Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:30

Vəkil: ‘İlqar Məmmədovla görüşdüm...’


İlqar Məmmədov

Bu gün, noyabrın 23-ü vəkil Fuad Ağayev 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan REAL Hərəkatının sədri İlqar Məmmədovla görüşüb.

Geniş açıqlama vermək fikrində olmadığını deyən vəkil müdafiə etdiyi şəxsin sağlıq durumunda və saxlanma şəraitində hər hansı dəyişiklik olmadığını bildirib.

Bundan əvvəl REAL Hərəkatı İlqar Məmmədova dolayı təzyiqlər olduğunu açıqlamışdı.

«REAL-ın sədri İlqar Məmmədova yaxın məhbuslara təzyiqlər var. Həmin məhbuslardan Renat Yusubov karserə (cərimə kamerası) salınıb. Buna etiraz olaraq Renat Yusubov aclıq elan edib və vəziyyəti ağırdır», - açıqlamada deyilirdi.

Buna da bax:​ 'Lotu Quli azadlığa buraxılırsa, İlqar Məmmədov niyə buraxılmasın?'

R.Yusubovun keçmiş hərbçi olduğu bildirilir. O, mənimsəmədə ittiham edilərək, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Vəkil Ağayev bildirib ki, noyabrın 23-ü Renat Yusubovla görüşmək istəsə də buna icazə verilməyib.

Təzyiqlər və Renat Yusubovun cərimə kamerasında aclıq aksiyası keçirməsi ilə bağlı deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Buna da bax:​ AŞPA Avropa Məhkəməsini İlqar Məmmədova görə tələsdirir

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) artıq onun iki şikayətini təmin edib. Məhkəmə 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. 2016-cı il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb.

Avropa Şurası Nazirlər Komitəsi oktyabrın 25-də qəbul etdiyi qərarda bildirib ki, Azərbaycanın Avropa Konvensiyasının 46.4 maddəsi ilə öhdəliyini yerinə yetirib-yetirməməsi məsələsi üzrə dekabrın 5-də AİHM-ə müraciət etmək niyyətindədir. Söhbət Avropa İnsan Hüquqları Məhkəməsinin İ.Məmmədovla bağlı qərarına Bakının əməl etməməsindən gedir. Qərarda həmçinin vurğulanır ki, Azərbaycan məsələ ilə bağlı öz mövqeyini ən geci noyabrın 29-na kimi bildirə bilər.

Nazirlər Komitəsi Azərbaycana qarşı Avropa Konvensiyasının 46 maddəsi ilə öz öhdəliyini yerinə yetirməmə məsələsini qaldıra bilər. Bu, Azərbaycana bir növ xəbərdarlıqdır. Növbəti addımlar hələ gələ bilər. Avropa Şurasının 68 illik tarixində hələ heç bir ölkəyə 46-cı maddə ilə öz öhdəliyini yerinə yetirməmə məsələsi tətbiq olunmayıb.

Baş verənlərin fonunda ötən həftə AİHM İ.Məmmədovla bağlı ikinci qərarını elan edib. Bu qərar da İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilməsi ilə bağlıdır. Vəkillər bu iş üzrə İ.Məmmədovun Avropa Konvensiyasında nəzərdə tutulan 5 təməl hüququnun pozulduğunu iddia edirdilər. Bundan başqa İ.Məmmədova maddi zərər əvəzi 95 min, mənəvi zərərə görə 150 min, hüquqi məsrəflərdən ötrü də 10 min 200 avro ödənilməsi istənilirdi. AİHM isə İ.Məmmədovun yalnız ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb. Maddi tələblərə gəlincə, məhkəmə hesab edib ki, İ.Məmmədova ümumilikdə 10 min avro təzminat ödənilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG