Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 15:08

XİN: ‘Ermənistan ‘dəvəquşu siyasəti’nə son qoymalıdır’


Hikmət Hacıyev

“Azərbaycanla Ermənistan prezidentlərinin oktyabrın 16-da Cenevrədə keçirilmiş görüşündən sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin danışıqları substantiv və intensiv şəkildə aparması qarşı tərəfi ciddi şəkildə narahat edir”.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın rusiyalı həmkarı Serqey Lavrovla keçirdiyi mətbuat konfransında səsləndirdiyi bəyanatları şərh edərkən belə deyib.

O, E. Nalbandyanı daim danışıqları imitasiya etməkdə, diqqəti əsas hədəfdən yayındırmağa çalışmaqda ittiham edib:

“Ermənistan xarici işlər naziri BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələrinə münasibətdə “dəvəquşu siyasəti”ni davam etdirir.

Buna da bax:​ Rusiya silah almaq üçün Ermənistana 100 milyon dollarlıq yeni kredit verir

BMT Təhlükəsizlik Şurası qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Bu qətnamələr icra edilməyənə qədər aktualdır və gündəmdədir. Heç bir dövlətə BMT TŞ-nın qətnamələrini təhrif etmək və ya onların rolunu aşağı salmağa səlahiyyət verilməyib”, – o, qeyd edib.

Mətbuat xidmətinin rəhbəri BMT səviyyəsində qəbul edilmiş sənədlərin təhrif olunduğunu deyib.

“Azərbaycan BMT TŞ-nın qətnamələri, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan real faktlarla çıxış edir. Ermənistanın istəyindən asılı olmayaraq, beynəlxalq ictimaiyyət Azərbaycanın ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəkləyir. ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə münaqişənin tezliklə həll olunması və regionda davamlı sülhün təmin olunması üçün danışıqlar aparılır”.

H.Hacıyevin fikrincə, Ermənistan tərəfi reallığı anlamalı və “dəvəquşu siyasəti”nə son qoymalıdır.

“Hamı bilməlidir ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tam şəkildə təmin edəcəkdir”, - o qeyd edib.

Xatirlatma

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan rusiyalı həmkarı ilə noyabrın 21-də Yerevanda keçirilən birgə mətbuat konfransında deyib ki, Azərbaycan əldə olunan razılaşmalardan kənara çəkilir və danışıqları əsas prinsiplər üzrə aparmaq istəmir. O, Bakını 2011-ci ildən başlayaraq yüksək səviyyədə qəbul edilmiş razılaşmaları yerinə yetirməməkdə ittiham edib.

"Kazan, Soçi, Sankt-Peterburq, Vyana və digər yerlərdə konkret razılaşmaya nail olduq. Ancaq Bakıya döndükdən sonra Azərbaycan tərəfi öz sözlərindən imtina etdi", - o vurğulayıb.

Edvard Nalbandyan, həmçinin, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini Ermənistanın yerinə yetirilməməsi ilə bağlı Bakının ittihamlarını qəbul etməyib.

"Qətnamələr hərbi əməliyyatların dayandırılması məqsədilə qəbil edilib, ancaq hər dəfə Bakı onların icrasını pozub", - o bildirib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycanın işğal edilən rayonlarının qeyd və şərtsiz boşaldılması ilə bağlı 4 qətnamə qəbul edib. Qətnamələr yerinə yetirilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG