Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:33

'Məcburi tibbi sığorta 2018-ci ildə də tətbiq olunmayacaq'-Media icmalı


Milli Məclis
Milli Məclis

Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövrün iqtisadi təhlili, Ümumdünya Ticarət Təşkilatı ilə 20 illik danışıqlar və 2018-ci il dövlət büdcəsinin dəyərləndirilməsi medianın aparıcı mövzularıdır...

«FORMAL BÜDCƏ MÜZAKİRƏLƏRİ»

«Novoye Vremya» qəzetində «Dövlət büdcəsi-2018: neft haqda çox, ehtiyacı olanlar barədə az qayğı» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, 2018-ci il dövlət büdcəsi layihəsi parlamentdə müzakirə edildi, amma xalqın sosial problemlərinin həlli bu sənəddə əksini tapmadı. Müəllif hesab edir ki, müzakirələr formal xarakter daşıyıb:

«Buna görə də, müzakirələr nəticəsində layihəyə hər hansı ciddi dəyişikliklər edilmədi. Deputatlar özləri də prosesə ciddi yanaşmırlar, hökumətin təklifini dəstəkləməyə hazır olurlar».

Yazıda bildirilir ki, Dövlət Neft Fondundan transfertlər (45.8%), Vergilər Nazirliyi (39.3%) və Dövlət Gömrük Komitəsindən (12.1%) daxil olmalar büdcənin əsas mənbələridir.

Müəllif xatırladır ki, hökumət gələn il inflyasiyanın təkrəqəmli olacağı və iqtisadi artım haqqında vəd verib:

«İnvestisiya xərclərinin artmasının səbəbi dünya bazarında neftin qiymətinin nisbi bahalaşmasıdır və bu, Azərbaycana valyuta ehtiyatlarını artırmağa imkan verib».

Müəllif vurğulayır ki, inkişaf bank sektorundakı problemlərin həll edilməsindən asılıdır. Amma bu problemlər hələ də həllini tapmayıb.

Yazıda bildirilir ki, qeyri-neft sektorunun inkişafı barədə rəsmilərin dedikləri gerçəkliyi əks etdirmir:

«Bu «uğur»lar fonunda keçən il ilə müqayisədə bu il Dövlət Neft Fondundan büdcəyə transfert artıb. Ölkənin neftdən asılılığı əvvəlki kimi çox yüksəkdir».

Müəllif vurğulayır ki, hamının ümid etdiyi məcburi tibbi sığorta 2018-ci ildə də tətbiq olunmayacaq. Üstəlik, səhiyyəyə ayrılan xərclər azaldılıb.

ÜTT
ÜTT

20 İLLİK «DANIŞIQLAR»

Azadliq.info saytı «Azərbaycandakı korrupsiya və monopoliya ÜTT-yə üzv olmağa imkan vermir» sərlövhəli yazıda iqtisadçı -ekspert Vahid Məhərrəmlinin düşüncələrinə yer verib.

Yazıda bildirilir ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmaq adı ilə qurumla 20 ildir ki, danışıqlar aparır:

«Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq istəyini əks etdirən ərizəni hələ 1997-ci il iyunun 23-də təqdim edib. Guya Azərbaycan hökuməti 20 ildir ki, ÜTT-yə üzvlük prosesi ilə bağlı ikitərəfli, çoxtərəfli danışıqlar aparır».

Ekspert vurğulayıb ki, hakimiyyət 20 ildə milli qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının müvafiq sazişlərinin tələblərinə uyğunlaşdırılması istiqamətində işləri başa çatdırmayıb.

Yazıda xatırladılır ki, başqa ölkələr danışıqları iki, üç ilə başa çatdırıb, Ümumdünya Ticarət Təşkilatına üzv də olublar:

«Qonşu Gürcüstan 2000-ci ildən Ümumdünya Ticarət Təşkilatının üzvüdür. Azərbaycan hakimiyyəti isə 20 ildir ki, guya bu işin öhdəsindən gələ bilmir».

Ekspertin düşüncəsinə görə, hakimiyyətdəkilər əslində 20 ildir ki, «oyun oynayırlar». Dünya ölkələrinin isə əksəriyyəti, 164 dövlət Ümumdünya Ticarət Təşkilatının üzvüdür.

Ekspert vurğulayır ki, ora qoşulan ölkələrin xarici iqtisadi əlaqələri güclənir, ixrac potensialı artır. Üstəlik, yeni texnologiyanın əldə olunması və tətbiqi sayəsində ölkə daxilində rəqabətqabiliyyətli mal, məhsul istehsal etmək imkanı yaranır.

Ekspert hesab edir ki, bu quruma üzvilik inhisarçılığa böyük zərbə olardı...

İ.Əliyev
İ.Əliyev

DAVAMLI İNKİŞAF MODELİ

«Azərbaycan» qəzetində isə «Yeni inkişaf konsepsiyası davamlı yüksəlişin möhkəm təməlidir» sərlövhəli yazıda prezident İlham Əliyevin hakimiyyətdə olduğu son 14 ildəki iqtisadi nəticələr dəyərləndirilir. Müəllif yazır ki, iqtisadi qüdrətinə görə Azərbaycan Cənubi Qafqazın lider dövlətidir.

Yazıda vurğulanır ki, bu iqtisadi nəticənin əldə edilməsində dövlət başçısı İ.Əliyevin xüsusi rolu var:

«Prezident İlham Əliyevin yeni iqtisadi strategiyasına əsasən, ölkənin milli inkişaf modeli formalaşdırılıb. Bu modelin yeni qlobal çağırışlara uyğunlaşdırılmaqla tətbiqi bütün sahələrdə əsaslı müsbət dəyişikliklərə, böyük nailiyyətlərə yol açıb, gələcək tərəqqi üçün möhkəm təməl yaradıb».

Müəllif hesab edir ki, aparılan islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, biznes mühitinin yaxşılaşdırılması və başqa tədbirlər iqtisadiyyatın davamlı inkişafını təmin edir.

Yazıda bildirilir k, 2003-cü il ilə müqayisədə valyuta ehtiyatları 26.2 dəfə artaraq 42 milyard dollar səviyyəsinə çatıb. 2004-2017-ci illərdə iqtisadiyyata 225 milyard dollar investisiya yatırılıb. Bunun 107.2 milyard dollarını xarici investisiya təşkil edib.

Müəllif hesab edir ki, 2016-cı ilin dekabrında imzalanan «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri» kənd təsərrüfatından sənayeyə qədər bütün sahələrinin inkişafını nəzərdə tutur.

Yazıda vurğulanır ki, siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının müdafiəsi Azərbaycanı xarici investisiyalardan ötrü cəlbedici ölkələrdən birinə çevirib.

XS
SM
MD
LG