Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:00

Suraxanıda kompensasiya narazılığı-Media icmalı


'Bəxti yatmış' yataqxana
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

'Bəxti yatmış' yataqxana. Video arxiv

Regionlarda qeyri-neft sektorunun durumu, ölkədə sərmayə mühiti və Suraxanı rayonunda kompensasiya narazılığı medianın aparıcı mövzularındandır.

Beş azyaşlı uşaq anasının hökumətə sualı...

«Yeni Müsavat» qəzetində «Suraxanıda tənha ana 5 azyaşlı uşağı ilə küçədə qalıb» sərlövhəli yazı oxumaq olar. Yazıda bildirilir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsində 24 saylı yataqxanada yaşayan ailələr yerli icra hakimiyyətindən narazılıq edirlər:

«1960-cı illərdə inşa olunan bina qəzalı duruma düşüb, icra hakimiyyəti ailələri köçürməyi planlaşdırır. Lakin sakinlər mənzilləri üçün kompensasiyanın azlığından narazıdırlar».

Yazıda vurğulanır ki, qəzalı binada durum acınacaqlıdır. 1960-cı illərdə inşa edilən yataqxana tipli bu binada 71 ailə məskunlaşıb, 51 ailə artıq köçürülüb. Qalan 20 ailə təklif edilən 35 min manat kompensasiya ilə razılaşmır. Sakinlər iddia edir, kompensasiya düzgün hesablanmır.

«İndi köçməyən ailələri azyaşlı uşaqları ilə birgə yaşadıqları mənzildən çıxarıb, söküntü aparmaq istəyirlər. Hökumətdən indiyə qədər nə torpaq, nə də ev almışıq», - deyə yataqxana sakinlərindən biri bildirib.

Müəllif vurğulayıb ki, yataqxanada məskunlaşan Göyçay rayon sakini Günay Əhmədova 5 azyaşlı övladı ilə birgə mənzilindən çıxarılıb, əşyaları küçələrə tökülüb. Yazıda bildirilir ki, indi onlar köçürülən ailələrdən birinin boş otağına sığınıblar. Amma ailənin orada da yaşamasına icazə verilmir.

«İcra nümayəndələrinə deyirəm ki, mən 5 uşaqla hara gedim? Deyirlər ki, bizlik deyil, hara gedirsən, get..», - həmin qadın deyib.

Suraxanı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələləri üzrə şöbə müdiri Barxudar Barxudarov isə köçmək istəməyənləri əsassız tələblər səsləndirməkdə qınayıb:

«Elə ailə var ki, bir otaqda məskunlaşıb, lakin həm oğlu, həm də özü üçün ayrıca kompensasiya tələb edir. Demişik ki, əgər verilən kompensasiya ilə razı deyillərsə, məhkəməyə müraciət etsinlər».

Vergilər Nazirliyi
Vergilər Nazirliyi

Azərbaycanda investisiya mühitinin özəllikləri

«Novoye Vremya» qəzetində diqqəti «Vergi «yükü» problemi» sərlövhəli yazı cəlb edir. Yazıda vergilərin ölkəyə kapital və sərmayəçi axınında oynadığı rol təhlil edilir.

Müəllif «PwC» audit şirkəti və Dünya Bankının «Paying Taxes 2018» hesabatının üzərində dayanır. Hesabatda vurğulanır ki, vergi yükü nə qədər az olursa, ölkəyə investor cəlb etmək və iş adamları ilə çalışmaq bir o qədər də asan olur. Bununla belə, müəllif hesab edir ki, bəzi ölkələrdə vergilərin azlığı belə investorlara yetərli olmur:

«Küveytdə vergi yükü 11, Böyük Britaniyada 30 faizdir. Azərbaycanda isə bundan bir qədər azdır. Amma Küveytə və ya Azərbaycana can atan yoxdur. Amma Böyük Britaniya dünya maliyyə kapitalının mərkəzlərindən biridir».

Müəllifə görə, bu məsələdə problem inzibati sistemdədir:

«İşadamının biznesi çox genişləndikdə vergi orqanları ilə kompüter vasitəsilə deyil, birbaşa təmas yaranır. Bu halda isə birgə fəaliyyət çox nadir hallarda müsbət nəticə verir».

Yazıda ölkədə rezidenti olmayan «Uber» və «Taxify» taksi şirkətlərinin 18 faiz əlavə gəlir vergisinə cəlb olunmasına da toxunulur. Müəllif hesab edir ki, bu, özlüyündə ayrı-seçkilik mahiyyəti daşıyır. Yazıda vurğulanır ki, belə hallar xarici sərmayəçiləri ölkədən qaçaq salır.

Şəmkir Aqroparkı
Şəmkir Aqroparkı

Regionlarda qeyri-neft sektorunun inkişafı

«Azərbaycan» qəzetində «Qeyri-neft sektorunun əsas inkişaf ünvanı regionlardır» sərlövhəli yazı yer alır

Müəllif bu il noyabrın 28-də prezident İlham Əliyevin Tərtər, Ağcabədi və Sabirabad rayonlarına səfərini regionların sosial-iqtisadi inkişafına qayğı kimi dəyərləndirir.

Yazıda dövlət başçısının Sabirabad rayonunun Nizami kəndindəki «Sabirabad Quşçuluq» MMC-nin açılışında iştirakı xüsusi vurğulanır:

«Müəssisədə əmtəəlik yumurta və quş əti istehsal edilir. Yeni müəssisə dövlətin ayırdığı güzəştli kreditlə tikilib. Fabrikin əsas müəssisəsi olan «Hacıqabul Quşçuluq» MMC-də hazırda gündə 1 milyon, o cümlədən 970 min əmtəəlik və 30 min damazlıq yumurta istehsal edilir».

Yazıda bildirilir ki, son illər ölkədə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 40 quşçuluq təsərrüfatına 133.4 milyon manat güzəştli kredit verilib.

Yazıda dövlət başçısının Sabirabad Sənaye Məhəlləsinin təməlqoyma mərasimində iştirakından da bəhs edilib:

«20 hektar ərazidə salınan bu sənaye mərkəzində yun tədarükü, pambıqtəmizləmə, tikinti materiallarının istehsalı, aqrar məhsulların emalı müəssisələri və logistika mərkəzinin fəaliyyət göstərməsi planlaşdırılır».

Yazıda regionlarda yeni yaradılan başqa sənaye məhəllələrindən də bəhs edilir. Müəllif vurğulayır ki, bütün bunlar həm regionların inkişafına, həm də əhalinin məşğulluğunun artmasına xidmət edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG