Qırğızıstanın keçmiş baş prokuroru, hazırda müxalifətçi olan Aida Salyanova-nın qardaşının qətlində şübhəli bilinən şəxs saxlanıb.
Ölkənin Daxili İşlər Nazirliyi dekabrın 28-də bildirib ki, 31 yaşlı şübhəli ekspertizadan sonra saxlanıb. Onun istifadəsində olan Makarov tapançasının Salyanova-nın 42 yaşlı qardaşı Ulan Salyanov-un öldürülməsində istifadə olunduğu müəyyənləşib. Salyanov noyabrın əvvəlində qətlə yetirilmişdi.
Şübhəlinin adı açıqlanmayıb.
Daxili İşlər Nazirliyi noyabrın 6-da bildirmişdi ki, bir neçə silahlı Salyanov-un evinə girərək onu güllələyiblər. Nazirlik qətldə siyasi motivi istisna edirdi.
Qətldən cəmi bircə ay öncə Bişkekdə məhkəmə Salyanova-nı vəzifəsindən sui-istifadədə təqsirli bilib. O, beş illik həbsə məhkum edilib. Ancaq 2 yaşlı qızı 14 yaşına çatanadək cəzası ertələnib.
Müxalifətin Ata-Meken partiyasının aparıcı üzvü olan Salyanova təqsirsiz olduğunu deyir, işi siyasi motivli adlandırır.