Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:43

AŞPA-dan Gürcüstana Əfqan Muxtarlı mesajı


Əfqan Muxtarlı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Gürcüstan üzrə həmməruzəçiləri Kerstin Lundgren (İsveç) və Titus Corlatean (Rumıniya) Gürcüstana səfərlərindən sonra bəyanat yayıblar.

Onlar noyabrın 20-dən 22-ə kimi Gürcüstanda olublar.

«Turan» agentliyinin xəbərinə görə, həmməruzəçilər bəyanatlarında jurnalist Əfqan Muxtarlının və Azərbaycandan gedib bu ölkəyə sığınan fəalların taleyindən narahatlıqlarını da ifadə ediblər.

Gürcüstan Konstitusiyasına dəyişikliklərə toxunan məruzəçilər ölkənin təhlükəsizlik xidmətinin daha çox tarazlaşdırılan nəzarət sisteminə ehtiyacı olduğunu qeyd ediblər. Belə bir sistemin yaradılması zərurətinə nümunə kimi məruzəçilər Gürcüstanda oğurlandığı iddia olunan jurnalist Ə.Muxtarlının işini göstərirlər. Məruzəçilər Gürcüstan Baş Prokurorluğunu bu işi tam şəkildə araşdırmağa səsləyiblər.

«Hakimiyyət bu olayı tam şəkildə araşdırmalı və vəzifəsindən asılı olmayaraq, bütün təqsirkarları cəzalandırmalıdır. Gürcüstanda Azərbaycan vətəndaşlarının tam təhlükəsizliyi təmin edilməlidir», - deyə bəyanatda qeyd edilir.

XATIRLATMA

Oturum izni ilə Gürcüstanda yaşayan Ə.Muxtarlı mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlar isə onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Ə.Muxtarlı ilə bağlı Gürcüstanda da istintaq aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. Gürcüstan baş naziri və daxili işlər naziri Ə.Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib edib. Bununla belə, istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.

Sabah, noyabrın 30-u Balakən rayonunda Ə.Muxtarlının məhkəməsi başlamalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG