Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 05:53

Dövlət zəmanətli yarım milyardlıq kredit alındı


TANAP və TAP

Bu gün, dekabrın 22-də «Cənub Qaz Dəhlizi» Qapalı Səhmdar Cəmiyyətinə (QSC) 524.5 milyon dollar kreditin ayrılmasına dair kredit və zəmanət müqavilələri imzalanıb. Sindikatlaşdırılan kreditin «Şahdəniz» qaz-kondensat yatağının işlənməsi layihəsinin dəstəklənməsi məqsədilə, Azərbaycan dövlətin və Asiya İnkişaf Bankının (ADB) zəmanəti ilə ayrıldığı bildirilir.

Bu haqda CQD-nin məlumatında bildirilir.

Sindikatlaşdırılmış kredit (syndicated credit) – birdən çox maliyyə təşkilatının toplaşaraq, eyni bir iqtisadi subyektə eyni şərtlərlə verdiyi kreditdir.

Məlumata görə, zəmanət müqaviləsini Azərbaycan dövləti adından maliyyə naziri Samir Şərifov, kredit müqaviləsini isə CQD-nin baş direktoru Əfqan İsayev imzalayıb.

Ə.İsayev imzalama mərasimində deyib ki, «Cənub Qaz Dəhlizi» layihəsi Azərbaycanın uzunmüddətli, uğurlu və dayanaqlı inkişafını təmin edəcək. Onun sözlərinə görə, artıq «Cənub Qaz Dəhlizi» layihəsinə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankı qismində aparıcı beynəlxalq maliyyə qurumları dəstək göstərib.

«Cəmiyyət tərəfindən «Cənub Qaz Dəhlizi» layihəsi üzrə 2020-ci ilə kimi ümumi tələb olunan (Azərbaycanın öhdəliyi üzrə-AR) təqribən 11.5 milyard dollar məbləğində vəsaitdən indiyədək 8.4 milyard dollar hissəsi, yəni təqribən 73 faizi icra edilib. Bundan cari ilin əvvəlindən bu günədək 2.3 milyard dollar məbləğində investisiya qoyulub. Layihə çərçivəsində «Şahdəniz» qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə görüləcək işlərin 98.5, Cənubi Qafqaz Kəmərinin Genişləndirilməsi (CQKG) üzrə ilk qazın ötürülməsinə dair işlərin də 99.2 faizi yerinə yetirilib. Trans-Anadolu- Kəmərinin (TANAP) inşası üzrə işlərin 87.4, Trans-Adriatik Kəmərinin (TAP) inşası üzrə isə işlərin 60.8 faizi icra edilib», - o, qeyd edib.

Xatırlatma

«Cənub Qaz Dəhlizi» QSC 2014-cü ilin fevralında yaradılıb. Cəmiyyətin səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla, İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsusdur.

«Cənub Qaz Dəhlizi»nin seqmentlərini «Şahdəniz-2», Cənubi Qafqaz Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir.

Bu layihəyə əsasən, Xəzər dənizinin Azərbaycan sektorundakı «Şahdəniz-2» yatağından hasil olunacaq qaz Türkiyəyə və bu ölkədən də Avropaya çatdırılmalıdır. Uzunluğu 3 min 500 kilometr olan «Cənub Qaz Dəhlizi» vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli nəzərdə tutulur.

Azərbaycan təbii qazının 2018-ci ilin ortalarında Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması planlaşdırılır.

Ümumilikdə bu layihənin 40 milyard dollardan çox vəsait tələb etdiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG