Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:17

Zimbabvenin prezidenti Mnangagwa olacaq


Robert Mugabe-nin portretləri götürülür
Robert Mugabe-nin portretləri götürülür

Zimbabvenin keçmiş vitse-prezidenti Emmerson Mnangagwa cümə günü – noyabrın 24-də prezident andı içəcək. 37 il bu vəzifədə olmuş Robert Mugabe dünən – noyabrın 21-də istefa verib.

ZBC dövlət televiziyası bildirir ki, iki həftə öncə Mugabe-nin işdən çıxardığı Mnangagwa yerli vaxtla axşam 6-da paytaxt Hararedəki Manyame bazasına enəcək.

Mnangagwa-nın işdən çıxarılması ordunu hərəkətə gətirdi və Mugabe-nin vəzifədən kənarlaşdırılmasıyla sonuclandı. 93 yaşlı Mugabe ölkə 1980-ci ildə Böyük Britaniyadan müstəqillik əldə edəndən rəhbər postunda idi.

MÜSBƏT DƏYİŞİKLİK

Reuters” agentliyi yazır ki, Mugabe-nin istefa xəbərini əhali toy-bayram edib. Bəziləri Mnangagwa-nın və ordu generalı Constantino Chiwenga-nın portretlərini qaldırıb.

Mugabe dövründə Zimbabve nisbi rifahdan iqtisadi çöküşə sürüklənib, ağdərililərin fermer sahələri zorla əllərindən alınıb, ölkədə hiperinflyasiya yaranıb.

Emmerson Mnangagwa
Emmerson Mnangagwa

İnsan haqları pozuntularıyla bağlı iddialar və seçki pozuntuları Qərbi 2000-ci illərin əvvəlində sanksiyalar qoymağa vadar edib ki, bu da iqtisadi problemləri daha da dərinləşdirib.

Çinin yatırımları ölkəni nisbətən böhrandan çıxarsa da, Zimbabvenin 16 milyonluq əhalisinin çoxu kasıbdır, xroniki valyuta çatışmazlığı və yüksək işsizlik hökm sürür.

“Reuters” yazır ki, Mnangagwa iqtisadi böhranı durdura, gələn il təmiz seçki keçirə və Qərb ölkələrinin dəstəyini qazana bilsə, ölkəyə yenidən investisiya axar.

“Mugabe-dən Mnangagwa-ya keçid böyük və müsbət dəyişiklik deməkdir, Zimbabveni xarici sərmayə radarına qaytara bilər”, – Exotix Capital bankının şöbə müdiri Hasnain Malik agentliyə bildirib.

Zimbabvedə böyük bazar inqrediyentlərinin çoxu var: insan kapitalı, infrastruktur, təbii ehtiyatlar və diaspor”, – o, sözlərinə əlavə edib.

QARANLIQ KEÇMİŞ

Ancaq Mnangagwa-nın nə dərəcədə islahatçı olacağına da şübhələr mövcuddur. Əhalinin böyük bir kəsimi Mugabe kimi ona da düşmən kimi baxır, axı, Mnangagwa da repressiyalarda iştirakda suçlanır.

Mnangagwa 1980-ci illərin ortalarında daxili təhlükəsizliyin rəhbəri olub. O zaman Mugabe üsyançılara qarşı Şimali Koreyada təlim görmüş briqadadan istifadə edib. İnsan haqları qrupları 20 minədək adamın öldürüldüyünü bildirir.

Qaranlıq keçmiş yoxa çıxan deyil. Onlar onu ayaqqabısının altına yapışmış saqqız kimi izləyəcək”, – Beynəlxalq Böhran qrupunun Cənubi Afrika üzrə baş məsləhətçisi Piers Pigou deyib.

O zaman düzgün olanı edər ki, ZANU-PF partiyasının hakimiyyət strukturunu dibindən sarsıdan siyasət həyata keçirsin. Bunu əsl siyasi plüralizmə keçid, partiyayla dövləti ayırmaqla gerçəkləşdirə bilər”, – analitik bildirib.

“Ngwena”, yaxud timsah ləqəbli Mnangagwa dünən – noyabrın 21-də gizləndiyi yerdən bəyanat verərək zimbabveliləri ölkəni yenidən qurmaq uğrunda birləşməyə çağırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG