Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:53

İran Ərəb Liqasının ittihamlarını rədd edir


İran XİN-in sözçüsü Bəhram Qasemi
İran XİN-in sözçüsü Bəhram Qasemi

İran, Ərəb Liqasının Tehranı və onun Livandakı müttəfiqi – Hizbullah şiə qruplaşmasını regionu sabitsizləşdirməkdə ittiham edən bəyannaməsini “yalan dolu” sənəd kimi rədd edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qaseminin noyabrın 20-də səsləndirdiyi bu bəyanatdan bir gün əvvəl Ərəb Liqasının xarici işlər nazirləri İranı ərəb ölkələrinə qarşı “təcavüzdə” ittiham etmiş və bu məsələni BMT Təhlükəsizlik Şurasında qaldıracaqları ilə hədələmişdilər.

AzadlıqRadiosu bildirir ki, Ərəb Liqasının bəyanatı sünni Səudiyyə və şiə İran arasında Livan və Yəməndəki münaqişəyə görə gərginliyin artdığı bir vaxta təsadüf edib.

Qasemi belə bir fikir irəli sürüb ki, Ərəb Liqasının bəyanatı Səudiyyə Ərəbistanının “təzyiq və təbliğatının” məhsuludur.

İran XİN-in sözçüsü daha sonra Riyadı onun təbirincə deyilsə, Yəməndəki təcavüzün dayandırılmasına çağırıb. Burada üç ildir ki, davam edən müharibədə Səudiyyə koalisiyası, hökumətə İranın dəstəklədiyi huti qiyamçılarına qarşı mübarizədə yardım göstərir.

Sözçü habelə Livan və Qətər üzərinə təzyiqlərə son qoyulmasına çağırıb.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb ölkələrin koalisiyası Qətərin İranla yaxın əlaqələrinə görə bu ölkə ilə diplomatik münasibətlərini kəsib.

Ərəb Liqası noyabrın 19-da keçirilən yığıncağında Tehranı ərəblərə qarşı "təcavüzdə" ittiham edib
Ərəb Liqası noyabrın 19-da keçirilən yığıncağında Tehranı ərəblərə qarşı "təcavüzdə" ittiham edib

Livanın baş naziri və Səudiyyənin müttəfiqi Saad Həriri noyabrın 4-də gözlənilmədən istefa verib, lakin bu istefada İranı günahlandırıb. Həriri iddia edib ki, İran və Hizbullah onun həyatına sui-qəsd hazırlayıblar.

Hizbullah Livanda rəqib fraksiyalardan ibarət hökumət koalisiyasının üzvü və prezident Michel Aoun-un müttəfiqidir. Prezident Həririnin istefasını qəbul etməyib və bəyan edib ki, Səudiyyə baş naziri onun iradəsinin xilafına zorla Riyadda saxlayır.

Fransanın məsələyə müdaxiləsindən sonra Həriri Fransaya qaçıb və bildirib ki, yaxın günlərdə Beyruta qayıdacaq.

Prezident Aoun da Ərəb Liqasının Hizbullahı ittiham edən bəyanatını rədd edib.

Livan prezidenti noyabrın 20-də hökumətin “terrorçu aktlarda şərikliyinə” dair ittihamları rədd edib və bildirib ki, Livan özünü İsraildən müdafiə etmək hüququna malikdir.

Ərəb Liqası habelə bu yaxınlarda Riyada raket hücumu cəhdini “qətiyyətlə pisləyib” və bildirib ki, bu, krallığa və ərəb milli təhlükəsizliyinə qarşı “açıq təcavüz” olub.

Liqa habelə bəyan edib ki, Səudiyyə Ərəbistanı öz ərazisini müdafiə etmək haqqına malikdir və təşkilat onun “İranın pozuculuğuna” qarşı atdığı bütün leqal addımlarını dəstəkləyəcək.

Səudlar Yəməndən atılan raketi noyabrın 4-də qeydə aldıqlarını bildirirlər.

Səudiyyə və onun müttəfiqləri İranı Yəməndəki şiə huti qiyamçılarını silahlarla təchiz etməkdə günahlandırırlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG