Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:32

İran ədliyyəsinin rəhbərliyi etirazçılara ən ağır cəza istəyir - YENİLƏNİB


İran ədliyyəsinin rəhbər müavini Hamid Shahriari
İran ədliyyəsinin rəhbər müavini Hamid Shahriari

İran ədliyyəsinin rəhbərlərindən biri deyib ki, antihökumət etirazlarının liderlərinə mümkün olan ən ağır cəzalar verilməlidir. Prezident Rohani isə bildirib ki, nümayişləri onun hakim elita daxilindəki ifrat mühafizəkar rəqibləri başlayıblar.

Rohani və ədliyyə rəhbərinin müavini Hamid Shahriari dekabrın 8-də kütləvi etiraz aksiyalarının başlanmasından iki həftə sonra danışıblar. Bu etirazlar ölkəni silkələyib və geniş beynəlxalq əks-sədaya səbəb olub.

ISNA xəbər agentliyinin məlumatına görə Shahriari deyib ki, “heç şübhəsiz hakimiyyətə qarşı həyəcanları təşkil edib arxasınca aparanlara maksimum cəza tətbiq olunmalıdır”.

İran məhkəmələrində çıxarılan hökmlərin ən ağırı edam cəzalarıdır. Bu cəza növü dövlətə xəyanət, qətl və narkotik maddə qaçaqmalçılığı kimi ittihamlar əsasında tətbiq edilə bilər.

1979-cu ildə şahın devrilməsinin ardınca ölkədə bərqərar edilmiş İslam hakimiyyətini mühafizə etmək üçün yaradılmış İslam İnqilabı Keşikçiləri Korpusu baş vermiş son etirazları dəfələrlə “üsyana təhrikçilik” kimi qiymətləndirib.

İranın dövlət mediası iddia edir ki, etiraz aksiyalarını ölkədən sürgün edilmiş Mücahedine Xəlq silahlı müxalifəti və ya şah tərəfdarı olan monarxistlər təşkil edib.

İran hökuməti həm də iddia edir ki, etirazlar Birləşmiş Ştatlar, İsrail və Səudiyyə Ərəbistanı kimi xarici qüvvələr tərəfindən qızışdırılıb.

Bu arada İran millət vəkillərindən biri yanvarın 8-də deyib ki, polisin həbs etdiyi 22 yaşlı bir nəfər həbsxanada intihar edib.

Deputat Tayebeh Siavashi yarımrəsmi ILNA xəbər agentliyinə bildirib ki, həmin şəxsin həbsxana kamerasında intihar etdiyi barədə məlumatı hökumətdən alıb.

Yanvarın 7-də İran parlamentinin qapalı sessiyasında nümayişçilərə qarşı görüləcvək tədbirlər müzakirə olunurdu.

Parlamentin gəldiyi qərarda deyilir ki, adi etuirazçılar, xüsusilə də tələbələr azad edilməli, lakin liderlər cəzalandırılmalıdır.

Dövlət mediasının xəbərlərinə görə yanvarın 6-dan bəri yüzlərlə həbs edilmiş şəxs “bir daha etməmək” barədə iltizamı imzaladıqdan sonra sərbəst buraxılıb.

Prezident Rohani yanvarın 8-də deyib ki, İran xalqının etiraz haqqı var və “biz onların dediyinə qulaq asıb eşitməliyik”.

Rohani belə bir mülahizə irəli sürüb ki, etirazların həqiqi hədəfi onun fərdi azadlıqları genişləndirmək və Qərblə daha yaxşı münasibətlər qurmaq planlarına qarşı çıxan qüdrətli mühafizəkar ruhanilər olub.

Prezident dövlət Təsnim xəbər agentliyinə deyib: “Onların yalnız iqtisadi tələblər irəli sürdüyünü söyləmək yanlış, həm də İran xalqına təhqir olardı. Adamların iqtisadi, siyasi və sosial tələbləri vardı. Biz sadəcə olaraq qəbul etməliyik ki, son sözü xalq deyir”.

***

İranın xarici işlər nazirini digər ölkələrə xəbərdarlıq edib ki, ölkəsində təhlükəsliyə hədə yaratmasınlar.

Mohammad Javad Zarif son iki həftənin antihökumət etirazlarını xarici kəşfiyyat xidmətlərinin qızışdırmasıyla bağlı İran hökumətinin iddiasını bir daha dilə gətirib.

Zarif yanvarın 8-də Tehranda təhlükəsizlik konfransında deyib ki, “heç bir ölkə qonşuları arasında təhlükəli durum yaratmaqla özünə təhlükəsiz mühit yarada bilməz”.

Rəsmi IRNA agentliyi Zarif-ə istinadla yazır ki, “belə cəhdlərin yalnız əks təsiri olacaq”.

Birləşmiş Ştatlar Vaşinqtonun bu etirazların arxasında durmasına dair İranın iddialarını rədd edib. Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) rəhbəri Mike Pompeo yanvarın 7-də deyib ki, agentliyin etirazlarda heç bir rolu olmayıb.

Prezident Donald Trump etirazçıları alqışlamış, uyğun zamanda Vaşinqtonun onları dəstəkləyə biləcəyini demişdi.

***

Avropa Birliyi (AB) İranın xarici işlər nazirini dekabrın 28-dən bəri ölkəni silkələmiş antihökumət etirazlarıyla bağlı danışıqlara dəvət edəcək.

Almaniyanın xarici işlər naziri Sigmar Gabriel yanvarın 7-də Berlində ZDF TV-yə deyib ki, AB-nin xarici siyasət rəhbəri Federica Mogherini ilə birlikdə İranın xarici işlər nazirini, mümkünsə gələn həftə danışıqlara dəvət etməyə razılaşıblar.

Nümayiş azadlığını dəstəklədiyimizi və dövlətin də bunu dəstəkləməli olduğunu çox sürətlə təsdiqlədik”, – Gabriel deyib.

Ancaq onu da əlavə edib ki, ölkəsi ABŞ prezidenti Donald Trump-ın yoluyla getməyəcək. Trump hökuməti “geri almaqda” iranlı etirazçılara kömək vəd edib.

*** Buna da bax: İran parlamenti qapalı iclasda ölkədəki etirazları müzakirə edir

“ETİRAZLAR YATIRDILIB”

Gabriel-in sözlərincə, Almaniya, eləcə də Fransa “İranda daxili münaqişələrdən yararlanmaq cəhdlərinə qarşı” xəbərdarlıq edib.

Bu deyilənlərə İranın xarici işlər naziri Mohammad Javad Zarif-dən, hələlik, şərh gəlməyib.

Gabriel-in bəyanatından öncə İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) bildirib ki, xaricdən qızışdırıcıların dəstəyilə baş tutmuş antihökumət etirazları “yatırdılıb”.

İİKK yanvarın 7-də bildirib ki, “İranın inqilab əhalisi on minlərlə bəsic qüvvəsi, polis və Kəşfiyyat Nazirliyi ilə birlikdə… Birləşmiş Ştatlar, Britaniya, İsrail, Səudiyyə Ərəbistanı, yaraqlılar və monarxistlərin yaratdığı iğtişaşları dayandırıb”.

Yanvarın 7-də İran parlamenti antihökumət etirazlarını müzakirə etmək üçün qapalı iclas keçirib.

Parlamentin ICANA vebsaytının məlumatına görə, deputatlar iğtişaşlar zamanı ölkədə İnternetə məhdudiyyətlərlə bağlı narahatlıq dilə gətiriblər. Rəsmilər İranda çox populyar Telegram mesencerinə qadağa qoyulmuş, ondan zorakılığın qızışdırılmasında istifadə olunduğunu bildirmişdi.

*** Buna da bax: İranda hökumətə etiraz və dəstək aksiyalarının davam etdiyi bildirilir

Hökumətin Instagram şəbəkəsinə məhdudiyyətləri qaldırdığı bildirilir.

TELEGRAM-A MƏHDUDİYYƏT QALIR

Ancaq yanvarın 7-də Telegram hələ də bloklanmış vəziyyətdə idi. Baxmayaraq ki, İranın FARS xəbər agentliyi bu mesencerə məhdudiyyətlərin “tamamilə qaldırıldığını” bildirir.

“Parlament Telegram-ın filtrlənməsinin qüvvədə saxlanmasını istəmir, amma bu sosial şəbəkə də İran xalqının düşmənləri tərəfindən alət kimi istifadə olunmayacağını vəd etməlidir”, – parlament rəsmisi Behrouz Nemati deyib.

İranın 8 milyonluq əhalisinin üçdə biri Telegram-dan əsas xəbər mənbəyi kimi istifadə edir.

Birləşmiş Ştatlar etirazçılara dəstək bildirsə də, onları qızışdırmaqla bağlı iddiaları təkzib edir.

Bu arada yanvarın 7-də dövlət mediası hakimiyyətin təşkil etdiyi hökumətpərəst yürüşlərin beşinci günündən canlı yayım verib.

*** Buna da bax: İran ibtidai məktəblərdə ingilis dilinin tədrisini qadağan edir

Dövlət mediası daha antihökumət etirazları barədə xəbər verməsə də, AzadlıqRadiosu yanvarın 6-da İranın azı 9 şəhərində bu etirazların davaçm etməsinə dair etibarlı informasiya alıb.

Bir həftədən çox davam edən etirazlarda 22 nəfər həlak olub, 1700-dən çox adamın saxlandığı bildirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG