Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 08:55

‘Qaçqınkom’un sədri: ‘Əgər Avropa Birliyi olmasaydı…’


Əli Həsənov

Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla əməkdaşlıq imkanlarını müzakirə edib.

Bu haqda komitənin məlumatında bildirilir.

Ə.Həsənov qonağa Qarabağ münaqişəsindən danışıb, Azərbaycan ərazisinin 20 faizinin işğalda olduğunu, köçkün probleminin yaşandığını bildirib.

Ə.Həsənov Avropa Birliyi tərəfindən ölkədə fəaliyyəti dövründə məcburi köçkünlərə hər biri 200 yığma evdən ibarət 16 fin qəsəbəsinin salınmasını xatırladıb.

Buna da bax: Komitə sədri: '343 min məcburi köçkün ağır şəraitdə yaşayır'

"O zaman Azərbaycan hökumətinin iqtisadi baxımdan heç bir imkanı yox idi. Əgər bu humanitar təşkilatlar o vaxt ölkəyə gəlməsəydilər, humanitar fəlakət yaranardı", – komitə sədri deyib.

K.Yankauskas məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrə səfər etməyi və gələcəkdə onlar arasında müvafiq inkişaf layihələrinin həyata keçirilməsini nəzərdə tutduqlarını bildirib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Xatırlatma

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

Ötən il noyabrın 24-də isə Brüsseldə keçirilən sammitdə Avropa Birliyi Ermənistanla hərtərəfli və genişləndirilmiş partnyorluq razılaşması (Comprehensive and Enhanced Partnership Agreement - CEPA) adlı sənədi imzalayıb.

Azərbaycan isə bu qurumla oxşar danışıqlara ötən ilin fevralından başlayıb. Danışıqlar davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG