Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 12:12

E.Məmmədyarov: 'Bakı bəyannaməsi yol xəritəsidir'


Elmar Məmmədyarov

«İmzalanan Bakı bəyannaməsi gələcək əməkdaşlıq üçün yol xəritəsi rolunu oynayır».

APA-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 30-u pakistanlı və türkiyəli həmkarları ilə keçirilən görüşdən sonra deyib.

E.Məmmədyarov vurğulayıb ki, Pakistan və Türkiyə xarici işlər nazirləri ilə ilk üçtərəfli görüş intensiv məsləhətləşmələrlə nəticələnib:

«Hər iki ölkə ilə strateji tərəfdaşıq. Müxtəlif sahələrdə əməkdaşlığı müzakirə etdik. Siyasi baxımdan ölkələrimiz eyni mövqedədir. İqtisadi və ticari əlaqələrin inkişafının vacibliyini müzakirə etdik. Həmçinin, regionda olan münaqişələri müzakirə etdik və bildirdik ki, bunlar təhlükəsizliyə təhdiddir».

E.Məmmədyarovun deməsinə görə, terrorizmlə mübarizə, müdafiə, nəqliyyat sahəsində əməkdaşlıq məsələləri də nəzərdən keçirilib.

PAKİSTANDAN TƏYYARƏLƏR ALINACAQ

«Qərara gəldik ki, Pakistan, Azərbaycan və Türkiyə olaraq üçtərəfli formatdan daha geniş istifadə edək».

Bunu isə görüşdən sonra Pakistanın xarici işlər naziri Xavaca Məhəmməd Asif bildirib. Nazir deyib ki, görüşdə üç ölkə arasında müdafiə sahəsində əməkdaşlıq, ticarət dövriyyəsinin artırılması müzakirə edilib:

«Bu sahədə mövcud olan əməkdaşlığımız üçtərəfli formada inkişaf edə bilər. Azərbaycanla Pakistan arasında birbaşa hava xətti yoxdur. Bunun bərpası ilə əlaqələr daha da güclənəcək».

O, daha sonra regiondakı münaqişələrə toxunaraq vurğulayıb ki, hər 3 ölkə ortaq mövqedən çıxış etməlidir.

«Azərbaycan və Türkiyə təlim təyyarələrini Pakistandan almağı düşünür».

Bunu da Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

«Biz də təyyarə, digər texnikanı, döyüş gəmilərini istehsal edirik. Azərbaycan da həm ixracatçıdır, həm də istehsalı inkişaf etdirmək istəyir. Biz bu sahədə bir birimizi tamamlayırıq», - deyə o vurğulayıb.

DEKABRIN 6-SI NALBANDYANLA GÖRÜŞ GÖZLƏNİR

Nazirlərin birgə mətbuat konfransında E.Məmmədyarov həmçinin deyib ki, dekabrın 6-da həm həmsədrlərlə, həm də Ermənistan xarici işlər naziri ilə görüşüb Qarabağ münaqişəsini müzakirə edəcəklər.

«Biz həmişə deyirik ki, məntiqli və substantiv danışıqlar olmalıdır. Moskva görüşündə həmsədrlərlə dərin və ətraflı müzakirə apardıq. Həmsədrlər yəqin bu istiqamətdə danışıqları davam etdirəcək», - deyə o qeyd edib.

Görüşün ATƏT xarici işlər nazirləri şurasının Vyanada keçiriləcək toplantısı səviyyəsində keçirilməsi gözlənilir.

Noyabrın 30-da Bakıda Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib. Görüşdə birgə bəyannamə qəbul edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG