Keçid linkləri

2018, 23 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 19:22

ABŞ-da da korrupsiya artır, özü də Ağ evdə


İllüstrativ foto

Hər 10 amerikalıdan 6-sı inanır ki, bu il Birləşmiş Ştatlarda korrupsiya artıb. Bunu “Transparency International” korrupsiyayla mübarizə təşkilatının yeni rəy sorğusu üzə çıxarıb.

Ötən ilin əvvəliylə müqayisədə indi daha çox amerikalı ABŞ-da korrupsiyanın vüsət almasına inanır. Üstəlik, Ağ ev doqquz əsas dövlət qurumu içində ən çox korrupsiyalaşmış sayılıb.

“Transparency International” bildirir ki, elə 2016-cı ildə də rəyi soruşulanlar dövlət qurumlarında korrupsiyanın səviyyəsinin yüksək olduğunu düşünürdülər. Ancaq indi onlar hökumətin bu problemlə mübarizəsini yetərli saymayıb tənqid edirlər.

*** Buna da bax: 1 trilyon dollarlıq rüşvət

ABŞ Korrupsiya Barometri 2017 (US Corruption Barometer 2017) üzə çıxarıb ki:

  • Amerikalıların 44 faizi Ağ evdə korrupsiyanın yayıldığını düşünür, ötən il bu rəqəm 36 faiz idi.
  • Əhalinin 58 faizi deyir ki, son 12 ayda korrupsiyanın səviyyəsi yüksəlib, 2016-cı ilin yanvarında 34 faiz belə düşünürdü.
  • Hər 10 nəfərdən 7-si əmindir ki, hökumət korrupsiyayla mübarizə apara bilmir, ötən il 10 nəfərin yarısı bu fkirdəydi.
  • 55 faizin fikrincə, korrupsiyanı xəbərləməməyin əsas səbəbi mümkün qisas tədbirləri sarıdan qorxudur. 2016-cı ildə bunu deyən 31 faiz idi.
  • Rəyi soruşulan afro-amerikalıların üçdə biri polisi yüksək səviyyədə korrupsiyalaşmış hesab edir. Ümumi rəyi soruşulanların beşdə biri belə düşünür.
  • 74 faiz deyib ki, sıravi adamlar korrupsiyayla mübarizədə dəyişiklik yarada bilərlər. bu, 2016-cı ildə belə deyənlərdən 4 faiz çoxdur.

Adamların korrupsiyanın pisləşməyə doğru getdiyini düşünməsi aydındır. 2016-cı ilin yanvarında amerikalılar artıq Vaşinqtona inanmırdılar. Ötən il Konqres bu sorğuda ən pis göstəriciyə yiyələnmişdi. Bu ilsə birinci yerdə Ağ ev, ondan sonra Konqres gəlir. Seçilmiş rəsmilərimiz Vaşinqtonunun xalqa xidmət bacarığına inamı qaytara bilmirlər və hələ də elit korporasiyaların maraqlarının təmsilçisi kimi görünürlər”, – Transparency International-ın ABŞ təmsilçisi Zoe Reiter deyib.

Həm ötən, həm də bu il Prezidentin idarəsi, Konqres üzvləri və hökumət təmsilçiləri ən çox korrupsiyaya uğramış hesab ediliblər.

*** Buna da bax: İlham Əliyev: ‘İnsanlar işlə təmin edilir, amma, vergisini vermir...’

Yerli hökumət federal qurumlardan daha yaxşı qiymət alıb, bu da adamların özlərinə yaxın təmsilçilərə daha çox inandığını göstərir.

Maraqlıdır ki, rəyi soruşulanlar hakimləri ən az korrupsiyaya uğramış hesab ediblər.

Transparency International ABŞ hökumətinə tövsiyə edir ki,

  1. Siyasi xərcləmələrdə şəffaflığı təmin etsin;
  2. Vəzifələrin rotasiyasını – korporasiyalar, lobbiçilər və seçilmiş vəzifəlilər arasında personal yerdəyişməsini önləsin;
  3. Kimin nəyə sahib olduğu açıqlansın, anonim şirkətlərdən istifadə durdurulsun;
  4. Etika infrastrukturu gücləndirilsin;
  5. Korrupsiya barədə xəbər ötürənlər qorunsun;
  6. Hökumət barədə informasiyaya çıxış artırılsın.

Günün bütün mövzuları

XS
SM
MD
LG