Rusiyanın Federasiya Şurası hökumətə xaricdən maliyyələşən medianı “xarici agent” adlandırmağa və ona sanksiya qoymağa imkan verən qanunvericilik dəyişikliklərini yekdilliklə qəbul edib.
Bu qanunvericiliyin qüvvəyə minməsi üçün onu Prezident Vladimir Putin-in imzalaması qalır.
“TƏNQİD NƏZƏRƏ ALINIB”
Federasiya Şurasının rəhbəri Valentina Metviyenko deyib ki, deputatlar prezident yanında insan haqları şurasının tənqidini nəzərə alıblar. Şura dəyişiklikləri qüsurlu adlandırmış, onu təkrar baxılmaqdan ötrü aşağı palataya göndərməyə çağırmışdı.
Dövlət Duması qanunu noyabrın 15-də yekdilliklə qəbul etdi. Rusiya Ədliyyə Nazirliyi ABŞ-dan maliyyələşən qurumlara qanunvericiliyin təsirinə məruz qalacaqları barədə xəbərdarlıq edib.
*** Buna da bax: ABŞ səfiri AzadlıqRadiosunun Moskva bürosunda olub
Xəbərdarlıq məktubunda hansı qadağaların tətbiq olunacağı bildirilməsə də, deputatların deməsinə görə, “xarici agent” adlandırılan media maliyyə mənbəyini detalı açıqlamaq, həmçinin dərc edilən materialın xarici agentdən gəldiyini bildirmək tələbləriylə üzləşə bilər.
Ədliyyə Nazirliyinin siyahısına Amerikanın səsi, CNN, Almaniyanın Deutsche Welle yayımçısı da daxildir.
Rusiyalı deputatlar deyirlər ki, bu qanun Rusiyanın RT televiziya şəbəkəsinin ABŞ-da xarici agent kimi qeydiyyata alınmasıyla bağlı Vaşinqtonun xahişinə cavabdır. RT artıq qeydiyyatdan keçib və ABŞ qanunvericiliyinə uyğun olaraq maliyyə informasiyasını açıqlamalıdır.
REAKSİYALAR
Media azadlığı və insan haqları qrupları həm Rusiya qanunvericiliyini, həm də ABŞ-ın RT-yə tələbini tənqid ediblər.
Amnesty International beynəlxalq insan haqları qrupu bu qanunvericiliyi Rusiyada media azadlığına “ciddi zərbə” adlandırıb. Ancaq Rusiya rəsmiləri dəyişikliklərin yerli mediaya aid edilməyəcəyini vurğulayıblar.
*** Buna da bax: RT ABŞ-da xarici agent kimi qeydiyyatdan keçdiyini deyir
AzadAvropa/AzadlıqRadiosu noyabrın 15-də verdiyi bəyanatda deyib ki, “RT və Sputnik ABŞ-da azad şəkildə yayılır, AzadAvropa/AzadlıqRadiosu isə administrativ təzyiqlər sonucunda yayım tərəfdaşlarını itirib, kabelə də çıxışı yoxdur. AzadAvropa/AzadlıqRadiosu-nun reportyorları Rusiyada qısnamaya və fiziki hücuma məruz qalırlar, RT-nin reportyorları isə ABŞ-da bu cür təhdidlə üzləşmirlər”.
“AzadAvropa/AzadlıqRadiosu-nun işi Rusiya da daxil olmaqla, bütün dünyada rusdilli izləyicilərimizi dəqiq və obyektiv jurnalistikayla təmin etməkdir. Jurnalist işimizi davam etdirəcəyimiz gözləyirik”, – Radionun bəyanatında deyilirdi.
ABŞ-ın Rusiyadakl səfiri Jon Huntsman noyabrın 17-də AzadAvropa/AzadlıqRadiosunun və Amerikanın Səsi-nin Moskva bürosunda olub. O, qanunvericiliyin Birləşmiş Ştatlar üçün “böyük narahatlıq” yaratdığını dilə gətirib.
“Biz sadəcə düşünürük ki, istənilən azad cəmiyyət və demokratiyada azad media prinsipləri güc və rifah üçün çox vacibdir. Söz azadlığı da onun bir hissəsidir”, – səfir söyləyib.
Prezident Putin-in Dumadakı təmsilçisi noyabrın 15-də demişdi ki, administrasiya qanunvericiliyi dəstəkləyir.