Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:28

'Amnesty International' vəkillikdən narahatdır


«Amnesty International»

«Azərbaycanda dekabrın 1-də qüvvəyə minmiş vəkillik fəaliyyətinin yeni qaydaları ədalətli mühakiməyə ciddi zərbə vurur. Faktiki olaraq hüquq müdafiəçilərinin istənilən növ məhkəmə təhqiqatlarında iştirakını qadağan edir».

«Amnesty International» beynəlxalq hüquq müdafiə təşkilatının bəyanatında belə yazılır.

«Mülki-Prosessual Məcəlləyə, İnzibati-Prosessual Məcəlləyə və «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanuna düzəlişlər ölkədə Vəkillər Kollegiyasının üzvü olmayan bütün hüquqşünasları vəkil statusundan məhrum edir», - təşkilatın bəyanatında bildirilir.

Təşkilat vurğulayır ki, 9.8 milyon sakini olan ölkədə bu gün 900-dən bir qədər çox vəkil işləyir.

«Müstəqil Azərbaycanın mövcud olduğu müddət ərzində təqiblərə məruz qalan və vəkillik statusundan məhrum edilən hüquq müdafiəçiləri indi, demək olar ki, məhkəmə iclaslarında iştirak imkanından tamamilə məhrum ediliblər. Bu, hökumətin Azərbaycanda ədalətli məhkəmə təhqiqatı hüququnun sarsılmasına yönəlmiş son tədbirlərindən biridir», - təşkilat qeyd edir.

Daha bir zərbə...

«Amnesty International»ın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Denis Krivosheev isə bunları bildirib:

«Azərbaycanda vəkillər üçün yeni qaydalar ədalətli mühakiməyə daha bir ciddi zərbə vurur. Sosial şəbəkələrdə belə hakimiyyətin ünvanına tənqidi fikirlərin həbs təhlükəsi yaratdığı bir ölkədə indi ədalətli məhkəmə təhqiqatı şansı minimuma endirilib».

O, daha sonra əlavə edib ki, hazırda məhkəmələrdə bir neçə «cəsur» vəkil təzyiqlərlə üzləşir.

Xatırlatma

Parlament «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanuna, Mülki və İnzibati Prosessual məcəllələrə dəyişikliklər edib.

Prezident İlham Əliyev noyabrın 7-si həmin dəyişiklikləri təsdiqləyib.

Sözügedən dəyişikliklərlə nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırılır. Dəyişikliklərə görə, artıq Vəkillər Kollegiyasının üzvü olmayanlar məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edə bilməyəcəklər. Yalnız haradasa işləyən hüquqşünaslar məhkəmələrdə öz iş yerlərini təmsil edə bilərlər. Eyni zamanda, yeni qanun istənilən peşə sahibinə yaxın qohumunun hüquqi nümayəndəsi olmaq səlahiyyəti verir.

Nümayəndəlik institutunun fəaliyyəti ilə bağlı dəyişiklik təşəbbüsü parlamentə Ali Məhkəmənin rəhbərliyindən gəlmişdi. Dəyişikliklərin məqsədinin vətəndaşlara göstərilən hüquqi xidmətin keyfiyyətini yaxşılaşdırmaq olduğu bildirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG