümkün olmayıb.

Üstəlik, Azərbaycan hakimiyyəti rəsmiləri ölkədə siyasi məhbus olması fikri ilə razılaşmırlar. Onlar deyirlər ki, Azərbaycanda düşüncələrinə, siyasi mənsubiyyətinə görə heç kim həbs edilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG