Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:47

'Problemli kreditlərin yalnız 20-30 faizi sadə vətəndaşlardadır'-Media icmalı


'Etibarlı adamın yoxdursa, kredit vermirlər'
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

'Etibarlı adamın yoxdursa, kredit vermirlər'

Regionlarda qeyri-neft sektorunun inkişafı, problemli kreditlərdə korrupsiya amili və Rusiya-Azərbaycan münasibətləri medianın aparıcı mövzularındandır...

PROBLEMLİ KREDİTLƏRİN GERÇƏKLƏRİ...

«Yeni Müsavat» qəzetində «Hökumət banklarla bacara bilmir» sərlövhəli yazı diqqət çəkir.

Müəllif 2015-ci ilin fevralından bu yana ölkədə aktual sayılan problemli kreditlər mövzusunu ekspert Əkrəm Həsənovla müzakirə edir. Ə.Həsənov deyib ki, problemin həlli qısa müddətə mümkündür. Ekspertin fikrincə, bu məsələnin 3 ilə yaxın bir müddət ərzində həll olunmamasının səbəbi onu yaradanların və aradan qaldırılmasına mane olanların dəqiq sərhədlərinin müəyyən olunmamasıdır:

«Problemli kreditlərin mütləq əksəriyyəti bank sahiblərinin, bankların inzibatçılarının yaxın ətrafına, qohumlarına, müxtəlif məmurlara yaxın olan biznesə ayırdıqları kreditlərdir. Belə kreditlər çox aşağı faizlə, bir çox hallarda faizsiz verilib, girov təminatı alınmayıb».

Ekspert hesab edir ki, sıravi vətəndaşların belə kreditlərdə payı ən uzağı 20-30 faizdir.

Ə.Həsənova görə, məhz sadalanan səbəblər üzündən banklar problemli kreditlərlə bağlı məsələlərin dərindən araşdırılıb, günahkarların üzə çıxarılmasında maraqlı deyildirlər.

Ekspert problemin aradan qaldırılmasına ölkənin maliyyə, pul-kredit sahəsinə rəhbərlik edən bəzi şəxslərin də mane olduqlarını istisna etmir. Ə.Həsənov vurğulayıb ki, indi banklar aşağı faizlə yüksək məbləğdə verdikləri kreditləri geri ala bilmirlər. Əvəzində sadə vətəndaşlara yüksək faizlə verdikləri kreditləri geri qaytarmaqla zərərləri ört-basdır etmək istəyirlər:

«Amma aydın məsələdir ki, bununla çox uzağa gedə bilməyəcəklər. Gec-tez problemli kreditlərlə bağlı real mənzərə üzə çıxacaq».

Rusiya Xarici İşlər Nazirliyi
Rusiya Xarici İşlər Nazirliyi

GEORGİ ZUYEV AZƏRBAYCANDAN AQREMAN ALMAYIB?

Avropainfo.az saytında «Hökumətin növbəti düşük təbliğatı» sərlövhəli yazı oxumaq olar.

Müəllif Rusiyanın Xarici İşlər Nazirliyinin Georgi Zuyevi Azərbaycana səfir göndərəcəyi ilə bağlı məlumatları və rəsmi Bakının bu namizədə etirazı ilə bağlı deyilənləri dəyərləndirir.

Yazıda rəsmi Bakının buna etirazının hakimiyyətə yaxın KİV-lərdə, az qala, qəhrəmanlıq kimi təbliğ olunmasını tənqid edir:

«Sən demə, Rusiyanın Xarici İşlər Nazirliyi Georgi Zuyevin yeni səfir kimi təyinatına Azərbaycandan aqreman (təsdiqləmə, razılaşma) almayıb. Yəni, Azərbaycan hökuməti Rusiyanın ölkəmizə göndərmək istədiyi yeni səfirə «yox» deyib. Səbəb isə budur ki, Zuyev ermənipərəstdir və onun səfir kimi Azərbaycanda çalışmasına hökumətimizin qüruru yol verməyib».

Müəllif yazır ki, əgər Azərbaycan hakimiyyəti sözügedən səfiri deyilən xüsusiyyətə görə geri çeviribsə və hakimiyyət bu qədər milli hissə malikdirsə, o zaman bütünlükdə Rusiyanın özündən də imtina edilməlidir:

«Çünki Qarabağ münaqişəsinin həllinə imkan verməyən, Ermənistanla ordularını birləşdirən, Ermənistanı bir nömrəli müttəfiqi hesab edən Rusiyadır. Bəli, Rusiyanın göndərdiyi səfirdən imtina edənlər Rusiyanın verdiyi medallardan da imtina etməlidirlər».

Yazı müəllifi hesab edir ki, Zuyevin namizədliyini rədd etmək, amma onları bura göndərən şəxsin ətəyindən yapışmaq məntiqsizlikdir:

«116 manat minimum əməkhaqqını «analoqsuz inkişaf» kimi təqdim edən adamlar hansısa Zuyevin gəlişinə «yox» deyilməsini də qəhrəmanlıq, qətiyyət kimi tirajlaya bilər. İşğalçıya dəstək olana «hə» deyib, həmin dəstəkçinin göndərdiyi nümayəndəyə «yox» demək də «analoqsuz siyasi gediş» hesab olunmalıdır».

Sumqayıtda zavod tikintisi
Sumqayıtda zavod tikintisi

QEYRİ-NEFT SƏNAYESİNİN BÖLGƏLƏR ÜZRƏ İNKİŞAFI

«Azərbaycan» qəzetində isə «Regionlar irəli çıxır» sərlövhəli yazı yer alıb.

Müəllif yazır ki, sosial-iqtisadi baxımdan ölkə regionlarının bərabər inkişafından ötrü dövlət proqramlarının xüsusi əhəmiyyəti var. Regionların inkişafı üzrə iki dövlət proqramının icra olunduğunu xatırladan müəllif hazırda üçüncü proqramın icrasının davam etdiyini qeyd edir.

Yazıda bildirilir ki, sayca üçüncü olan «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nda mövcud potensialdan daha səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafı xüsusi həmiyyət kəsb edir.

Müəllif bu proqramların icrası nəticəsində ölkənin əldə etdiyi göstəriciləri də sadalayır:

«Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına başlanılan 2004-cü ildən - 2017-ci ilin 6 ayı da daxil olmaqla - ölkədə 1.79 milyon yeni, o cümlədən 1.33 milyon daimi iş yeri yaradılıb. Həmçinin, III Dövlət Proqramının icrası çərçivəsində 2014-2017-ci ilin 6 ayı ərzində 452 mini daimi olmaqla, 561.7 min iş yeri açılıb».

Yazıda bölgələrdə yaradılan sənaye parkları və məhəllələrinin də üzərində dayanılır. Müəllif vurğulayıb ki, Sumqayıt Kimya Sənaye Parkında bu il beş, 2018-ci ildə isə daha üç müəssisə işə düşəcək, Neftçala Sənaye zonasında artıq üç müəssisə fəaliyyətə başlayıb.

Bu istiqamətdə işlərin davam etdiyini deyən müəllif artıq Sabirabadda da Sənaye Məhəlləsinin yaradılması barədə sərəncam imzalandığını nəzərə çatdırır.

XS
SM
MD
LG