Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 15:13

Şirvan Apellyasiya Məhkəməsi Müsavat Partiyasının bu şəhər təşkilatının həbsdəki sədri Əlikram Xurşidovu azadlığa buraxmaqdan imtina edib. Qərar bu gün, dekabrın 1-i verilib.

Bu haqda həbsdəki müsavatçının vəkili Nemət Kərimli məlumat verib.

Şirvan Apellyasiya Məhkəməsi Ə.Xurşidov barəsində 3 aylıq həbs tədbirinin seçilməsindən verilmiş şikayətə baxıb.

Məhkəmə prosesi qapalı keçirilib. Hakim Etibar Camalovun sədrlik etdiyi məhkəmə heyəti şikayəti rədd edib.

N.Kərimli məhkəmədən sonra Apellyasiya Məhkəməsinin qərarını əsassız saydıqlarını, hüquqi müdafiə tədbirlərinin davam etdiriləcəyini bildirib.

Xatırlatma

Ə.Xurşidov Müsavat Partiyasının Şirvan şəhər təşkilatının sədridir. Onu noyabrın 22-si axşam saatlarında Şirvanda polislər saxlamışdı.

Noyabrın 24-də ona qarşı rəsmi ittiham irəli sürülüb. Müsavat Partiyasının Şirvan təşkilatının sədrini Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3 (xuliqanlıq) maddələri ilə ittiham edirlər.

Noyabrın 24-ü Şirvan Şəhər Məhkəməsi müsavatçı barəsində 3 aylıq məhkəməyəqədər həbs qərarı verib.

Müsavat Partiyasının təmsilçiləri isə bəyan edib ki, Ə.Xurşidov bu günlərdə özünün Facebook səhifəsində Şirvan şəhərində vətəndaşların inzibati üsullarla Yeni Azərbaycan Partiyasına (YAP) üzv yazdırılması haqda status paylaşıb. Partiya hesab edir ki, onun həbsi də elə statusları, tənqidi mövqeyi ilə bağlıdır.

Hakim YAP haqda bundan əvvəl də belə fikirlər səslənib. Ancaq bu partiya, bir qayda olaraq, belə iddiaları təkzib edir. Bu il yaradılmasının 25 illiyi qeyd edilən YAP-ın 700 mindən çox üzvünün olduğu deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG