Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 01:02

'İşə yaşlılar gedir, gənclər...'-Media icmalı


Əli Həsənov. Karikatura

Ölkədə iqtisadi vəziyyət, işsizliyin səbəbləri və tənqidlərə rəsmi reaksiyalar medianın aparıcı mövzularındandır ...

Rəsmilərin tənqidlərə cavabı...

Azadliq.info saytında «Əliyevin köməkçiləri niyə təşvişə düşüb?» sərlövhəli yazı oxumaq olar.

Müəllif yazır ki, Azərbaycanda korrupsiya, seçki saxtakarlığını gözardı edənlər alqışlanır, avtoritar idarəçiliyi tənqid edənlər isə hədəf seçilir. Yazıda son günlər rəsmilərin «The Finansial Times» nəşrini tənqid etməsi də belə dəyərləndirilir:

«Əlbəttə, Novruz Məmmədov və Əli Həsənovun qəzəbi səbəbsiz deyil. Belə ki, «The Financial Times» qəzetində iki müstəqil müəllifin məqaləsi yer alıb. Məqalədə Azərbaycanda irsən keçən diktaturanın olduğu vurğulanır, Azərbaycan hökumətinin avropalı deputatlara rüşvət verdiyi xatırlanır, ölkədə insan haqlarının pozulduğu bildirilir».

Müəllif hesab edir ki, əslində, bu yazıda yeni heç nə deyilmir, oradakı məsələlər Azərbaycan xalqına 10 illərdir məlumdur.

Müəllif vurğulayır ki, hökumət təmsilçiləri «The Financial Times»ı qərəzdə, xarici anti-Azərbaycan maraqlarına xidmətdə suçlayırlar. Onların bildirməsinə görə, prezident İlham Əliyevin həyata keçirdiyi siyasət xalqın milli maraqlarına xidmət edir, cəmiyyət bu siyasəti dəstəkləyir.

Müəllif hesab edir ki, «The Financial Times» nəşrində yazılanlar rəsmi Bakını bərk təşvişə salıb:

«Amma bu da var ki, həqiqət Əliyevin köməkçilərini bərk təşvişə salıb. Artıq heç bir maska əsl simanı gizlədə bilmir. İçəridə də, çöldə də hökumətin mahiyyəti aydın görünür».

Hökümət işsizlik problemini necə həll edir?
Gözlə

No media source currently available

0:00 0:03:07 0:00

İş yerləri açılır, işsizlik qalır...

«Novoye Vremya» qəzetində «İş yeri hamıya yetməz, xüsusən gənclərə» sərlövhəli yazı diqqət çəkir.

Yazıda bildirilir ki, son dövrlər işçi qüvvəsi və işsizliklə bağlı müxtəlif bəyanatlar səslənir:

«Bir tərəfdən bu barədə danışılması yaxşıdır, digər tərəfdən isə bu problem müəyyən müddət ərzində yaranıb, bir neçə illər öncədən buna sadəcə diqqət yetirilməyib».

Müəllifin xatırlatmasına görə, bu günlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə bildiriblər ki, son 14 ildə ölkədə 2 milyona yaxın iş yeri yaradılıb. 2025-ci ilə kimi isə daha 450 min nəfərlik iş yeri yaradılacağı gözlənir.

Müəllif hesab edir ki, hətta bu qədər yeni iş yerləri açılarsa belə, bu tam işsizlik problemini yoluna qoya bilməz.

Yazıda qeyd edildiyinə görə, nazirlikdən bildiriblər ki, gənclər arasında əməkqabiliyyətli əhalinin xüsusi çəkisi yaxın illərdə 59 faizdən 68 faizə yüksələcək.

Müəllif vurğulayıb ki, ölkədə xüsusilə orta ixtisas təhsilli işçilərə tələbat kəskin azalıb. Bu da işsizliyi doğuran başlıca səbəblərdəndir.

Müəllifin fikrincə, əmək bazarının əsas problemlərindən biri də qadınlar və gənclər arasında işsizlik payının yüksək olmasıdır.

Yazıda bildirilir ki, ölkənin əməkqabiliyyətli əhalisinin ancaq 32 faizi ali və orta ixtisas məktəblərində təhsilə yiyələnib. Qəzet əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovdan sitat da gətirir:

«Orta məktəb məzunlarının tən yarısı hansısa tədris müəssisəsində ixtisas qazanmağı vacib saymır. Ölkədə iş axtaranların nə təhsili, nə peşə keyfiyyətləri, nə təcrübələri indiki əmək bazarının tələblərinə uyğundur. Bu da ölkədə işsizliyin əsas səbəblərindən biridir».

Yazıda rəsmi statistikaya istinadən bildirilir ki, ölkədə işsizliyin ümumi səviyyəsi 5, gənclər arasında isə 9 faizdir. Ancaq qəzetə danışan ekspertlər işsizlik səviyyəsinin bundan dəfələrlə yüksək olduğunu bildiriblər.

Yazıda vurğulanır ki, yaşla bağlı pensiyaya çıxmağın müddətinin uzadılması da gənclər arasında işsizliyin artmasına təsir göstərir.

Sumqayıtda zavod tikintisi
Sumqayıtda zavod tikintisi

İslahatlardan sürətli inkişafa

«Azərbaycan» qəzetində «Dərin iqtisadi islahatlar ilindən sürətli inkişaf dövrünə» sərlövhəli yazı yer alır.

Yazıda deputat Tahir Mirkişilinin düşüncələri əks olunub. O vurğulayıb ki, 2017-ci il iqtisadi baxımdan Azərbaycandan ötrü əlamətdar olub:

«Bu ilin ilk 9 ayı ərzindəki göstəricilərə görə, son 2 ildə ilk dəfə olaraq tədiyyə balansının cari əməliyyatlar hesabında 1.1 mlrd. dollar profisit yaranıb. Qeyri-neft sektorunun cari əməliyyatlar balansında defisit 200 mln. dollar azalıb. Ölkədə makroiqtisadi sabitlik təmin edilib, manatın məzənnəsinə iqtisadi təhlükə aradan qaldırılıb və məzənnə sabitliyi təmin edilib».

Müəllif yazır ki, 2017-ci ilin 11 ayı ərzində xarici ticarət dövriyyəsi 26.5, ixracın həcmi isə 50 faiz artıb. Xarici ticarət dövriyyəsində ixracın payı 61 faizə çatıb, ixrac idxalı 4.7 mlrd dollar üstələyib.

Deputat ölkədə sənaye mərkəzlərinin yaradılmasına da toxunub. O vurğulayıb ki, bu ilin 9 ayı ərzində ölkədə 226 mindən çox yeni iş yeri açılıb, özünüməşğulluq proqramı çərçivəsində ölkənin müxtəlif bölgələrində 2000-ə yaxın ailə təsərrüfatı yaradılıb.

Yazıda bildirilir ki, sahibkarlığa dəstək nəticəsində Bakıda 100-ə yaxın yeni bina tikilir. Deputatın fikrincə, kiçik və orta sahibkarlara dəstək məqsədilə Kredit Zəmanəti Fondu yaradılıb.

Müəllifə görə, 2017-ci ildə «Azəri-Çıraq-Günəşli» yataqları üzrə yeni sazişin imzalanması tarixə mühüm hadisə kimi düşüb. Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi isə bütövlükdə regionun iqtisadi həyatında mühüm yer tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG