Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:12

'Vətəndaşlara sanksiya tətbiq olunanda...'-Media icmalı


Elektrik lampası
Elektrik lampası

Prezident İlham Əliyevin İslam Əməkdaşlığı Təşkilatının İstanbulda keçirilən fövqəladə sammitində iştirakı, «Azərişıq» QSC-nin borclu abonentlərə işıqları kəsəcəyi xəbərdarlığı verməsi və cəmiyyətdə mənəvi aşınmalar medianın aparıcı mövzularındandır...

«Borcun ödənilməsi müddəti uzadılmalıdır»

«Novoye Vremya» qəzetində ««Azərişıq» işıqları kəsəcəyi ilə hədələyir» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, Azərbaycanda qış mövsümü qaz və elektrik təchizatında fasilələr baş verir:

«Abonentlər belə hallarla məhz qışda qarşılaşırlar. Bunun səbəbləri isə çoxdur. Hətta «Azərişıq» QSC və «Azəriqaz» İstehsalat Birliyi məmurları bu faktları gizlətmək istəsələr belə, səbəblərdən biri də qaz və elektrik enerjisi qıtlığıdır. Amma hansı səbəbdən olursa olsun, buna görə heç kəs məsuliyyət daşımır. Di gəl, elə ki, borc ödənilmədi, «Azərişıq» QSC birbaşa abonenti işığı kəsəcəyi ilə hədələyir və bu həmişə baş verir».

Yazıda xatırladılır ki, bu günlərdə «Azərişıq» QSC yenə belə bir xəbərdarlıq ilə çıxış edib.

Müəllif istehlak olunan elektrik enerjisinə görə pulun ödənilməsini vacib sayır. Amma qarşı tərəfə xatırladır ki, qış qapının ağzını alıb və bu soyuqda elektriki kəsmək olmaz.

Yazıda vurğulanır ki, onsuz da Bakının bəzi rayonlarında istilik və su verilməsiylə bağlı problemlər yaşanır. Bu problemlərin üzərinə də başqa qayğılar yüklənməməlidir.

Müəllif hansısa kiçik borclara görə vətəndaşın işığının kəsilməsini çıxış yolu saymır və borcun ödənilməsi müddətinin artırılmasını təklif edir:

«Vətəndaşın vəziyyətinə baxmaq lazımdır. Az maaş, pensiya üzündən güc-bəla ilə dolanır, bəzənsə hər hansı gəliri olmur. Başqa tərəfdən qaza, işığa, suya və s. xidmətlərə görə müəyyən edilən yüksək tariflər özünü doğrultmur. Odur ki, vətəndaşa qarşı sanksiya tətbiq olunanda, məmurlar bu amilləri nəzərə almalıdırlar...».

Milli birlik. Karikatura
Milli birlik. Karikatura

«2» alanlar…

Azadliq.info-da «Zamanın imtahanından «2» alanlar…» sərlövhəli yazı diqqət çəkir.

Müəllif ölkədəki ictimai-siyasi durumu «zaman-insan» fəlsəfi kontekstində dəyərləndirir. Yazıda vurğulanır ki, heç kim zamanın imtahanından qaça bilmir və zaman hamının qiymətini dəqiq verir.

Müəllifə görə, çox adam sinəsinə döyərək özünü ziyalı, mübariz, nəcib insan kimi göstərə bilər. Amma insanın əsl kimliyi imtahanda çəkdiyi biletə verdiyi cavabdan bəlli olur.

Bu baxımdan müəllif obrazlı ifadələrlə yazır ki, «Zaman müəllimi» aldatmaq, imtahanın cavabını başqasından köçürmək, tapşırıqla qiymət almaq mümkün deyil.

Müəllif Azərbaycan cəmiyyətində baş verənlərə də toxunur:

«Özünü ziyalı kimi təqdim edən xeyli adamın zülmət keşikçisi, özünü ləyaqətli kişi kimi təqdim edən xeyli adamın yaltaqlıq çempionu olduğunu, özünü vətənpərvər sayan xeyli adamın vətənə qənim kəsildiyini gördük».

Yazıda vurğulanır ki, artıq Azərbaycanda belə «sinifdə qalan» adamların cəmiyyətdəki çəkisi heçə enməkdədir.

Müəllif xatırladır ki, qarşıdan 2018-ci il prezident seçkisi ili gəlir. Bu ildə də «zamanın imtahanı» olacaq:

«Qarşıdan seçki ili gəlir. Yeni «minalar» partlayacaq, bəzi «ziyalı» qorxusuna təslim olub közərəcək, bəzi qələm adamları iyrənclik romanları yazacaq və s. Belələrini cəmiyyətdə gözdən salan bilirsiz nədir? Belələri özlərinə xəyanət etməklə kifayətlənməyib, ləyaqətli adamlara çamur atmağa, cəmiyyəti çaşdırmağa, haqqı şərləməyə cəhd edirlər».

Yazıda bildirilir ki, şərin imtahanından «5» alanların zamanın imtahanından «2» alması qanunauyğunluqdur. Müəllifin fikrincə, ölkəni zaman imtahanından «diplom» alanlar xilas edəcək.

İlham Əliyev
İlham Əliyev

Müstəqil siyasi xəttin nümayişi

«Azərbaycan» qəzetində «Azərbaycan İslam həmrəyliyi prosesinə böyük töhfə verir» sərlövhəli yazıda dövlət başçısı İlham Əliyevin bu günlərdə İslam Əməkdaşlığı Təşkilatının (İƏT) İstanbulda keçirilən fövqəladə sammitində iştirakı dəyərləndirilir.

Müəllif xatırladır ki, ABŞ prezidenti Donald Tramp dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıdıqlarını açıqlayıb. Bu, islam aləmində mənfi qarşılanıb və dekabrın 13-də İslam Əməkdaşlığı Təşkilatının (İƏT) İstanbulda fövqəladə sammiti keçirilib.

Yazıda bu sammitdə İ.Əliyevin çıxışı Azərbaycan dövlətinin rəsmi mövqeyi kimi dəyərləndirilir:

«50-dək dövlət və hökumət başçılarının iştirakı ilə «Qüdslə həmrəylik üçün birlikdə hərəkət» devizi altında keçirilən Zirvə toplantısında bu qətiyyətli çıxış cənab İlham Əliyevin islam həmrəyliyinə verdiyi dəyərin, töhfənin real təcəssümü idi. Dövlət başçısı «Biz hər zaman olduğu kimi, bu gün də Fələstin xalqının yanındayıq» fikrini səsləndirməklə bir daha tam müstəqil siyasət yürütdüyünü dünya birliyinə çatdırdı».

Müəllif hesab edir ki, Azərbaycan Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həllini istəyir. Şərqi Qüdsün Fələstinin paytaxtı olmaqla münaqişənin iki dövlət prinsipi əsasında həll edilməsini daim dəstəkləyir.

Daha sonra yazıda diqqət 2017-ci ilin Azərbaycanda «İslam Həmrəyliyi» ili elan olunmasına və IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsinə çəkilir. Bütün bunlar islam həmrəyliyinə verilən töhfə kimi dəyərləndirilir...

XS
SM
MD
LG