Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:13

'Azərbaycan Avrasiya İttifaqı və Qərb arasında'-Media icmalı


İ.Əliyev və V.Putin

2018-ci il üzrə dövlət büdcəsi layihəsi, neft hasilatının azalması və Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri medianın aparıcı mövzularındandır...

«AVRASİYA İTTİFAQI AZƏRBAYCAN ÜÇÜN BATAQLIQ DEMƏKDİR»

Azadliq.info saytında «Avrasiya İttifaqı Azərbaycana nə verə bilər?» sualına cavab axtarılır.

Yazıda bildirilir ki, bu günlərdə Azərbaycanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrovun «ADA» Universitetindəki çıxışı bu sualı yenidən gündəmə gətirib:

«Deməli, Lavrov Qərbi hədəf seçdikdən, Qarabağ məsələsinə toxunduqdan sonra çıxışının «mustafa»sında bildirib ki, Azərbaycanı Avrasiya İttifaqında görməkdən məmnun olardıq. Bəli, bildirib ki, Avrasiya İttifaqı açıq inteqrasiya ittifaqıdır».

Müəllif hesab edir ki, Qarabağ münaqişəsinin ədalətli həllinə əngəl törədən Rusiyadır. Onun fikrincə, Rusiya Azərbaycanı təsir dairəsində saxlamaqdan ötrü heç zaman münaqişənin ədalətli həll variantına imza atmayacaq:

«Faktiki olaraq Ermənistan 25 ildir ki, Azərbaycanın 20 faiz ərazisini Rusiyanın zəmanətiylə əldə saxlayır. Yəni, məsələnin siyasi tərəfi şəffaf şəkildə görünür. Azərbaycan hökumətinin Rusiyanın maraqlarına uyğun siyasətinin heç bir dövlət əhəmiyyətinin olmadığı aksiomadır».

Yazıda bildirilir ki, ancaq məsələnin iqtisadi tərəfi də var.

Müəllif daha sonra belə bir sualı gündəmə daşıyır: Görəsən, Avrasiya İttifaqına təşrif buyurmaq Azərbaycanın cibinə nə qoyacaq?

Yazıda bildirilir ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin yalnız 13 faizi MDB ölkələrinin payına düşür. Azərbaycana investisiya qoyuluşunun, idxalın böyük hissəsi Qərb ölkələrinin payına düşür:

«Avrasiya İttifaqı isə Azərbaycan üçün bataqlıq deməkdir. Rusiyanın son illərdəki iqtisadi vəziyyəti onu deməyə əsas verir ki, bu ölkənin özünün ciddi problemləri var və Rusiya Azərbaycanın əlindən tutub qaldırmaq iqtidarında deyil».

Yanacaqdoldurma məntəqəsi
Yanacaqdoldurma məntəqəsi

AZALAN HASİLAT VƏ Aİ-92-NİN BAHALANMA EHTİMALI

«Novoye Vremya» qəzetində «Neft sahəsi qeyri-sabit qalmaqdadır» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, bu günlərdə ölkədə Aİ-95 və Aİ-98 markalı benzinlər bahalanıb. Müəllifin fikrincə, bundan sonra ölkədə ən kütləvi istehlak edilən Aİ-92 markalı benzinin də qiymətinin artma ehtimalı ilə bağlı müəyyən narahatlıq var.

Yazıda vurğulanır ki, ölkədə neft hasilatı da azalmaqdadır:

«Bu azalma heç də OPEC-ə daxil olan və daxil olmayan bəzi ölkələrin hasilatın azalması qərarı ilə bağlı deyil».

Yazıda bildirilir ki, ölkədə neft hasilatının enməsinin səbəblərindən biri də köhnəlmiş avadanlıqlardan istifadə olunmasıdır.

Müəllifə görə, ölkədə daha bir narahatlıq doğuran məsələ qeyri-neft sahəsinin yüksək nəticələr göstərməməsidir. Baxmayaraq ki, ÜDM-də bu sahənin payının artdığı göstərilir:

«Qeyri-neft sektorunun 3-4 faiz artımı iqtisadiyyatın bu sahəsində vəziyyətin köklü şəkildə dəyişməsi demək deyil. Odur ki, bu sahəyə xarici sərmayə yatırılması vacibdir. Hələlik daxili sərmayə bu sahə üçün yetərli deyil və buna görə də neft hasilatının azalması daha çox narahatlıq yaradır».

Müəllif OPEC-in dünyada neftin qiymətinin artırılmasından ötrü hasilatın azaldılması ilə bağlı sazişinə də toxunur. Yazıda vurğulanır ki, indiki halda hasilatı əhəmiyyətli şəkildə azaltmaq yolverilən deyil.

Müəllifə görə, neftin qiyməti yenidən ucuzlaşsa, bu, çox ağır nəticələr doğura bilər.

Milli Məclis
Milli Məclis

ƏSAS İNKİŞAF STRATEGİYASI

«Azərbaycan» qəzetində «Cənubi Qafqazın ən böyük büdcəsi» sərlövhəli yazıda ölkənin 2018-ci il üzrə büdcəsi dəyərləndirilir.

Müəllif yazır ki, hər il uğurla tərtib olunan dövlət büdcəsi ölkənin milli maraqlarına və iqtisadi təhlükəsizliyinə cavab verir. Sənəddə iqtisadiyyatdakı pozitiv meyllər və dünya maliyyə bazarındakı neqativlər də nəzərə alınır:

«Ona görə büdcə gəlirlərinin formalaşması ilə bağlı Azərbaycan iqtisadiyyatında heç bir problem yaranmır. Bu baxımdan ölkənin 2018-ci il büdcəsi də təqdirəlayiqdir».

Müəllif xatırladır ki, gələn ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan sənədlər parlament komitələrinin birgə iclaslarından keçib. İndi isə plenar iclasda müzakirəsi gözlənilir.

Yazıda vurğulanır ki, büdcə layihəsi hazırlanarkən ölkəiçi sosial-iqtisadi durum və dünya iqtisadiyyatındakı tənəzzül, beynəlxalq maliyyə bazarındakı böhran nəzərə alınıb. Yarana biləcək risklərin ölkə iqtisadiyyatına mənfi təsirinin neytrallaşdırılması təhlil edilib.

Müəllif yazır ki, layihə tərtib edilərkən İqtisadiyyat Nazirliyinin 2018-2021-ci illər üzrə makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən gələn il ÜDM-in 1.5 faizlik artacağı ilə bağlı gözləntilər əsas kimi qəbul edilib. 1 barrel xam neftin satış qiyməti 45 ABŞ dollar səviyyəsində qəbul edilib.

Yazıda bildirilir ki, növbəti il dövlət büdcəsinin gəlirləri 20 mlrd. 127 mln. manat, xərcləri isə 20 mlrd. 905.7 mln. manat təşkil edir.

Müəllifə görə, dövlət büdcəsinin xərclərinin tərtibi zamanı ölkənin uzunmüddətli sosial-iqtisadi inkişafının prioritet istiqamətləri də nəzərə alınıb.

Yazıda vurğulanır ki, bu layihə Cənubu Qafqazın ən böyük büdcəsidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG