Keçid linkləri

2018, 22 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 12:48

Ağ evə Rusiya istintaqına müdaxiləylə bağlı xəbərdarlıq


Mark Warner

ABŞ Konqresinin aparıcı demokratı prezident Donald Trump-a Rusiya istintaqıyla bağlı xəbərdarlıq edib. Məsələ bundadır ki, son vaxtlar Trump-ın xüsusi müşavir Robert Mueller-i işdən çıxaracağı, yaxud Mueller-in Rusiyayla Trump-ın seçki kampaniyasının əlaqələrinə dair araşdırmasının hər hansı hədəfini bağışlaya biləcəyi ehtimalları ərtafında söz-söhbətlər artıb.

Dekabrın 20-də Senatın kəşfiyyat komitəsinin aparıcı demokratı Mark Warner Senatda danışıb. Onun sözlərinə görə, Ağ evin və Konqresdəki respublikaçıların Mueller-in istintaqını getdikcə daha çox tənqid etməsi xüsusi müşavirin işdən kənarlaşdırılması, yaxud istintaqa digər müdaxilə ehtimallarını gücləndirir.

KONSTİTUSİYA BÖHRANI XƏBƏRDARLIĞI

Warner xəbərdarlıq edib ki, Mueller-in kənarlaşdırılmasına hər hansı cəhd “konstitusiya böhranı yarada bilər”.

Trump Mueller-i işdən çıxarmaq planının olmadığını dəfələrlə dilə gətirib, amma belə bir səlahiyyətinin olduğunu da vurğulayıb.

Robert Mueller
Robert Mueller

Xüsusi müşavirlərlə bağlı qanunvericilik Trump-ın Mueller-i birbaşa çıxarmasına imkan vermir. Ancaq tənqidçilərin fikrincə, o, Ədliyyə Departamenti rəsmilərindən Mueller-i işdən kənarlaşdırmağı tələb edə, bunu etməzlərsə, onların özünü qova bilər.

1973-cü ildə prezident Richard Nixon baş prokuror və onun müavinindən “Watergate” qalmaqalını araşdıran müstəntiqi işdən kənarlaşdırmağı tələb etmişdi, ancaq onlar bundan imtina edərək istefa vermişdilər.

*** Buna da bax: Respublikaçı millət vəkilləri baş prokurorun müavinini Mueller-ə görə sorğu-suala çəkiblər

“Son bir neçə həftə ərzində getdikcə daha çox eşidilən məsuliyyətsiz səslər prezident Trump-ı xüsusi müşavir Mueller-in istintaqını qapatmağa çağırırlar”, – deyən Warner bu çağırışların “koordinasiyalı kimi göründüyünü” vurğulayıb.

Senator prezidentin Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru James Comey-i işdən çıxardığını yada salıb. O da ilin əvvəlində Rusiya istintaqına rəhbərlik edirdi. Bundan sonra xüsusi müşavir təyin olundu.

KİMLƏR ƏFV OLUNA BİLƏR

Əfv söhbətlərinə gəlincə, Vaşinqtonda dolaşan şayiələrə görə, Trump araşdırmanın bəzi hədəflərini əfv edə bilər. Məsələn, Mueller-in ittiham irəli sürdüyü, keçmiş kampaniya sədri Paul Manafort-u, yaxud FBI-ya yalan danışdığını etiraf etmiş keçmiş milli təhlükəsizlik müşaviri Michael Flynn-i. Amma Ağ evin vəkilləri bir neçə dəfə prezidentin belə bir fikri olmadığını bildiriblər.

Respublikaçılar, eləcə də Trump-ın yaxın silahdaşları Mueller və komandasına hücumları çoxaldıblar, onu qərəzdə ittiham edirlər.

Mueller-in təyinatını ilkin mərhələdə Konqresdə hər iki partiya dəstəkləyirdi. Amma Warner respublikaçıların getdikcə istintaqa yaxşı yanaşmadığını vurğulayıb.

*** Buna da bax: Amerikalılar Rusiya istintaqına necə yanaşırlar

“Associated Press” agentliyi yazır ki, Konqresdəki heç də bütün respublikaçılar Mueller-in işdən çıxarılmasına çağırmayıb.

“Əminəm ki,... Mueller yalnız düzgün olan işləri görəcək və bunu ədalətli və balanslı edəcək”, – senatın kəşfiyyat komitəsinin respublikaçı üzvü Marco Rubio deyib.

Rusiya ötən il ABŞ-da prezident seçkisinə müdaxilə etməsinə dair iddiaları qətiyyətlə təkzib edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG