Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:05

Almaniyada kişi miqrantlar cinayətlərin sayını necə artırır


Almaniyada miqrantlar
Almaniyada miqrantlar

Son dövrlər Almaniyaya gənc, kişi miqrantların axınının güclənməsi ölkədə zorakı cinayətlərin sayını artırıb. Bunu yanvarın 3-də açıqlanmış, hökumətin maliyyələşdirdiyi araşdırma üzə çıxarıb.

“The Associated Press” agentliyi yazır ki, araşdırma şimaldakı Aşağı Saksoniya ştatından alınmış statistika əsasında aparılıb. 2015-2016-cı illərdəki qaçqın axınının cinayətkarlığa təsiri öyrənilib. Həmin dövrdə zorakı cinayətlərin sayının 10,4 faiz artdığı bildirilir.

Müəlliflər belə bir qənaətə gəliblər ki, qeydə alınmış əlavə cinayətlərin 92 faizi qaçqınların sayının artmasıyla izah oluna bilər.

*** Buna da bax: Deputatın müsəlmanlarla bağlı yazdıqları araşdırılır

“ALMANLARDAN ARTIQ KRİMİNAL DEYİLLƏR”

Araşdırmada həmçinin qaçqın əhalinin demoqrafik tərkibinin də əsas faktor olduğu vurğulanır. Gənc kişilər, istər alman olsun, istər miqrant, cinayət törətməyə daha meyllidirlər, eyni zamanda zorakılıq qurbanına çevrilmə ehtimalları da böyükdür.

Bu arada Almaniyada miqrantların törətdiyi cinayətlərlə necə mübarizə aparmaq müzakirə mövzusudur. Sağçı partiyalar bununla bağlı sərt tədbirlər görülməsini, daha çox deportasiyanın gerçəkləşdirilməsini istəyirlər. Solçularsa qaçqınların alman cəmiyyətinə daha çox inteqrasiya olunması tərəfdarıdırlar.

2015-ci ildən zorakı cinayətlərin artdığı doğrudur və müəlliflər bunu qaçqınların gəlişinə bağlayırlar. Amma onu da aydın bildirirlər ki, qaçqınlar almanlardan artıq kriminal deyillər”, – araşdırmanı sifariş etmiş Ailə Nazirliyinin sözçüsü Verena Herb deyib.

Herb Berlində jurnalistlərə söyləyib ki, ən böyük problem gənc kişilərdən gəlir, onlar gələcəklərinə çox ümidli deyillər. Əfqanlar və suriyalıların cinayət törətmək ehtimalı Şimali Afrikadan gələnlərdən daha azdır. Çünki sonuncuların Almaniyada yaşamaq izni alma şansı da aşağıdır, araşdırmada belə deyilir.

*** Buna da bax: Miqrantlar Serbiya sərhədindən çəkilmir

“ONLARI ÖZBAŞINA BURAXMAMALIYIQ”

Fikrimizcə, bu, bir daha göstərir ki, buraya gələnlər özbaşına buraxılmamalıdır. Ancaq bu yolla onların darıxmasının və məyusluğunun kriminal davranışla sonuclanmamasını təmin edə bilərik”, – Herb deyib.

Araşdırmaya tanınmış kriminalist Christian Pfeiffer rəhbərlik edib və onu Sürix Tətbiqi Elmlər Universiteti dərc edib.

Sənəddə deyilir ki, Almaniyaya qaçqınlar “əsasən kişilərin üstünlük təşkil etdiyi” müsəlman ölkələrindən gəlir. Almaniyada qaçqın əhali arasında qadınların azlığı da gərginliyi artıran faktor sayılır.

Müəllif bir qənaətə gəlirlər ki, qaçqınlara ailələrini gətirməyə icazə verməkdə fayda var.

Amma araşdırmada bir məqam da qeyd olunur ki, adamlar özlərindən fərqli qismin törətdiyi cinayətləri xəbərləməyə iki dəfə artıq meyllidirlər və bu da cinayət statistikasında təhrifə səbəb olur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG