Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:22

Dövlət satınalmalarında pozuntular aşkarlandığı deyilir


Hesablama Palatası

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin büdcə vəsaitinə tələbat üzrə proqnoz göstəricilərini hazırlayarkən maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrini düzgün qiymətləndirmədiyi bildirilir.

Noyabrın 23-ü Hesablama Palatası bu qurumda yoxlamalarla bağlı hesabatını açıqlayıb. Hesabat 2015-ci ildən üzü bəri dövrü əhatə edir.

Hesabatda qeyd edilir ki, nağd vəsaitlərin uçotuna nəzarət edilməməsi səbəbiylə auditlə əhatə olunan illərdə büdcədənkənar vəsaitlər üzrə daxilolmalar lazımı səviyyədə olmayıb.

Palata vurğulayır ki, bəzi hallarda yarım-stavka (0.5 stavka) ilə işləyən işçilərə tam vəzifə maaşı ödənilib, elmi dərəcələrə görə vəzifə maaşlarına əlavələr düzgün hesablanmayıb.

Üstəlik, bildirilir ki, bəzi mədəniyyət evləri üzrə ümumilikdə 30 ştat vahidi artıq saxlanılıb.

«Bütünlükdə 49 halda keçirilən satınalmalar üzrə müqavilələrdə nəzərdə tutulmayan malların alışı həyata keçirilib. Təşkilatlardan nağd qaydada təhvil götürülsə də, 42214 manat vəsait uçota alınmayıb. Təmir-tikinti işləri üzrə debitor borclar vaxtında bağlanmayıb, müqavilə şərtlərinə əməl edilməyib», - hesabatda vurğulanır.

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən hesabata hələlik münasibət almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG