Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 05:24

Məhkəmə regional qəzetin xeyrinə qərar verib


Zahir Əmənov

Masallı rayon sakini Rabit Quliyevin regional «Cənub xəbərləri» qəzetinə qarşı 10 min manatlıq mülki iddiası üzrə məhkəmə prosesi yekunlaşıb. Məhkəmə dekabrın 19-da qəzetin xeyrinə qərar verib.

Bu haqda AzadlıqRadiosuna «Cənub xəbərləri»nin baş redaktoru Zahir Əmənov məlumat verib.

Məhkəmə mübahisəsi «Cənub xəbərləri»də yayılmış «Rayon məhkəməsinin hakimi Nemət Musayev Ali Məhkəmənin qərarını necə «ləğv edir?»» sərlövhəli məqalə ilə bağlı olub. Həmin məqalədə iki qonşunun uzun müddət apardığı həyətyanı sahə münaqişəsindən bəhs edilib. Mübahisə müxtəlif vaxtlarda məhkəmə predmeti də olub.

Təqaüdçü R.Quliyev Masallı Rayon Məhkəməsinə müraciət edərək, məqalədə şərəf və ləyaqətini ləkələyən məlumatların yayıldığını bildirmişdi. İddiaçı qəzetdən 10 min manat təzminat tutulmasını tələb edirdi.

Z.Əmənovun bildirdiyinə görə, bir ay əvvəl məhkəmə mübahisə doğuran məqaləni ləkələyici olub-olmadığını aydınlaşdırmaqdan ötrü linqvistik ekspertizaya göndərib. Ekspertiza isə belə rəyə gəlib ki, məqalənin məzmunu ilə bağlı yekun qərarı məhkəmə verə bilər.

İddiaya hakim Anar Alməmmədovun sədrliyi ilə baxılıb.

Z.Əmənovun deməsinə görə, məhkəmə yekunda «Cənub xəbərləri»nin ləkələyici məlumatlar yaymadığı qənaətinə gəlib və iddianı rədd edib.

İddiaçının bu qərarla bağlı apellyasiya şikayəti verib-verməyəcəyini hələlik dəqiqləşdirmək mümkün olmayıb.

«Cənub xəbərləri» azsaylı regional qəzetlərdəndir. Cənub rayonlarında yayılan həmin qəzet 2003-ci ilin fevralından bəzi vaxtlarda fasilələr verməklə nəşr edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG