Keçid linkləri

Təcili xəbərlər
2023, 10 Dekabr, bazar, Bakı vaxtı 12:13

'Məktəb bufetlərində qidaların 80 faizi...' –Media icmalı


Mərkəzi Bank
Mərkəzi Bank

Dəm qazından zəhərlənmələr, kredit qoyuluşunun azalmasının iqtisadiyyata mümkün təsirləri və məktəb bufetlərində qidaların standartlara uyğunsuzluğu medianın aparıcı mövzularındandır...

«Kredit yoxdursa...»

Azadliq.info saytında «Kredit olmayanda iqtisadiyyat dayanır» sərlövhəli yazı oxumaq olar.

Müəllif yazır ki, hazırda Azərbaycan iqtisadiyyatının kiçilməsi səbəblərindən biri kommersiya banklarında kredit resurslarından istifadə səviyyəsinin xeyli aşağı düşməsidir. Yazıda bu durum kommersiya banklarının ikili siyasəti ilə izah edilir:

«Biri, böhrandan qabaq az qala helikopterlə bütün ailələrə (2.4 mln. nəfər) kredit paylaması (verməsi yox, bəli, məhz paylaması!) idi. Digəri isə indi kredit torbasının ağzını yığaraq yürüdülən konservativ bank siyasətidir».

Müəllif hesab edir ki, birinci halda «köpük» iqtisadiyyatının əlamətləri üzə çıxdı. Gəlirlərə adekvat olmayan kreditlə bahalı avtomobillər, mənzillər və digər istehlak malları satın alınmışdı və ödəmə qabiliyyəti azalan kimi məcmu tələb də zəiflədi.

Yazıda vurğulanır ki, indi isə digər ifrat sayılacaq bir siyasət yürüdülür. Kreditlərin məhdudlaşdırılması sahibkarların resursa çıxış imkanlarını xeyli azaldır:

«Borc alanı və satanı bir araya gətirən bank institutları bu durumda biznesi kreditsiz qoyaraq iqtisadiyyatın «nəfəs boğucusu»na dönürlər. Banklar bu nisbi sükunətdə ən pis halda gələcəkdə qazana biləcəklərini itirirlər».

Müəllif dövlətə xəbərdarlıq edir ki, yaxın gələcəkdə iqtisadiyyat bütöv halda bundan daha çox itirəcək.

Yazıda vurğulanır ki, Mərkəzi Bank və Maliyyə Bazarına Nəzarət Palatası monetar alətlərindən istifadə edib, iqtisadiyyatın əvvəlki «hərarət»ini təmin etməkdən ötrü səmərəli tədbirlərə başlamalıdır:

«Əks halda, Mərkəzi Bankın bu davranışı döyüş meydanında yanacağı qurtarmış zirehli texnikanın ortada qalmasını xatırladacaq».

Məktəbdə fasilə
Məktəbdə fasilə

«Kağız üzərində standartlar...»

«Exo» qəzetində «Azərbaycanın məktəb bufetlərinin və yeməkxanalarının dəhşətləri» sərlövhəli yazı diqqət cəlb edir.

Yazıda məktəb bufetlərində verilən qidaların keyfiyyəti ekspertlər və pedaqoqlarla müzakirə edilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, Standartlaşdırma üzrə Dövlət Komitəsi hələ bir neçə il bundan öncə məktəb bufetlərində qidalandırma standartlarını hazırlayıb, amma indiyə kimi kağız üzərindədir:

«Azad İstehlakçılar Birliyi bu yaxınlarda təkcə Bakı yox, eləcə də Azərbaycanın rayon məktəblərində monitorinq keçirib. Monitorinq göstərib ki, məktəb bufetlərindəki qidaların 80 faizi standartlara cavab vermir. Birlik bu məsələni dəfələrlə qaldırıb. Lap bu günlərdə məsələ qaldırmışam ki, bu problemi inkar etmək yox, həll etmək lazımdır».

E.Hüseynov xüsusilə məktəb bufetlərində bəzi qazlı içkilərin və kolbasa məmulatlarının üzərində dayanıb:

«Belə qidalar üzündən uşaqlarda piylənmə baş verir, zəruri vitaminləri qəbul edə bilməmələri sağlamlıqlarına təsir göstərir . Qeyd edim ki, dərslərarası fasilələrin qısa olması üzündən məktəblilərin 70 faizi bufetə düşüb yemək ala bilmir və ac qalmalı olurlar. Dəfələrlə təklif etdik ki, ya məktəb dəhlizlərində meyvə dolu avtomatlar qoyulsun, ya da fasilələr uzadılsın, amma hələ ki, heç bir təklif qəbul edilməyib».

Müstəqil Müəllimlər Birliyinin rəhbəri Məlahət Mürşüdlü də deyib ki, məktəblilərin rasionunun meyvə ilə zənginləşdirilməsinə çoxdan zərurət yaranıb.

Qış fəslinin bəlası - dəm qazı

«Azərbaycan» qəzetində «Bəla «gəlirəm» deyir...» sərlövhəli yazı dərc edilib.

Yazıda bildirilir ki, hər il havaların soyuması ilə birgə fərdi ev və ya mənzillərdə dəm qazından boğulma hadisələri haqqında xəbərlər gündəlik hal almağa başlayır.

Müəllif vurğulayır ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə dəm qazından boğulmalarla bağlı 2016-cı ildə 455 müraciət olub, 2017-ci ildə belə müraciətlərin sayı 190-a düşüb:

«Kəskin azalma təqdirəlayiq haldır. Burada qurumların, mətbuatın maarifləndirmə işinin təsiri inkaredilməzdir. Bununla belə, dəm qazından boğulma halları əhalisi daha çox, qışı daha sərt keçən (məsələn, Rusiya, Ukrayna və Qazaxıstanda) ölkələrə nisbətən daha çoxdur».

Müəllif hesab edir ki, dəm qazı ilə bağlı bədbəxt hadisələrin statistikasını sıfıra endirmək mümkündür və bu, heç də utopik istək deyil.

Yazıda bildirilir ki, dəm qazı iysiz və rəngsizdir. Onu hiss etmək bir qədər çətindir. Müəllif qeyd edib ki, dəm qazı qana keçdikdə hemoqlobinlə birləşir və oksigenin ayrılmasını əngəlləyir. Yəni, hüceyrələr oksigenlə təmin olunmur və nəticədə ilk növbədə beyin funksionallığını itirir.

Yazıda ondan qorunmaqdan ötrü təhlükəsizlik tədbirlərindən də bəhs edilir. Müəllif standart və təhlükəsizliyinə zəmanət verilən qaz cihazlarından istifadə edilməsini, tüstü çəkən bacaların işlək halda saxlanmasını, qaz cihazlarının qurulduğu yerlərdə tüstü çəkən qurğularda nasazlıqların aradan qaldırılmasını zəruri tədbir sırasında sadalayır.

Müəllif yazır ki, insan həyatı ucuz tutulmamalı, təhlükəsizlik naminə bütün mümkün zəruri tədbirlər görülməlidir.

XS
SM
MD
LG