Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 10:20

Kənd təsərrüfatında ixrac imkanları, manata təzyiqin artacağı ilə bağlı gözləntilər və Mərkəzi Bankın inflyasiyaya aid vədi medianın aparıcı mövzularındandır...

DOLLARA TƏLƏBAT ARTACAQ

«Bizim Yol» qəzetində «Manatla bağlı bədbin proqnoz» sərlövhəli yazı oxumaq olar.

Qəzet ekspert Vüqar Bayramovun Azərbaycana qonşu ölkələrdə dolların bahalaşması və bunun manata iqtisadi-psixoloji təsirləri ilə bağlı düşüncələrinə yer verib.

V.Bayramov deyib ki, qonşu ölkələrdə yenidən dolların milli valyutalara təzyiqinin artması müşahidə edilir. Ekspert vurğulayıb ki, Türkiyədə son günlər 1 dollar almaqdan ötrü 4 lirəyə yaxın pul ödəmək lazımdır. Təkcə son bir ay ərzində lirə dollara nisbətən 8 faizdən çox dəyər itirib.

V.Bayramov bu prosesin Rusiyada da getdiyini, son bir ayda rublun dollara nisbətdə 4 faizə yaxın gerilədiyini söyləyib. Onun bildirməsinə görə, Gürcüstanda isə lari 3 faizə yaxın dəyər itirib.

İqtisadçı deyib ki, Türkiyə və Rusiyada milli valyutaların məzənnəsinin dəyişməsi manata birbaşa olmasa da dolayı təsir edir:

«Söhbət həm iqtisadi, həm də psixoloji təsirlərdən gedir. Belə ki, bu ilin doqquz ayında 1.07 milyard dollarlıq qeyri-neft ixracatımızın 223 milyon dolları Türkiyənin payına düşür. Türkiyə qeyri-neft ixracatımızda 336 milyon dollar paya malik olan Rusiyadan sonra ikincidir».

İqtisadçı vurğulayıb ki, Azərbaycan və Türkiyə arasında illik ticarət dövriyyəsi 2 milyard 315 milyon, Rusiya ilə isə 2.05 milyard dollar təşkil edir. Bu, üst-üstə Azərbaycan xarici ticarətinin 25 faizi deməkdir.

Ekspert deyib ki, həmin ölkələrdə idxal məhsullarının bahalanması müşahidə ediləcək:

«Bütün bunların fonunda öncədən də proqnozlaşdırdığımız kimi, dekabrda dollara tələbin artacağı gözlənilir».

V.Bayramov vurğulayıb ki, bankların xarici borc öhdəlikləri, idxalın artması, bayramlar və ilin sonu olması dollara tələbatı artırır. Üstəlik, Federal Ehtiyat Sisteminin (FED) qərarı da manata təzyiqi artıra bilər.

Qubad İbadoğlu
Qubad İbadoğlu

HÖKUMƏT GƏLƏN İL İNFLYASİYANIN QARŞISINI ALA BİLƏCƏKMİ

Azadliq.info saytında «Gələn il manatın məzənnəsi və inflyasiya səviyyəsi necə olacaq?» sualına cavab axtarılır. Bu yazıda da iqtisadçı Qubad İbadoğlunun təhlilləri yer alıb.

Yazıda bildirilir ki, Milli Bankın rəhbəri Elman Rüstəmov parlamentdə büdcə müzakirəsi zamanı söz verib ki, 2018-ci ildə inflyasiya səviyyəsinin 6 faizədək azaldılmasından ötrü hökumətlə sıx işləyəcəklər:

«Elman Rüstəmovun bu açıqlaması reallaşa bilər, o halda ki, gələn il manatın məzənnəsi sabit qalmaqda və ya möhkəmlənməkdə davam edərsə. Enerjidaşıyıcıların, kommunal xidmətlərin və nəqliyyatda, xüsusilə də metroda gediş haqlarının tariflərində bahalaşma baş verməzsə, inflyasiyanı cilovlamaq mümkündür. Həm də onu da nəzərə almaq lazımdır ki, inflyasiya baza ilinə nisbətdə qiymətlərin dəyişməsi və artması deməkdir. Baza ili olaraq da bu il götürülür».

İqtisadçı vurğulayıb ki, bu ilin 10 ayı ərzində Azərbaycanda orta illik inflyasiya onsuz da yüksək olub. 13.7 faiz təşkil edib:

«Belə olan halda da əvvəlki ildə qiymətlər nə qədər çox bahalaşsa, ondan sonrakı ildə artım tempi ona nisbətdə bir o qədər az ola bilər. Artıq ikinci ildir ki, istehlak bazarında ardıcıl olaraq ikirəqəmli inflyasiya müşahidə olunur. Güman edirəm ki, növbəti il inflyasiyanı birrəqəmli səviyyəyə endirmək çox da çətin olmayacaq».

İ.Əliyev Sabirabadda pambıq tarlasında
İ.Əliyev Sabirabadda pambıq tarlasında

İXRAC İMKANLARI ARTIR

«Azərbaycan» qəzetində «Kənd təsərrüfatının ixrac imkanları artır» sərlövhəli yazı dərc edilib.

Yazıda 2016-cı ilin dekabrında prezident İlham Əliyevin imzaladığı «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsi» xatırladılır. Müəllif yazır ki, həmin sənəddə kənd təsərrüfatı məhsullarının istehsalı və emalının təminindən ötrü 9 strateji hədəf, 36 prioritet istiqamət müəyyən olunub. Bunda məqsəd islahatlar sayəsində istehsal edilən məhsulun keyfiyyət və həcmini artırmaqdır.

Yazıda vurğulanır ki, ölkədə kənd təsərrüfatı məhsullarının emalı sahəsində istehsalçıların əksəriyyəti kiçik müəssisələr kateqoriyasına aiddir. Amma son dövrlərdə iri müəssisələrin məhsul emalında gücü getdikcə artır:

«Onlar ölkənin müvafiq sahələr üzrə istehsal və ixrac potensialını gücləndirməyi təmin etsələr də, bazarda rəqabətlə tam ayaqlaşa bilmirlər. Elə «Strateji Yol Xəritəsi»ndə məhz kiçik və orta emal müəssisələri şəbəkəsinin yaradılması ilə bağlı müvafiq stimullaşdırılma tədbirlərinin nəzərdə tutulması da bununla bağlıdır».

Yazıda bildirilir ki, ölkədə pambıqçılıq, baramaçılıq, tütünçülük, üzümçülük, çayçılıq və başqa sahələrin yeni inkişaf mərhələsinə qədəm qoyması həm də emal sənayesinin inkişafına yeni təkan olacaq. Müəllifin fikrincə, baramaçılığın perspektiv istehsal həcmi «Şəki İpək» Açıq Səhmdar Cəmiyyətinin indiki imkanlarından yüksəkdir və bu kombinat 3 min ton barama emalına hazır deyil. Ona görə də yeni ipək kombinatının tikilməsi gündəmə gəlib.

Yazıda vurğulanır ki, pambıqçılığın inkişafı da bu sahədə məhsul istehsal edən müəssisələrin yaradılmasını tələb edir. Müəllifə görə, bu mənada Mingəçevir Texnologiyalar Parkında fəaliyyət göstərəcək müəssisələrin əsas işi xammalı son məhsula çevirmək olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG