Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 23:48

Palata Azad Rəhimovun nazirliyində nöqsanlar tapdığını bildirir


Azad Rəhimov

İdmançılara göstərilməli olan tibbi xidmətlərlə bağlı normativ sənədlərin hazırlanmadığı bildirilir.

Hesablama Palatası Gənclər və İdman Nazirliyində apardığı yoxlamalar zamanı pozuntular aşkarladığını qeyd edir.

Palatanın məlumatına görə, audit Gənclər və İdman Nazirliyinə büdcədən ayrılmış 37203,5 min manatı əhatə edib.

Araşdırmalar zamanı təqdim olunan büdcə proqnoz layihələrində nazirliyin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin tam qiymətləndirilmədiyinin üzə çıxdığı bildirilir.

Buna da bax: Palatadan əmlak vergisinə dair yeni təklif

Yayılan məlumata görə, müvafiq hesablamalar aparılmayıb, bəzi xərclər üzrə hesabat dövrünün icra rəqəmləri nəzərə alınmayıb.

«“Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və beynəlxalq kütləvi bədən tərbiyəsi tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və Normaları”nın tələbləri pozulub», – palatanın məlumatında bildirilir.

Bəzi hallarda vəsaitlərin normalarda nəzərdə tutulmayan istiqamətlərə yönləndirilib xərcləndiyi iddia edilir.

Palata hesab edir ki, nazirlik ölkə miqyaslı və beynəlxalq tədbirlərin sayını da düzgün proqnozlaşdırmayıb. Bu zaman Əmək Məcəlləsinin tələblərinin gözlənilmədiyi, qanunvericiliyin imkan verdiyindən artıq məzuniyyət və müavinət haqları ayrıldığı bildirilir.

Buna da bax: Prezidentin ehtiyat fondundan ayrılan pullar hara gedir? [video]

Üstəlik, qeyd edilir ki, staj dövründə olan işçilərə mükafat ödənilməsi halları da baş verib.

“Təsərrüfat hesablı olimpiya idman komplekslərinin işlək və texniki baxımdan yararlı vəziyyətdə saxlanılması məqsədilə ayrılmış maliyyə vəsaitlərinin hesabatları da qaydalara uyğun tərtib edilməyib.

İdmançılara göstərilməli olan müvafiq tibbi xidmətlər haqda normativ sənədlər də qaydasında hazırlanmayıb”, - məlumatda vurğulanır.

Palatanın məlumatında bildirilir ki, Gənclər və İdman Nazirliyi yol verilən nöqsanların əksər hissəsini audit dövründə aradan qaldırıb. Palata qərar verərkən bunu nəzərə alıb.

Qərar nazirliyə göndərilib. Müəyyən edilən nöqsanların qısa müddət ərzində aradan qaldırılması, nöqsanlara yol verən vəzifəli şəxslərin cəzalandırılması və görülən tədbirlər barədə palataya məlumat verilməsi istənilir

Auditin nəticələri barədə Milli Məclisə də məlumat təqdim edilib.

Palatanın bu hesabatına, hələlik, Gənclər və İdman Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG